Hərəkətə başlamaq lazımdır !Solovyovun fəaliyyəti açıq şəkildə cinayət məsuliyyəti yaradır

Artıq Rusiya məhkəmələrinə müraciət etməyin vaxtı çatıb. Bu prosesdə kifayət qədər aktiv olmaq lazımdır

Rusiyalı televiziya aparıcısı, jurnalist Vladimir Solovyov növbəti dəfə özünün qatı ermənipərəst mövqeyini ortaya qoyub. Adətən erməni ekspertlərini dəvət edərək Qarabağ məsələsini müzakirə edir. V.Solovyov hazırda bu sahədə yaranmış vəziyyətə görə bütün günahları Azərbaycanın üzərinə yıxmağa çalışmaqla öz ermənipərəst mövqeyini göstərir.18 oktyabr 2020-ci il tarixində yayımlanan verilişdə isə Solovyov Azərbaycan Respublikasının ərazi bütövlüyünü şübhə altına alaraq, xəritə yayımlayıb.

Xəritədə Ermənistanın işğal etdiyi torpaqlar Azərbaycan ərazisi kimi göstərilməyib. Halbuki, Rusiya Federasiyası bütün səviyyələrdə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Solovyov da bunu lap dəqiq bilir, amma erməni "feyk"lərini yaymağa və qərəzli mövqeyinin üstündə durmağa üstünlük verir.

Siyasi-şərhçi Elçin Mirzəbəyli "Şərq"ə açıqlamasında bildirib ki, Vladimir Solovyov ümumiyyətlə, jurnalistikaya, mediaya heç bir aidiyyəti olmayan şəxsdir. Ekspert vurğulayıb ki, onun şantajçılıq fəaliyyəti açıq şəkildə cinayət məsuliyyəti yaradır:

"Solovyov bütövlükdə həm Rusiya mətbuatına, həm də çalışdığı media orqanına bir ləkədir. Onun jurnalist fəaliyyəti ilə bağlı heç bir əlaqəsi yoxdur və birmənalı olaraq təbliğatçıdır. Solovyov açıq şəkildə Ermənistanın maraqlarından çıxış edən, özünün ermənilər tərəfindən himayə olunduğunu belə gizlətməyən bir şəxsdir. Onun proqramı konkret olaraq, Ermənistanın maraqlarına xidmət edir.

Digər tərəfdən, Azərbaycan Respublikasının ərazi bütövlüyünü şübhə altına alaraq, xəritə yayımlayırsa, o konkret olaraq hüquq normalarını kobud şəkildə pozur və bu onun üçün məsuliyyət yaradır. Düşünürəm ki, artıq Rusiya məhkəmələrinə müraciət etməyin vaxtı çatıb. Bu prosesdə kifayət qədər aktiv olmaq lazımdır".

Ekspert bildirib ki, indiki şəraitdə Azərbaycan vətəndaşlarının Rusiya məhkəmələrinə müraciət etmək üçün hüquqi motivləri yoxdur:

"Düşünürəm ki, Rusiyada yaşayan azərbaycanlılar və hüquqşünaslar bu istiqamətdə müvafiq addımlar atmalıdırlar. Bu şəxsin hüquqi müstəvidə cəzasının verilməsinə ehtiyac var. Çünki bunun haqqında nə qədər Azərbaycan efir və media məkanında nə deyiriksə, deyək bunun effektli nəticəsi olmayacaq. Digər tərəfdən onun verilişində azərbaycanlıların iştirakının, çıxış etməsinin tam əleyhinəyəm.

Çünki bu əsasən məqsədyönlü şəkildə yaradılan bir şəraitdir. O bir azərbaycanlı çıxarıb üzərinə 4-5 nəfər salmaqla onun qeyri-obyektiv mövqedə olduğu mənzərəsini yaratmağa cəhd göstərirlər. Ümumiyyətlə, bu şəxslə bağlı olan məsələlərdə hüquqi müstəvidə mübarizə aparmağı düşünürəm.

Solovyovun iç üzünün açılması ilə bağlı Rusiya mətbuatında ciddi təhlil olunmuş materialların verilməsinə ehtiyac var və bunu məqsədəuyğun hesab edirəm".