Gözlənilən idi...

Bu il tütün istehsalında 30 faiz artım müşahidə olunub

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 5 764,6 mln. ədəd papiros, siqaret və 3 513,7 ton fermentləşdirilmiş tütün istehsal edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumiyyətlə, hesabat dövründə ölkədə 296,6 mln. manatlıq tütün məmulatları istehsal olunub ki, bu da illik ifadədə 13,5 faiz çoxdur. Yanvar-sentyabrda kənd təsərrüfatı sektoru çərçivəsində 4 717 ton tütün istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11faiz çoxdur.

İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, ölkəmizdə bu il tütün istehsalının 30 faizədək artımı müşahidə olunub. Ekspert bildirib ki, bunun əsas səbəbi 2019-cu ildə bu məhsullara təşviq addımlarının atılması ilə əlaqədardır:

"Ötən il tütün məhsullarına subsidiyalar artırıldı. Subsidiyaların artırılması da bu sahəni daha sərfəli hala gətirdi. Əslində, gözlənilən idi ki, bu sahədə cari ildə müəyyən artım müşahidə olunsun. Çünki xaricdən gətirilməsi daha baha başa gəldiyinə görə, yerli istehsalın artması daha rentabelli oldu. Təbii ki, keçənilki təşviq proqramları da buna dəstək oldu. Nəticə etibarilə də tütün sahəsində  nəzərəçarpacaq artım müşahidə olundu".