Ekspertdən XƏBƏRDARLIQ! – “İş yerlərinizdən foto və video paylaşmayın !” – Təhlükə ! 

“Hərbi vəziyyət dövründə insanların maksimum şəkildə diqqətli olması vacibdir”

“Şübhəli şəxs və ya əşya gördükdə dərhal aidiyyəti qurumlara məlumat vermək lazımdır”


Ölkəmizdə hərbi vəziyyətin elan olunduğu bir dövrdə hər birimiz ayıq- sayıq olmalıyıq. Əlbəttə, dövlətimiz indiki məqamda da vətəndaşların sağlamlığının qorunması istiqamətində ciddi işlər görür. Amma Ermənistan rəhbərliyinin xisləti bəllidir. Xalqımız bu günə qədər mənfur düşmənin çoxsaylı terror aktı və təxibatları ilə üzləşib. Ordumuzun hər gün yeni uğurlar qazanması erməniləri daha da azğınlaşdırır. Düşmən hər zaman olduğu kimi dinc əhalini qətlə yetirməklə iyrənc xislətini ortaya qoymaqdan çəkinmir.


Hazırda insanların kütləvi olduğu yerlərdə terror təhlükəsi qaçılmazdır. İctimai nəqliyyatlarda, iri ticarət obyektlərində əhalinin diqqətli olması lazımdır. Bu sahədə dərin təbliğatların aparılmasına da ehtiyac var.

Təhlüksizlik üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a hərbi vəziyyət dövründə diqqət yetirilməli olan məqamlardan danışıb.
Ekspert bildirib ki, bu dövrdə strateji yerlərdə işləyən şəxslər ofisdən foto və video paylaşmasalar, yaxşı olar:

“Vətəndaşlar hər hansı bir məlumatı tanımadıqları şəxslərlə bölüşməli deyil. Hərbi vəziyyət dövründə insanların maksimum şəkildə diqqətli olması vacibdir. Şübhəli şəxs və ya əşya gördükdə dərhal aidiyyəti qurumlara məlumat vermək lazımdır. Həmin qurumlar gələnə qədər digər şəxslərin də əşyaya toxunmamasını təmin etmək lazımdır. Şübhəli şəxslər gördükdə isə onların üz cizgilərinə, üzündə hansısa xal və ya ləkənin olub-olmamasına, geyiminə diqqət yetirmək vacibdir”.

E.Nurəliyev vurğulayıb ki, insanların diqqət yetirməli olduqları məqamlardan biri xarici jurnalist və bloqerlərlə söhbət zamanı onlara ordumuza aid informasiyanı verməməkdir:

“Komendant saatının tələbinə ciddi riayət etmək lazımdır. İnsanlar iş yerlərində hansısa foto və video paylaşmalı deyil. Yaxud da iş yerlərini sosial şəbəkələrdə “taq”, yəni işarə etməsinlər. Vətəndaşların panikaya qapılmasına ehtiyac yoxdur. Ordumuz Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində şücaət göstərir”.