Mühüm jest ! - Azərbaycan bayrağı dünyada: “Erməni təbliğatı puça çıxdı"

Müxtəlif ölkələrdən Azərbaycana mənəvi dəstəklər gəlməkdədir. Belə ki, əvvəlcə, Gürcüstanın paytaxtı Tbilisidə Kür çayının üzərindəki “Sülh” körpüsü və televiziya qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb. Ardınca isə eyni jesti Qazaxıstan təkrarladı. Paytaxt Nur-Sultandakı Kazmedia binası Azərbaycan bayrağının rənglərinə boyandı. Sağ olsun, dost ölkələr! Azərbaycan bayrağının başqa ölkələrdə də nümayiş etdirilməsi, əlbəttə, düşmənə sarsıdıcı zərbə, bizə istəyənlərin isə ürəyinə su səpməkdir.

 Politoloq İlqar Vəlizadə Gürcüstan və Qazaxıstanın Azərbaycana dəstəyi barədə fikirlərini “Sherg.az”la bölüşüb: 

“İndiki məqamda bizim üçün hər cür dəstək vacibdir. Belə mənəvi dəstəklər həmin cəmiyyətlərin bizimli eyni mövqedən çıxış etmələrini göstərir.

İkinci bir tərəfdən oxşar jestlər xarici siyasət üçün mühüm amildir.

Deməli, bizi birləşdirən dərin maraqlarla yanaşı, həm də tarix köklər, ortaq dəyərlərdir.

Gürcüstan və Qazaxıstandakı memarlıq abidələrinin Azərbaycan bayrağının rənglərinə boyanması həm də bu ölkələrdə erməni təbliğatının nəticə vermədiyini, puça çıxdığını göstərir”.