Türk general: "Rusiya türk dünyası ilə yaxşı münasibətlər qurmağa məcburdur” – Güvəni itirib! 


“Şərqdən qərbə doğru uzanan Çinin altında əzilmək istəmirsə, türk dünyası ilə arasındakı problemi bir-bir həll etməlidir”

“Hərbi əməliyyatların ilk günlərində rəsmi Moskvanın neytrallığı da məhz bu məntiqlə əlaqəli idi. Ancaq sonra nələrsə oldu”

“Rusiyanın yaşlı siyasətçiləri və ya Stalinçilər irəliyə keçib müharibəni beləcə dondurub, hər iki tərəfi sülhə razı salmağı düşündülər”

“Ermənistan Qərb ictimaiyyətinin güclü dəstəyini ala bilməyiblər. İndi də şiddəti Qərbi meydana çəkməyi planlayırlar”

“Hazırda Türkiyədəki bütün siyasi partiyalar Azərbaycanın milli davasını öz davası kimi görür. Bu, bizə türk dünyasının gələcəyi naminə çox böyük ümidlər verir”



 Bu günlərdə qardaş ölkə Türkiyənin bütün televiziya kanalları Azərbaycandan, İkinci Dağlıq Qarabağ müharibəsindən danışır. Paytaxt Bakıda və digər şəhərlərimizdə, həmçinin düşmənin raket atəşinə məruz qalan Gəncədə, Mingəçevirdə…onlarca türk jurnalisti var. Onlar öz qələmləri və duaları ilə bizə dəstəyə gəliblər. Xoş gəlib, səfa gətiriblər. İnşallah, buradan da birbaşa Dağlıq Qarabağa gedib, otuz illik nostalji hissləri birlikdə yaşayarıq. Çünki biz əsrlərdir ki, hələ Ermənistanın nəinki özünün və adının, heç “layihəsi”nin də olmadığı vaxtlardan xeyirdə də, şərdə də birlikdəyik.
 Türk qadın jurnalistin Gəncədəki kadrlarını, yəqin, çoxları görüb. Ətraf dağılıb, uzaqdan raketlərin gurultulu səsi gəlir, kamera çəkir, müxbir isə “Aman Allah” deyərək dualar edir, yardım istəyir. Amma yerini belə, dəyişmir. İşini davam etdirir. Bax, budur, qardaş dəstəyi. Bax, budur  çoxdan aksioma çevrilmiş “iki dövlət, bir millət” kəlamının təzahürü.

Amma qardaş dəstəyi bununla da bitmir. Türkiyənin ən müxtəlif sahə nümayəndələri Azərbaycan həqiqətləri bağlı bəyanatlar verir, sosial şəbəkə hesablarında paylaşımlar edirlər. Hətta döyüşlərdə könüllü iştirak etməyə hazır olanlar da var. Onlardan biri də “Sherg.az”ın budəfəki müsahibi, təqaüdçü general, Milli Müdafiə Universitetinin strategiya və operativ hərəkət, beynəlxalq müdafiə mütəxəssisi, yazıçı Osman Qazi Kandemirdir.

 - Maraqlıdır, Dağlıq Qarabağ həqiqətləri ilə bağlı nə bilirsiniz?

- Mən 1995-ci ildən bəri Azərbaycana gedib gəlirəm. Həm hərbi, həm iqtisadi, həm də sosial həyatınızı yaxından izləyirəm. Azərbaycan xalqı Qarabağ heç unutmadı. Mən Azərbaycanda indiyədək bir çox ictimai fəaliyyətlərdə iştirak etdim. Oxunan şeirlərdə, yazılan mətnlərdə Qarabağı dinlədim. Xüsusilə Azərbaycan qadınları Qarabağ həsrətini həmişə aktual saxladılar, ruh düşkünlüyünə qapılmadılar. Odur ki, milli, haqq davasına inanmış qadınlarınız da Azərbaycanın başqa ordusudur. Onlara da minnətdar olmalısınız. Dövlətiniz də bu məsələni heç vaxt unutmadı. Çünki deyilişi asan olsa da, 1992-1993-cü illərdəki müharibələrdə Azərbaycan əhalisinin yeddidə bir hissəsi qaçqın düşmüşdü. Bu, Türkiyədə 10-12 milyon insanın qaçqın düşməsinə bərabərdir. Yəni çox böyük rəqəmdir, ciddi ictimai fəlakətdir. Mən o insanların ilk illərdə nələr yaşadıqlarını bilirəm. Gözlərimlə gördüm. Qatar vaqonlarında, körpü altlarında ağır şərtlərdə yaşadıqlarının şahidi oldum. Elə buna görə də Azərbaycan xalqı öz torpaqlarını geri almaqdan ötrü dirəndi. Tez-gec bu müharibə olacaqdı.

- Yəni müharibə gözlənilən idi?

- Əlbəttə. Azərbaycan ordusu illər ərzində hazırlaşdı, özünəinam yaratdı. Ən vacib isə ordu və xalq vəhdəti yarandı. Ordu xalqına, xalq ordusuna güvəndi. İndiki ordu-xalq münasibəti ilə Sovet illərindəki arasında çox fərq var. Mən generalam və eyni zamanda ədəbiyyatçıyam. Qarabağla bağlı “Qərənfil” adlı bir romanım var. Deyilənə görə, o illərin təhlilini yaxşı aparmışam. Azərbaycan dövlətinin, ordusunun güclənməsini, xalqla hakimiyyətin bütünləşməsini illər ərzində çox yaxşı müşahidə etdim. Ona görə də “bu müharibə gec-tez başlamalıydı və nəhayət, başladı” deyirəm.

- Artıq bir çox ərazilərimizi azad etmişik. Fikrinizcə, bütöv Dağlıq Qarabağa nə vaxt qovuşa biləcəyik?

- Sizə təəccüblü gəlməsin, amma, məncə, hərb yeni başlayıb. Bu müharibə bir az çox çəkəcək. 

- Niyə belə düşünürsünüz?

- Qarabağın azad olunmasından ötrü qərbdəki rayonlar, o cümlədən Kəlbəcər, Laçın, Zəngilan gərək alınsın və beləliklə, Dağlıq Qarabağda Ermənistan arasındakı torpaq əlaqəsi kəsilsin. Ondan sonra əhali bərpa edilməlidir. Orada məskunlaşan ermənilər çıxarılmalı, qaçqın və köçkünlər geri qayıtmalıdır. Həmçinin işğal altındakı ərazilərdə bir çox yer xarabaya dönüb. Oraların rekonstruksiyası üçün xeyli vəsait lazımdır. Sadaladıqlarım asan məsələ deyil. Əvvəlcə, azad olunmuş torpaqları qorumaq, orada möhkəmlənmək lazımdır. Ermənilər ərazilərin itirilməməsinə, Dağlıq Qarabağın isə Azərbaycana bağlı muxtar vilayət deyil, “müstəqil dövlət” elan edilməsinə çalışacaqlar.  Deməli, iş sadəcə torpaqların geri qaytarılması ilə bitmir. Azərbaycan xalqının əsas vəzifəsi bu günədək göstərdiyi birlik və bərabərliyi davam etdirərək dövlətin arxasında durub, mübarizəni sonadək aparmasıdır.

- Artıq sirr deyil ki, Türkiyənin Azərbaycana açıq şəkildə dəstəyini ifadə etməsi Rusiyanı müəyyən mənada neytrallaşdırıb…

- Dünya artıq tək qütblükdən çox qütblüyə doğru gedir. Rusiya bölgəsində güclü dövlət olmaq istəyirsə, ən yaxınındakı türk dünyası ilə yaxşı münasibətlər qurmağa məcburdur. Güclü dövlət olmaq üçün sadəcə əsgəri güc kifayət deyil. İqtisadi və siyasi olaraq güclü olmaq lazımdır. O qədər təbii sərvətinə, əhalisinə, geniş ərazisinə və sənayəsinə rəğmən Kreml indi iqtisadi cəhətdən güclü deyil. Şərqdən qərbə doğru uzanan Çinin altında əzilmək istəmirsə, türk dünyası ilə arasındakı problemi bir-bir həll etməlidir. Hərbi əməliyyatların ilk günlərində rəsmi Moskvanın neytrallığı da məhz bu məntiqlə əlaqəli idi. Ancaq sonra nələrsə oldu.

- Kremlin səssizliyinə təsir edən, sizcə, nə idi?

- Fikrimcə, Rusiyanın yaşlı siyasətçiləri və ya Stalinçilər irəliyə keçib müharibəni beləcə dondurub, hər iki tərəfi sülhə razı salmağı düşündülər. Putinin Paşinyanı cəzalandırdırması, “burnunu əzməsi” kimi fikirləri çox aciz, populist və məntiqsiz hesab edirəm. Ancaq Cənubi Qafqazı tanımayanlar belə düşünə bilərlər. Qafqaz dinlər və dillər ölkəsidir. Paşinyan kimilər gəlib gedər. Rusiya üçün vacib olan Qafqazdakı Ermənistan dövlətidir. Amma türk dünyası ilə arasını vuran Ermənistan yox. İndi işğalçı ölkə “evin dəcəl uşağı” rolunu oynayır. Uşağınız qonşunun pəncərəsini sındıranda onu öldürə bilməzsiniz, fəqət qonşunun xərcini ödəyərsiniz. Bir dövlət digərini sırf hakimiyyətdəki şəxsə görə cəzalandırmaz. Ermənistan bu savaşda ciddi güc itirdi, xeyli itki verdi. İndi Stalinçi siyasət yeridənlərin istəkləri müharibəni dondurmaq, beləliklə, hər iki tərəfə nəzarət etmək, özündən asılı vəziyyətə salmaqdır. Bu, Rusiyaya qısa vaxt üçün sərfəlidir. Ancaq vaxt uzandıqca ona zərər verə bilər. Hər halda Kremlin indiyə qədərki məntiqi o qədər də sağlam deyil. O, həm Ermənistanın, həm türk dünyasının güvənini itirdi.

- Əsgərlərimizlə bacarmayıb, hirsini dinc vətəndaşlardan alan düşmənə üz-üzəyik…

- Ermənistan tarixi, hərbi mədəniyyəti olmayan ölkədir. O, çarlıq dövründə süni olaraq yaradılaraq türk dünyasının ortasına yerləşdirilib. Tarix orduya iki dəfə ehtiyacı oldu. Birinci dəfə 1918, ikinci dəfə isə 1992-1993-cü illərdə. Hər ikində türk torpaqlarını işğal məqsədilə. Bundan başqa hərb tarixi yoxdur. Özü də həmin tarixlərin hər ikisində böyük dövlətlərlə əlbir olub. Ermənilər bezməyən uşaq kimidirlər. Davranışlarına baxsaq görərik ki, keçmişdə olduğu kimi, indi də namərd işlər görürlər. Quldur, terrorçu dövlət kimi hərəkət edirlər. Mülki şəxsləri atəşə tutması isə təsadüfi deyil.

- Bu vəhşilikdə məqsəd nədir?

- Dünya ictimaiyyətinə “burada şiddət artdı, müdaxilə edin” mesajı vermək. Təbliğat mexanizminin  necə qurulmasına fikir verək: deyirlər ki, iki tərəf də mülküləri vurur, bu savaşı dayandırın. Gəncədəki kadrları bəzən Ermənistanda olubmuş kimi də göstərirlər. Guya, ölən ermənilərdir. Bax, onların məqsədləri bu məntiqdə gizl\nir. Əvvəlcə, Azərbaycanı təhrik etmək, xalqın iradəsini qırmaq istədilər. Bu, alınmadı. İndi də beynəlxalq ictimaiyyətdə “şiddət yüksəldi” rəyi yaradaraq sülhün bərpasına çalışırlar.

- Artıq ikinci dəfə humanitar atəşkəs elan edilsə də, ermənilər silah yerə qoymadılar, əksinə, təxribatlar törətdilər. Məğlub tərəf niyə bunu etsin?

- Çünki məğlub tərəf hələ də tarixi Azərbaycan torpaqlarını öz əraziləri kimi görür. Yüz ildən çoxdur ki, “Böyük Ermənistan” xəyalı var. Bu xəyalın ilk addımı Qarabağ bölgəsinin işğalı idi. Təsəvvür edin, xəyallarının ilk mərhələsini bacarıblarsa, onu itirməyi belə tez qəbul edərlərmi? Bu səbəbdən də əllərinə  düşən bütün fürsətləri dəyərləndirirlər. İndiyədək Qərb ictimaiyyətinin güclü dəstəyini ala bilməyiblər. Bayaq dediyim kimi, indi də şiddəti Qərbi meydana çəkməyi planlayırlar.

- Etiraf etmək lazımdır ki, qardaş Türkiyənin bizə dəstəyi, xüsusilə mənəvi dəstəyi çox oldu. Bunun üçün sizə ayrıca təşəkkür edirik. Beləliklə, Azərbaycaan-Türkiyə birlihi yalnız düşmənə deyil, bütün dünyaya göz dağı oldu…

- Təəssüf ki, Türkiyə 1992-1993-cü illərdə Soyuq savaşdan yenicə çıxmışdı. Ona görə də Azərbaycana lazımi qədər dəstək verə bilmədik.  Lakin 1994-cü ildən etibarən vəziyyət düzəldi. İllər ərzində Azərbaycan ordusu da gücləndi. Ölkəniz  əldə etdiyi uğurlarla bizi qürurlandırır. Bu günlərdə torpaqlarınız azad olduqca Türkiyədəki insanlar sevincdən qışqırırlar. Hazırda Türkiyədəki bütün siyasi partiyalar Azərbaycanın milli davasını öz davası kimi görür. Bu, bizə türk dünyasının gələcəyi naminə çox böyük ümidlər verir. İnşallah, işğal altındakı bütün torpaqlar tez bir zamanda azad ediləcək və hamılıqla sevincdən qışqıracayıq.