Tam və qəti qələbə çalacağıq

Nə yarımçıq müharibə, nə də yarımçıq sülhlə barışacağıq

“Yenilməz Azərbaycan Ordusunun ağıllı və dəqiq həmlələrinə tab gətirməyən mənfur düşmən təxribatlar törətmək üçün müxtəlif vasitələr axtarır”. Bu sözləri tanınmış iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbəri Qubad İbadoğlu deyib. Hərəkat sədrinin sözlərinə görə, daxili təhlükəsizliyin təminatı üçün hər kəsdən gözüaçıq və diqqətli olmaq tələb olunur:

“Vətən müharibəsindən ən azı iki nəticə çıxartmalıyıq. Qarabağı işğalçılardan azad etməli, xalq olaraq bütünləşməli, mücadiləmizi sonadək davam etdirməliyik.

Biz, Dağlıq Qarabağa yüksək statusu müharibədən əvvəl, sülh şəraiti ücün təklif edirdik. Müzəffər ordumuzun qalibiyyət yürüşünü sonadək davam etdirib, qalib xalq kimi söz sahibiynə çevriləndən sonra Dağlıq Qarabağa ən yaxşı halda 1989-cu ilə qədərki statusa bənzər status verə bilərik.

Biz, “sülhməramlılar” adı ilə rus və digər ölkələrin hərbi qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsinə əsla yol vermərik. Tarixi ədalətin, beynəlxalq hüququn, ərazi bütövlüyünün bərpa olunması üçün sonadək mübarizə aparacağıq”. 

Q.İbadoğlu vurğulayıb ki, hətta Qərbdən sanksiyalar tətbiq olunsa, Rusiya müharibə elan etsə belə bu müqqəddəs və haqq mübazirəmizdən geri dönməyəcəyik:

“Tam və qəti qələbə çalacağıq, nə yarımçıq müharibə, nə də yarımçıq sülhlə barışmaq fikrimiz yoxdur. Məzarlarda uyuyan şəhidlərin ruhunu şad etmək üçün onların ailələrinə daimi qayğı göstərəcəyik. Vətən fədailərini heç vaxt unutmayacağıq, həmişə ehtiramla, heyranlıqla və həsrətlə yad edəcəyik. Bu da Azərbaycan xalqının baza prinsipləridir”.