Xudafərin körpüsündə bayrağımızın dalğalanması tarixi hadisədir

Sədrəddin Soltan: "Azərbaycan Ordusu torpaqlarımızı xilas etməklə İranın separatçılarla örtülü bazarını da bağladı"

İranla sərhəddə yerləşən “Çaxırlı” və “Mahmudlu” sərhəd zastavaları üzərində 27 ildən sonra ilk dəfə yenidən Azərbaycan bayrağı qaldırılıb. Rəşadətli Azərbaycan Ordusunun Cəbrayıl rayonunun ərazilərini düşmən işğalından azad etməsi ölkəmizin İranla sərhədinin bərpa edilməsi ilə müşayiət olunur. Xatırladaq ki, Zəngilan və Cəbrayıl rayonlarını düşmənin işğal etməsi nəticəsində Azərbaycanın İranla dövlət sərhədinin 132 kilometrlik hissəsi də işğal altına düşmüşdü.

On illərdir sərhədin nəzarətsiz qalan bu hissəsindən işğal altındakı ərazilərə narkotiklərin daşınması beynəlxalq hesabatlarda da öz əksini tapmışdı. Düşməndən təmizlənmiş mühüm bölgələrdən biri də Xudafərin körpüsüdür.

Körpünün Azərbaycan xalqının taleyində müstəsna dərəcədə önəmi var. Tarixən o taylı-bu taylı Azərbaycanı, hazırda isə Azərbaycanla İranı birləşdirən körpünün üzərində bayrağımızın dalğalanması tarixi hadisədir.

Əsrlərlə yaşı olan Xudafərin körpüsünün erməni işğalından azad edilməsi həm də şərəf məsələsiydi ki, Azərbaycan Ordusu bunu bacardı! Təsadüfi deyil ki, Xudafərinin azad edilməsi əməliyyatını və bayrağın ucaldılması mərasimini çoxsaylı güneyli qardaş və bacılarımız da Arazın o tayından göz yaşı və sevinc içərisində izləyiblər.

Hərbi əməliyyatlar nəticəsində qısa müddət ərzində Cəbrayıl rayonunun mərkəzi və çox sayda kəndlər erməni işğalından azad edilib. Azad edilən ərazilərin əsasən Araz çayı boyunca İranla sərhəddə yerləşməsi yaxın gələcəkdə Azərbaycan-İran sərhəddində vacib və əhəmiyyətli hadisələrin baş verə biləcəyindən xəbər verir.

İlk növbədə İranla Azərbaycan arasında imzalanan və işğal səbəbindən yarımçıq qalan layihələrin davam etdirilməsi üçün münbit şərait yaranacaq. Təbii ki, ilkin mərhələdə sərhəd boyu koridorun düşməndən təmizlənməsi cənub qonşumuzun separatçıları silah-sursatla təmin etməsinin qarşısını alacaq. Hazırda Ordumuzun Arazboyu əraziləri işğaldan azadetmə əməliyyatları davam etməkdədir. 



Sərhəd boyu aparılan hərbi əməliyyatlarla bağlı “Şərq”ə danışan politoloq Sədrəddin Soltan deyib ki, illər uzunudur İran Ermənistanı ərzaq, yanacaq və s. mallarla təchiz edir. Analitikin sözlərinə görə, Ermənistanın mövcudluğunda İranın oynadığı əvəzsiz rolu erməni rəhbərləri də dəfələrlə bildiriblər:

“Son aylar İranın Ermənistana başqa dövlətlərin silah-sursat və hərbi texnikasını ötürməsi ilə bağlı xəbərlər yayıldı. Bununla da rəsmi Tehran Azərbaycanla Ermənistan arasında seçimdə mövqeyini ortaya qoydu. Bundan başqa, İran işğal altında olan Azərbaycan torpaqlarındakı separatçı rejimə də yardım edir.

Tehran bu əməlini erməni etnik qrupunun nümayəndələri olan İran vətəndaşlarının adı altında gizlədir. Arazboyu işğal altında olan torpaqlardan da İranın Qarabağdakı separatçılara yardım ötürdüyü barədə məlumatlar yayılmışdı. Hətta, bu torpaqlarda əkilib-becərilən narkotik bitkilərin İran vasitəsi ilə “bazara” çıxarıldığı deyilirdi.

Bu ilin yazında Xudafərin körpüsü vasitəsi ilə Tehranın separatçılara daha böyük yardım etdiyi də məlum oldu. Beləliklə, Azərbaycan Ordusu torpaqlarımızı xilas etməklə İranın separatçılarla örtülü bazarını da bağladı. Artıq Azərbaycan öz ərazilərinə nəzarət edə biləcək.

Bundan sonra İran və qeyri-müəyyən qaçaqmalçı həmin ərazidən yiyəsiz yer kimi öz istədiyi kimi istifadə edə bilməyəcək. Bölgənin əsl sakinlərinin qayıdışından sonra vəziyyət daha fərqli olacaq və həmin ərazidə təhlükəsizlik güclü şəkildə təmin olunacaq”.