"Qarabağ Azərbaycanın Çanaqqalasıdır"

General Yücel Karaüz: "Türkiyədə bu cür savaş taktikasına “Qurd qapanı” deyilir"

"Azərbaycan Türkiyəni harada, necə görmək istəyirsə, biz oradayıq. Masada görmək istəyirsə, masada, savaş meydanında görmək istəyirsə, savaşdayıq"


Azərbaycanda Vətən müharibəsi, haqq savaşı gedir. Ordumuz beynəlxalq hüquqa əsaslanıb Ermənistan tərəfindən işğal olunan torpaqlarımızı azad edir. 22 gündür Azərbaycan Ordusu Qarabağda erməni silahlılarına, terrorçu tör-töküntülərinə sözün həqiqi mənasında qan uddurur. Mükəmməl hazırlanmış hərbi-taktiki gedişlə düşmənin bütün atəş nöqtələri, müdafiə-istehkam postları dəqiqliklə darmadağın edilir. Hərbi texnikasını, silah-sursatını geridə buraxan düşmən ardına belə baxmadan qaçır.

Artıq hər kəs görür ki, təcavüzkarı istənilən an acı məğlubiyyətə düçar etməyə hazır olan qüdrətli Azərbaycan Ordusu var. Ordumuz özünün şərəfli və qalib imicini Ağdərədən Füzuliyə qədərki böyük arenada hərbi uğurlarla formalaşdırdı. Milli Ordumuzun şərəfli imici Cəbrayılın, Madagizin, Hadrutun, Horadizin, onlarla digər kənd və şəhərlərin azad olunması sayəsində möhkəmləndi. Ordumuzun cəbhədəki uğurları Türkiyənin peşəkar hərbçiləri tərəfindən də çox yüksək qiymətləndirilir. Qardaş ölkənin yüksək rütbəli zabitləri hesab edirlər ki, Azərbaycan Ordusu öz döyüş taktikası ilə dünyanın silahlı qüvvələri arasında üst sıralarda olmağa layiq olduğunu isbat etməkdədir.   

Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi attaşesi, general Yücel Karaüz“Şərq”ə müsahibəsində vurğulayıb ki, Azərbaycan Ordusu işğalçı Ermənistanla müharibədə qəhrəmanlıq tarixi yazır.

 - Paşam, 26 illik fasilədən sonra Azərbaycanın işğal altındakı torpaqlarını müharibə yolu ilə azad etmək qərarını necə şərh edərdiniz? 

 - Öncə Azərbaycanın haqq savaşında şəhidlik zirvəsinə ucalan həm əsgər və zabitləri, həm də mülki şəxsləri rəhmət, minnət və şükranlıqla yad edirəm. Yaralı qardaşlarımıza şəfa diləyirəm. Azərbaycan Ordusunun öz torpaqlarını düşməndən azad etmək üçün başlatdığı haqq davası yalnızca Azərbaycanın deyil, türk dünyasının haqq savaşıdır. Görünüşdə Azərbaycan və Qarabağ olsa da, düşmənin sərhədboyu təxribatlarının əsas məqsədi türk dünyasının birliyinə qəsd etmək, vəhdətimizə xəncər vurmaq idi. Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əlindən gələni etdi və 30 il səbrlə gözlədi. 1992-ci ildən etibarən münaqişə tərəfləri arasında dövlət rəhbərliyi səviyyəsində 81 görüş keçirilib. XİN başçıları müstəvisində isə yüzlərcə nəticəsiz təmaslar baş tutub. Azərbaycanın haqlı tərəf olduğunu, işğala məruz qaldığını göstərən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, yəni toplam 670 səhifəlik beynəlxalq hüquq çərçivəsində alınmış qərarlar var. Ancaq bunların zərrə faydası olmadı. Əksinə, danışıqlar davam etdiyi günlərdə uşaq qatili Nikol Paşinyan sərsəmcə “Qarabağ Ermənistandır” dedi. Şuşada qondarma rejim “başçı”sının uydurma “andiçmə mərasimi” keçirildi. Bu addımlar açıq şəkildə göstərdi ki, indiki Ermənistan rəhbərliyi münaqişəni sülh və danışıq yolu ilə həll etmək fikrində deyil. Nəticə etibarı ilə Azərbaycan beynəlxalq hüququn verdiyi əsasla öz torpaqlarında, güclü və müzəffər ordusu ilə hərbi əməliyyatlara başladı. Bu günə qədər təxminən 85 kənd, iki şəhər və mühüm strateji yüksəkliklər düşməndən azad edilib. Murovdağın, Suqovuşanın, Cəbrayıl və Fizuli şəhərlərinin, Hadrutun qurtarılması mühüm hərbi qələbədir. Düşmən həm müharibə meydanında məğlubiyyətə uğrayır, həm də ermənilərin savaşmaq istəyi, döyüş ruhu sürətlə azalır. Ermənilər böyük ruh düşkünlüyü yaşayır. Azərbaycan BMT-nin 51-ci maddəsinə uyğun olaraq 30 ildir davam edən işğala qarşı haqq mübarizəsi aparır. Qarabağ Azərbaycanın Çanaqqalasıdır. Eynən Çanaqqala və Sakarya kimi qurtuluş mübarizəsidir, böyük Vətən müharibəsidir. Azərbaycan dövləti öz torpaqlarını işğaldan azad etmədiyi müddətcə Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün deyil. Dünya ictimaiyyəti bilsin ki, Ermənistan baş naziri Nikol Paşinyan sadəcə Azərbaycana qarşı təxribat həyata keçirmir, erməni baş nazir öz əsgərlərinə qarşı da qətliam törədir. Cəbhədəki erməni əsgərləri qaçmasınlar deyə zorla ayaqlarından zəncirlə maşınlara bağlanılır, qorxu və ağrı hiss etməsinlər deyə narkotik maddələr verilir. Qarabağdan qaçan ermənilərin qarşısı kəsilir, zorla, təhdidlə geri göndərilir. Bütün bunlar Ermənistanın bütün bəşəriyyətə qarşı təhdid sayıldığını, əsl terror dövləti olduğunu təsdiqləyir. Erməni xalqı özü onları məhvə sürükləyən baş nazirlərinə “dur” deməlidir. 



 - Hərbçi olaraq Azərbaycan Ordusunun Qarabağda apardığı müharibəni, təmizləmə metodunu, savaş taktikasını necə dəyərləndirirsiniz? 
 
- Azərbaycan Ordusu 1992-ci ildə “yox” səviyyəsində idi. Sovet Rusiyası Azərbaycan türklərinin əsgəri yöndə güclənməsini istəmədikləri üçün azərbaycanlıların hərb sənətini öyrənməsinə, silah-sursatla, hərbi texnika ilə yaxından məşğul olmasına imkan yaratmayıb. Müstəqilliyin ilk illərində güclü imkanlara və döyüş taktikasına malik ordudan söhbət gedə bilməzdi. Ötən müddət ərzində Azərbaycan Ordusu hərbi texnika, təchizat, peşəkarlıq və geyim baxımından sıfır nöqtəsindən çıxdı və sürətlə indiki güclü vəziyyətə gəldi. Atəşkəs dövründə gecə-gündüz çalışıb tər tökən Azərbaycan Silahlı Qüvvələri başdan-ayağa yeniləndi. Türkiyə və digər ölkələrlə yüksək hərbi əməkdaşlıq quruldu. Hərbi maşınları, bütün növ texnikasını modernləşdirdi, əsgəri təlimlərlə gücləndi, peşəkarlaşdı. Dünya orduları arasında 50-ci sıraya girməyi bacardı. Bunu dünyada bacara bilən ölkə sayısı çox azdır. 26 il ərzində ordunu sıfırdan bu səviyyəyə gətirmək müstəsna bacarıq tələb edir. Hazırda Azərbaycan Ordusu döyüş meydanında böyük zəfərlər əldə edir. Hərbçi olaraq deyirəm ki, bir ordunun birdən çox cəbhədə uğurla irəliləməsi çox çətindir. Azərbaycan Ordusu Murovdağ, Kəlbəcər istiqamətində, Ağdərə, Xocalı istiqamətində və Cəbrayıl-Fizuli istiqamətində savaşı böyük bacarıqla sürdürür. Biri-birindən fərqli və uzaq məsafələrdə əməliyyatlar həyata keçirir. Türkiyədə bu cür savaş taktikasına “Qurd qapanı” deyilir. Azərbaycan Ordusu hilal, yəni aypara şəklində düşməni məğlub edərək irəliləyir, erməniləri iki tərəfdən mühasirəyə alır. 

 - 30 ildir torpaq həsrəti çəkənlər ərazilərimizin daha tez müddətdə, daha sürətlə azad edilməsini arzulayır. Amma yəqin ki, hərbi əməliyyatlarda bölgənin relyefi, mövqeləri də nəzərə alınır... 

 - Sıravi insanlar və siyasətçilər müharibə gedən bölgələrə xəritə üzərindən baxır və nə gəldi danışırlar, mülahizələr irəli sürürlər. Əsgərlər isə müharibə meydanının içindədir və savaş ərazisinə dağdan, təpədən, real mövqelərdən baxırlar. Hər şey xəritə üzərində göründüyü kimi deyil. Xəritədə Murovdağ zirvəsi düzənlik kimi görünür. İnsanlar səbirsizlənir ki, niyə torpaqlar tez azad edilmir və s. Bölgədə hərbi əməliyyatların surətinə maneçilik törədən ciddi amillər var. Birincisi, Ordunun irəliləmə sürətidir ki, hazırda Azərbaycan Ordusu kifayət qədər sürətli hərəkət edir. İkinci mühüm faktor müdafiə yox, hücum taktikasıdır. Hücum etmək “iynə ilə quyu qazmaq” kimidir, çox yavaş və ehtiyatlı olmaq lazımdır. Düşünülmüş hərəkət planları təbii olaraq ordunu yavaşladır. Digər məsələ 30 il ərzində qurulan müdafiə istehkamlarıdır. Nəzərə alaq ki, hazırda həmin bölgədə, xüsusən azad edilən ərazilərdə minasız torpaq sahəsi demək olar ki, yoxdur. Azərbaycan Ordusu həm hücum taktikasını həyata keçirir, həm minaları təmizləyir, tələləri dəf edir, həm də aşağıdan yuxarıya doğru hərəkət edir. Eyni zamanda qış fəsli olduğu üçün havalar soyumağa, iqlim sərtləşməyə başlayıb. Minimum itkiyə hesablanmış bu əməliyyatlar Azərbaycan hərb tarixində öz mühüm yerini tutacaq. Əməliyyatlar daha sürətli olarsa, itkilər də çox olar. Buna da ehtiyac yoxdur, əsas müsbət nəticənin əldə olunmasıdır.  Yəni hərbi baxımından əlverişli taktika icra edilir. Dağlıq Qarabağın ərazisi, relyefi bu taktikanın daha münasib olduğunu göstərir. Bir məqamı da vurğulayım ki, Azərbaycan Ordusu cəbhədə düşmənə qarşı rəşadətlə vuruşmaqla yanaşı, humanist dəyərlərə də sayğı ilə yanaşır, sivil erməniləri, silahsız kimsələri hədəfə almır. Hətta silahını qoyub təslim olan düşmənə belə rəhm edir. Bu da dünya hərb tarixində çox az rast gəlinən örnək bir davranışdır. Nəzərə alaq ki, hərbi əməliyyatlar 30 illik fasilədən sonra həyata keçirilir. Bu müddət ərzində düşmən qüvvələri bölgədə müxtəlif müdafiə sistemləri qurublar. Həmçinin bölgənin dağlıq olması, iqlimin soyuqluğu, əməliyyatın üç qoldan paralel aparılması müəyyən zaman edir. Hərbi taktika baxımından uğurlu yöntəmlər istifadə olunur. 

 - Qarabağ savaşı “dron müharibəsi” adlandırılır. Düşmənin bir çox hərbi texnikası məhz İsrail və Türkiyə istehsalı olan pilotsuz uçan aparatlar tərəfindən vurulub. Müasir dönəmdə ən modern silahlarla savaşmaq nə qədər önəmli və faydalıdır? 

 - Müharibədə silah sistemləri əraziyə, düşmənin mövqeyinə və müdafiə sistemlərinə əsasən tətbiq edilir. Hər savaşda istifadə olunan texnikalar biri-birindən fərqlənir. Birinci, İkinci Dünya müharibəsində və ondan sonrakı savaşlarda klassik tank və s. zirehli texnikalara daha çox üstünlük verilirdi. Ancaq modern savaşlarda müasir və sürətli manevr imkanına sahib qırıcılardan, müxtəlif elektronik sistemlərdən, pilotsuz vasitələrdən daha çox istifadə olunur. Azərbaycan Ordusu son dövrlərdə müxtəlif ölkələrlə hərbi əməkdaşlıq sayəsində hərbi arsenalını tam şəkildə modernləşdirib, ən müasir silahlara, PUA-lara sahib olub. Yerdə, havada, suda istifadə olunan bütün hərbi texnikalarla yanaşı əsgəri heyətin üzərindəki silah-sursat da yenilənib. Ən əsası isə ordu bölmələri arasındakı rabitə-koordinasiya sistemlərini “kripto”ları özündə olan mükəmməl hala gətirib. Modern hərbin tələb etdiyi bütün şərtlərə cavab verən Azərbaycan Ordusu texniki təchizatına görə regional gücə çevrilib. Boks matçında əli uzun olan idmançı rəqibi üzərində üstünlüyə malik olur və ona ard-arda zərbələr endirir. Bu gün güclü Azərbaycan Ordusu zəif erməni silahlıları qarşısında məhz bu şəkildə mübarizə aparır. Azərbaycan “Bayraktar” PUA-larla, uzun mənzilli topçu sistemləri ilə düşməni modern müharibədə uzaqdan tam məğlubiyyətə uğradır. 

 - Hər zaman olduğu kimi, qardaş Türkiyə dövləti və xalqı yanımızdadır, maddi-mənəvi dəstəyi bizdən əsirgəmir. İndiki məqamda güclü Türkiyənin yanımızda olması nə qədər mühüm faktordur? 

- Türkiyə hər daim kökü, soyu bir olan qardaşlarının yanında olacaq və üzərinə düşən vəzifələri tam şəkildə, tərəddüd etmədən icra edəcək. Azərbaycan türkləri Birinci Dünya müharibəsində, Çanaqqala savaşında, Qurtuluş müharibəsində öz zinət əşyalarını, yemək-içməyini, ərzaqlarını, geyimlərni qardaşlarına göndəriblər. “Qardaş köməyi”, Məhəmməd Əmin Rəsulzadənin böyük əməkləri hər zaman Türkiyədə yad edilir. Mustafa Kamal Atatürk Nəriman Nərimanovdan borc istədiyi zaman o, “qardaş qardaşa borc verməz, əl tutar” deyə cavab verib. Osmanlı imperiyası yeddi cəbhədə savaş verərkən, Nuru Paşa komandanlığında Qafqaz İslam Ordusunu Azərbaycan xalqının imdadına göndərib. O vaxt Nuru Paşanın öz ordusu ilə Bakını xilas etməsi necə bir məsuliyyət və mənəvi borc idisə, indi də Türkiyə dövləti və xalqı eyni ruhla Azərbaycana dəstək verir. Artıq Türkiyə də, Azərbaycan da 20-30 il əvvəlin ölkəsi deyil. Türkiyə bütün resursları ilə Azərbaycanın yanındadır. Biz “bir millət, iki dövlətik”, amma xarici işlər nazirimiz M.Çavuşoğlunun dediyi kimi lazım olan anda “bir millət, bir dövlət” olmağı da bacarırıq. 1992-ci ildən bu yana Azərbaycan hərbçilərinin təhsilində ən böyük rolu Türkiyə tədris ocaqları oynayıb. Bu gün də ordular arasında ünsiyyət, əməkdaşlıq, məsləhətləşmə davam etməkdədir. Azərbaycan Türkiyəni harada, necə görmək istəyirsə, biz oradayıq. Masada görmək istəyirsə, masada, savaş meydanında görmək istəyirsə, savaşdayıq. Biz bunu təşəkkür üçün etmirik, bu, tarixi köklərimizdən, genlərimizdən gəlir və tarixi məsuliyyətimizdir. 18 oktyabr tarixində Azərbaycanın müstəqillik gününü qeyd etdik. O gün olsun, Azərbaycanın müstəqilliyinin 30-cu ildönümünü Şuşada, Laçında, Xocalıda üçrəngli mübarək bayrağımızın kölgəsində qeyd edək. Azərbaycan Ordusu bunu bacara biləcək gücdədir. Eşq olsun Azərbaycana, eşq olsun Azərbaycan Ordusuna, eşq olsun türk millətinə. Allah Azərbaycanı daim var etsin. Qarabağ Azərbaycandır!.