Ehtiyatda olan polkovnikdən müjdə: “Bir-iki günə yenə sevinəcəyik”

“Azərbaycan Silahlı Qüvvələri düşməni torpaqlarımızdan rədd edəcək. Ermənilər mütləq ağ bayraq qaldıracaqlar” 

Tanınmış ifaçı Azərinin “Çırpınırdın Qara dəniz” mahnısını, yəqin, çoxları dinləyib. Mahnıdakı “Azərbaycan bayrağını Qarabağdan asacağıq!” sözlərini eşidəndə qeyri-iradi tutulmuş, kövrəlmiş və səsimiz titrəyə-titrəyə “inşallah” demişik. O misra illərlə bizə təsəlli, işğal altındakı torpaqlarımızın azadlığına ümid olub. Həmin günü intizarla gözləmişik. Nəhayət, həsrət bitdi- o gün gəlib çatdı. Bu gün Azərbaycan bayrağını Qarabağdan asdığımız gündür!

 Cəbhədən ard-arda  şad xəbərlər gəlməkdədir. Hər gün yeni bir qələbəyə sevinirik. Dünən Xudafərin körpüsünün, bu gün isə Cəbrayılın daha 13 kəndinin ordumuzun nəzarəti altına keçməsi bizi Dağlıq Qarabağa yaxınlaşdıran növbəti addımlardır.



Ehtiyatda olan polkovnik Elxan Qəniyəv “Sherg.az”a açıqlamasında ordumuzun uğurlarını belə şərh edib: 

“Qələbə bizimlədir. Buna şübhəniz olmasın. Hələ bir-iki günə daha şad xəbərlər gələcək. Biz daha böyük qələbələrə- Şuşanın, Laçının azad olunmasına sevinəcəyik. Azərbaycan Silahlı Qüvvələri düşməni torpaqlarımızdan rədd edəcək. Ermənilər mütləq ağ bayraq qaldıracaqlar”.