Qərb ölkələri Qarabağın birdəfəlik həllinə maraqlı olmalıdır

Düşmən ölkə özü açıq şəkildə bizi enerji kəmərlərini vurmaqla hədələyir, hətta buna cəhd edir


2020-ci il 06 oktyabr tarixində Bakı-Tbilisi-Ceyhan boru kəməri Ermənistan tərəfindən kaset bombaları ilə atəşə tutuldu. Mərmi qəlpələri boru kəmərinin 10 metrliyinə düşsə də kəmərə ziyan dəymədi. Bununla da, 20-ci əsrin layihəsinin Avropanın enerji resursları ilə təminatında fasilə yaranmadı. Ancaq bu hadisə Dağlıq Qarabağ münaqişəsinin həssaslığını bir daha göstərərək beynəlxalq ictimaiyyətdən, xüsusi ilə də Avropa ölkələrindən regiona daha diqqətlə yanaşmağı tələb edir.

Heç şübhəsiz ki, Ermənistanın Avropanın enerji təhlükəsizliyi siyasəti üçün kritik strateji əhəmiyyət daşıyan Azərbaycana bu formada hücum etməsi münaqişəni həm də Avropanın enerji təhlükəsizliyinə yönəlmiş ciddi təhdidə çevirir. Əvvəla onu qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi keçmiş Sovet İttifaqının dağılması ilə yaranmış gərginlik ocaqlarından biridir və münaqişənin hərbi, psixoloji və siyasi təsirləri Qafqazda uzun illər ərzində özünəməxsus iqtisadi reallıqlar formalaşdırıb.

Azərbaycan Avropa və Asiya arasında qlobal dəyər zəncirlərinin fəal iştirakçısıdır. Avropa dəyərlərinə inteqrasiyanı əsas inkişaf siyasətlərindən biri kimi müəyyən etmiş Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin mərkəzi subyekti, beynəlxalq nəqliyyat, enerji və logistika qovşağıdır. Azərbaycan karbohidrogen ehtiyatları üçün şaxələnmiş ixrac marşrutlarına malik olmaqla Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir.

Ancaq Ermənistan bu layihələrdən kənarda qaldığı üçün bu layihələrə qarşı provokasiya etməkdə maraqlı tərəf kimi görünür. Daha öncə də, yəni 2020-ci ilin iyul ayında da Ermənistan münaqişə zonasından xeyli aralıda yerləşən və qeyd olunan nəqliyyat, enerji və logistika dəhlizinin yerləşdiyi regiona hücum etmiş, faktiki Avropanın gələcək enerji təhlükəsizliyi təhdid altına düşmüşdü. Qısası, Ermənistan Avropanın gələcək strateji inkişaf yoluna da ləngidici təsir göstərir.

Düşmənin yaratdığı təhlükəni “Şərq”ə dəyərləndirən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, Azərbaycan region üçün çox əhəmiyyətli bir ölkədir. Ekspertin sözlərinə görə, dövlətimiz mühüm strateji mövqedə yerləşir:

“Cənubi Qafqazda ən böyük iqtisadi potensiala malik ölkə Azərbaycandır. Region iqtisadiyyatının 75 faiz hissəsi bizə məxsusdur. Enerji və digər təbii sərvətlərlə zəngin ölkəyik. 1994-cü ildən, yəni “Əsrin müqaviləsi” imzalanandan bu yana ölkəmizdə böyük infrastruktur layihələri reallaşdırılıb.

Nəticədə həm Qərb-Şərq, həm də Şimal-Cənub nəqliyyat dəhlizi qovşaqlarının ortaq məkanına çevrilmişik. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ideyaçısı, reallaşdırıcısı və bugünədək həmin kəmərin tam təhlükəsiz fəaliyyət göstərməsinin əsas təminatçısı Azərbaycandır.

Şahdəniz yatağından hasil olunan qazın Avropaya çatdırılmasının, yəni Cənub Qaz Dəhlizinin də təşəbbüskarı Azərbaycandır. Avropa uzun illərdir ki, qaz sarıdan Rusiyadan xilas olmağa, asılılıqdan qurtulmağa çalışır. ABŞ da bu layihəyə güclü dəstək verir.

Ancaq bu layihə də ilk gündən layiq olduğu reaksiyanı görmədi. Həm maliyyə, həm də siyasi cəhətdən layihənin reallaşmasında ən böyük güc Azərbaycanın üzərinə düşdü.

Gələn ildən TAP vasitəsilə qazımızı Avropaya çıxaracağıq. Bunları ona görə sadalayıram ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində, Dağlıq Qarabağ məsələsinin birdəfəlik həllində Avropa dövlətləri, ümumən Qərb ölkələri daha çox maraqlı olmalıdır”. 

İqtisadçı vurğulayıb ki, şimal və cənub qonşumuzun bu məsələdə açıq tərəfkeşlik nümayiş etdirməsi başadüşüləndir. Çünki regional layihələr Rusiya və İranın mənafelərinin əleyhinədir:

“Bəs Avropa dövlətləri hansı səbəbdən Ermənistan təhlükəsinə biganə yanaşır, reaksiya vermirlər? Sabah kim qarantiya verə bilər ki, biz münaqişəni yenidən dondurulmuş vəziyyətdə saxlasaq, Ermənistan enerji layihələrinə təhdid yaratmayacaq?!

Düşmən ölkə özü açıq şəkildə bizi enerji kəmərlərini vurmaqla hədələyir, hətta buna cəhd edir.

Türkiyə rəhbərliyi bu təhlükəni məhz ona görə israrla Avropa ölkələrinin liderlərinin diqqətinə çatdırır. İyul ayında ermənilər Tovuz istiqamətində təxribat törətdi.

Düşmənin məqsədi bölgədəki bir neçə yüksəkliyi ələ keçirərək birbaşa Bakı-Tbilisi-Ceyhan neft kəmərinə nəzarət imkanı qazanmaq idi. Ermənilərin təxribatı Azərbaycan Ordusunun ayıq-sayıqlığı nəticəsində boşa çıxdı. Lakin düşmən çirkin niyyətindən vaz keçmək fikrində deyil.

Bölgənin təhlükəsizliyi baxımıdan Azərbaycan bir an öncə hərbi əməliyyatlara başlamalı və erməni təhdidlərinə birdəfəlik son qoymalı idi. Hazırda da bunu etməklə məşğuldur. Ona görə də Avropa dövlətləri Azərbaycanın haqq savaşını dəstəkləməyə məcburdurlar”.