“Moskvadakı görüşdən sonra ümidlərimiz doğrulmadı" - Sergey Lavrov

“Avropa Şurası Baş katibliyindən olan həmkarlarımızı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət və Rusiyanın gördüyü tədbirlər barədə məlumatlandırdıq”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

S. Lavrovun sözlərinə görə, indi başlıca məsələ tərəflər və cavabdeh beynəlxalq oyunçular tərəfindən ziddiyyətli ritorikanın dayandırılmasıdır: "Növbəti vacib addım isə hərbi əməliyyatların və mülki obyektlərə zərbələrin dayandırılmasıdır. Bütün bunlar həmsədr ölkələrin dövlət başçılarının birgə bəyanatında, Moskvada Xarici İşlər nazirlərinin razılaşdırdığı sənəddə və oktyabrın 18-də razılaşdırılan sənəddə təsdiqini tapıb. Moskvadakı görüşdən sonra bizim ümidlərimiz doğrulmadı".

S. Lavrov atəşkəsin işləməsi üçün ona nəzarət mexanizmlərinin vacibliyindən danışıb: “Bizim Müdafiə Nazirliyimiz bunun üzərində Azərbaycan və Ermənistandan olan həmkarları ilə aktiv işləyir. Ümid edirik ki, ən yaxın vaxtlarda bu cür mexanizm razılaşdırılacaq”.