Ermənistanın boru kəmərini hədəfə almasında "RUSİYA İZİ": “Avropa bu dəhlizə arxayın olmasın !

“... Və “Şimal axını-2”, “Türk axını” layihələrində Kremlin mövqeyini dəstəkləsin”

“Hər halda bu, qlobal “oyun”dur. Ermənistan isə öz aqressiv siyasətində tək deyil”


“Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raket atıb. Raket Yevlax rayonunda BTC boru kəmərindən 10 metr aralı düşüb”.  Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “twitter” hesabında bildirib:
“300+ kaset tipli bombaların qəlpələri ətrafa yaılıb. Boru kəmərinə ziyan dəyməyib. ANAMA hadisə yerində fəaliyyət göstərir. Çarəsiz Ermənistanın enerji infrastrukturuna hücum cəhdləri boşa çıxıb”, deyə H.Hacıyev vurğulayıb.

 Məlum məsələdir ki, Ermənistanın bu addımı həm də Avropanın maraqlarına ziddir. Çünki bu gün Azərbaycan nefti və qazı Avropa mətbəxindədi. Elə isə həqiqətənmi, düşmən belə demək mümkünsə, “intihar” yolunu seçib?



 İşğalçının növbəti təxribatı haqqında “Sherg.az”a danışan iqtisadçı-ekspert, ReAL partiyasının icraçı katibi Natiq Cəfərli məsələni belə şərh edib:

 “Bu, ciddi hərbi məğlubiyyətlərə düçar olan Ermənistanın vurnuxma cəhdləridir. Əvvəl sivil şəxsləri hədəf aldılar, indi isə iqtisadiyyatımıza zərbə vurmaq istəyirlər. Bu, ilk deyil. Biz Tovuz döyüşlərində də  analoji təxribatların- kommunikasiya xəttlərinin vurulmasının şahidi olduq. Bilirsiniz ki, Ermənistanın sözügedən təxrtibatı Qərbin marağına ziddir.

Onların bu məsələyə səssiz qalmaları mümkün deyil. Hətta bildiyimə görə, İtaliya ilə İsrail reaksiyalarını bildiriblər. Avropa Birliyi ölkələrində Ermənistanın aqressiv siyasəti nəticəsində yarada biləcəyi təhlükə ilə bağlı fikir formalaşıb.

Azərbaycanın bu məsələni qabartması isə çox doğru addımdır. Çünki müharibə həm də informasiya cəbhəsində gedir. Dünya təcavüzkarın təxribatlarından xəbərdar olmalıdır”.

N.Cəfərlinin fikrincə, məsələnin miqyası biz düşündüyümüzdən də genişdir: 

“Rusiya məhz Ermənistan vasitəsilə Cənub Qafqaz dəhlizinin Avropa üçün təhlükəli olduğunu göstərməyə çalışır. Məqsəd odur ki, Avropa bu dəhlizə arxayın olmasın və “Şimal axını-2”, “Türk axını” layihələrində Kremlin mövqeyini dəstəkləsin. Hər halda bu, qlobal “oyun”dur. Ermənistan isə öz aqressiv siyasətində tək deyil”.