“Yeni yoluxmalara yol açmamaq üçün məsuliyyətli olmalıyıq” – Həkim 

“Dövlətin qoyduğu qaydalara şərtsiz əməl edilməlidir”

 “Yalnız bundan sonra yoluxma sayı minimuma endikdə, normal həyata tam olaraq qayıda biləcəyik”

“Unutmayaq ki, dövlət tərəfindən atılan bütün lazımi addımlar vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçündür”


Ölkəmizdə koronavirusa yoluxanların sayında artım müşahidə edilir. Yoluxma və sağalma halları arasında əldə olunmuş müsbət dinamika dəyişib, sanitar-epidemioloji durum getdikcə pisləşir. Məsələn, elə bu gün 331 nəfər yoluxub, 107 nəfər sağalın, 4 nəfər isə dünyasını dəyişib. 
Görünür, son aylar əldə olunan uğurlar cəmiyyətdə arxayınlıq yaradıb. Sosial məsafənin gözlənilməməsi, maskadan və dezinfeksiya vasitələrindən istifadə edilməməsi halları kütləvi hal alıb.

Bir müddət öncə Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) dünya ölkələrinə pandemiyanın ikinci dalğası barədə xəbərdarlıq edib. ÜST rəsmiləri açıqlama verərək payız-qış mövsümündə virusa yoluxma faktının çoxalacağı ehtimalını irəli sürüb. Təəssüf ki, bu ehtimallar özünü doğruldur. Belə məqamda hər kəsin məsuliyyətli olması vacibdir.

"Psixososial Reabilitasiya və İnkişaf" İctimai Birliyini sədri Lamiyə Kərimov “Sherg.az”a bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən çevik, təxirəsalınmaz və zəruri qabaqlayıcı tədbirlər pandemiyaya qarşı mübarizədə Azərbaycan modelini nümunə olaraq bir daha ortaya qoymuş oldu.

L.Kərimova qeyd edib ki, payız aylarına doğru digər respirator xəstəliklərin çoxalması və onların COVİD-19 virusu ilə bərabər daha da təhlükəli olması yoluxma sayının artımına səbəb ola bilər:

"Dünya ölkələrinə nəzər salsaq, hazırda COVİD-19 virusunun artma dinamikası müşahidə edilir. Məsələn, qonşu Gürcüstanda pandemiyanın "ikinci dalğası" elan olunub.

İsraildə, Avstriyada, Çexiyada COVİD-19 infeksiyasına yoluxmaların artımı hökumətləri yeni qadağaların tətbiqinə sövq edib. Türkiyə, Rusiya və digər ölkələrdə isə yoluxma hallarının artması yeni məhdudiyyətlərin tətbiqini qaçılmaz edib. Bu mənada, yeni yoluxmalara yol açmamaq üçün mütləq şəkildə məsuliyyətli davranış nümayiş etdirilməlidir.

Dövlətin qoyduğu qaydalara şərtsiz əməl edilməli və yalnız bundan sonra yoluxma sayı minimuma endikdə, normal həyata tam olaraq qayıda biləcəyik.

Unutmayaq ki, dövlət tərəfindən atılan bütün lazımi addımlar vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə, hər bir sakinin sağlamlığının qorunmasına hesablanıb".