Rusiya mediasının görünən, görünməyən tərəfləri var

"Rusiya televiziyalarının Azərbaycan həqiqətlərinə qarşı məzmununu dəyişmək mümkünsüzdür"

Artıq günlərdir ki, cəbhəyanı bölgələrimizdə işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda qızğın döyüşlər gedir. Bildiyimiz kimi, cəbhə ilə yanaşı sosial media cəbhəsində də müharibə davam etməkdədir. Həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xüsusilə yerli media orqanları ilə yanaşı, xarici media orqanlarının böyük rolu var.  Bu müddət ərzində Azərbaycan həqiqətləri bir çox xarici media orqanlarında işıqlandırılıb. Məsələn, İsveçin nüfuzlu "Aftonbladet" nəşrində Azərbaycanın mövqeyini əks etdirən məqalə dərc olunub.

Mahirə Muxtarovanın müəllifliyi ilə yayımlanmış "Ermənistan qoşunlarını geri çəkməlidir" başlıqlı məqalədə Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, milyona yaxın azərbaycanlını zorla doğma Qarabağdan və ətraf  7 rayondan çıxarması barədə ətraflı məlumat verilib. Məhz Ermənistanın qaçqın və məcburi köçkün durumuna salınmış azərbaycanlıların fundamental insan hüquqlarını kobudcasına pozması, o cümlədən yaşamaq haqqını əlindən almasına diqqəti cəlb edən müəllif özünün də Ermənistanın işğal etdiyi Kəlbəcər rayonundan olduğunu, 27 ildir doğma yurdun həsrətini çəkdiyini nəzərə çatdırıb. Məqalədə Ermənistanın işğalçı siyasətinə və təcavüzünə qarşı Azərbaycanda hər kəsin yekdil olduğu, bütün siyasi partiyaların birləşdiyi vurğulanıb.

Bundan başqa, ermənilərin Azərbaycanın mülki əhalisinə qarşı göstərdiyi terror faktları dünya mediasında işıqlandırılıb. Cəbhəyanı bölgələrdə dinc sakinlərin atəşə tutulması faktı dünyanın nüfuzlu nəşrlərində də dərc edilib. Bunlar arasında Kolumbiyanın, ABŞ-ın, Ukraynanın, Özbəkistanın nüfuzlu nəşrləri də var.

Hətta İsveçin “Helsingborg Dagblodet” qəzeti bu ölkədə yaşayan gənc fəal Nərgiz Qazi ilə söhbətdən “Mənim nəslim müharibəni yaşlı nəsildən miras alıb” başlığıyla bir səhifəlik məqalə dərc edib.  “Bu münaqişə 100 ildir davam edir” deyən N.Qazi qeyd edib ki, yaşlı nəsildən bizə miras qalan bu faciəni gələcək nəsillərə ötürməmək üçün biz onu birdəfəlik həll etməliyik. Sonra müharibənin yaranma səbəbi, ermənilərin təcavüz tarixindən danışıb.  O hətta “İsveçdə Dağlıq Qarabağ haqda yanlış təsəvvür” adlı məqalə ilə çıxış edib. Məqalədə Qarabağın tarixi, hazırkı hərbi vəziyyət və hüquqi nizamlanmasının yollarından bəhs edilir.

Moldovanın nüfuzlu “timpul.md” portalında  isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistan ordusunun təxribatları ilə bağlı bəyanatında səsləndirdiyi fikirlərə geniş yer ayrılıb. Məqalədə H.Hacıyevin fikirlərinə istinadla yazılır: “Yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirilib. Mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar barədə məlumatlar var. Çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib”.

Məqalədə qeyd olunur ki, Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən mövqelərimizi və yaşayış məntəqələrini intensiv surətdə atəşə tutmaqda davam edir.

Cənab Prezident sentyabrın 27-dən bəri “Rossiya-1”, “Əl-Ərəbiyyə”, “Əl-Cəzirə” və “TRT Haber”ə verdiyi müsahibələrinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rolu var.  "Əl-Cəzirə”nin çoxmilyonlu auditoriyası qarşısında çıxış edən Azərbaycan Prezidenti Ermənistan dövlətinin hiyləsini, beynəlxalq ictimaiyyəti aldatma cəhdlərini növbəti dəfə ifşa edərək, Ermənistanın işğal etdiyi torpaqları həmişəlik işğal altında saxlamaq istədiyini bildirib. Elan olunmamış müharibənin indiyədək uzanması və bu gün yeni qanlı səhifəyə keçməsini Ermənistanın əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun  şəkildə davranmaması, “status-kvo”nun dəyişməsini istəməməsi ilə izah etdi. 
Azərbaycan həqiqətlərinin daha geniş formada çatdırılmasında türk mediasının xüsusilə rolu daha böyükdür. Lakin sentyabrın 27-dən cəbhədə yaşanan silahlı toqquşmalar ərəfəsində şimal qonşumuz olan Rusiyanın əksər telekanalları ölkəmizin əleyhinə təxribat xarakterli dezinformasiyalar yaydı. Hətta bəzi televiziyaların verilişlərinə dəvət etdiyi qonaqlar da eynilik təşkil edirdi. Yəni proqramlara daha çox erməni mənşəli politoloq, jurnalist, deputat və alim dəvət edirdilər ki, onlar da dünyaya təxribat xarakterli məlumatlar yaymaqla məşğul idilər. Bir sözlə, cəbhədəki son gərginlik zamanı Rusiyadakı ermənilər kifayət qədər fəal iştirak edirdilər. Rusiyalı televiziya aparıcısı, jurnalist Vladimir Solovyov dəfələrlə özünün qatı ermənipərəst mövqeyini ortaya qoyur. Adətən erməni ekspertlərini dəvət edərək Qarabağ məsələsini müzakirə edir. V.Solovyov hazırda bu sahədə yaranmış vəziyyətə görə bütün günahları Azərbaycanın üzərinə yıxmağa çalışmaqla öz ermənipərəst mövqeyini göstərir. 18 oktyabr 2020-ci il tarixində yayımlanan verilişdə isə Solovyov Azərbaycan Respublikasının ərazi bütövlüyünü şübhə altına alaraq, xəritə yayımlayıb. Xəritədə Ermənistanın işğal etdiyi torpaqlar Azərbaycan ərazisi kimi göstərilməyib. Halbuki, Rusiya Federasiyası bütün səviyyələrdə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Solovyov da bunu lap dəqiq bilir, amma erməni "feyk"lərini yaymağa və qərəzli mövqeyinin üstündə durmağa üstünlük verir.

Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri Asəf Quliyev "Şərq"ə açıqlamasında bildirib ki, Rusiya televiziyalarının Azərbaycan həqiqətlərinə qarşı məzmununu dəyişmək mümkünsüzdür. Çünki bu kanalların verilişlərinin senarisini və proqramı Rusiyanın Prezident Administrasiyasında hazırlanır:

"Əgər rus jurnalisti və Rusiya media orqanı Azərbaycan həqiqətlərini düzgün çatdırmaq istəmirsə, bizim burada nə istəməyimizin önəmi yoxdur. Çünki birinci növbədə orada olan hər hansısa kütləvi informasiya vasitəsi bunu istəməlidir. Amma bu heç də o demək deyil ki, biz əlimizi-qolumuzu sallayıb oturmalıyıq. Bəs nə etməliyik? İlk olaraq, hansısa rus mediasına məqalə yazmaqdansa, müsahibə verməkdənsə, bu işlə məşğul olan və bu mövzuda yazan rus jurnalistlərini Azərbaycana dəvət etmək daha məqsədəuyğundur. Yəni burada onlara əsl həqiqətləri başa salmaq, göstərmək lazımdır. İnanıram ki, bu üsul daha effektli olar. Əlbəttə ki, bu iddiada deyiləm ki, onlar Bakıya gələcək və yaxud da biz onları Qarabağa aparacağıq. Ən azından həqiqətləri görəcək və qayıdan kimi tam obyektiv bir mənzərəni ortaya qoyacaqlar. Təbii ki, yox. Amma hər halda ən azı obyektivliyə, həqiqətə daha yaxın olacaqlar. Onların məqsədi tutaq ki, Azərbaycanı varvar kimi göstərmək idisə, onlar həqiqəti görəndən sonra bunu etməkdən çəkinəcəklər. Ona görə də, Rusiya informasiya resurslarında çalışan həmkarlarımızı Azərbaycana dəvət edib buradan materiallar hazırlanmasına kömək etmək lazımdır. Təkcə Rusiyadan yox, ümumiyyətlə, Avropadan, Amerikadan olan jurnalistlərin burada işləməsinə şərait yaratmaq daha optimal variantdır. 

Siyasi-şərhçi, media eksperti Azər Həsrət "Şərq"ə açıqlamasında  bildirib ki, Azərbaycan həqiqətlərinin Rusiya mediasında işıqlandırılması bizləri tam qane edəcək səviyyədə deyil. O bildirib ki, təbii olaraq bu da səbəbsiz deyil:

"Birincisi, Rusiya mediasında erməni diasporunun çox böyük təsir imkanları var. Özəlliklə də üzdə olan televiziya kanallarının, qəzetlərinin, informasiya agentliklərinin üzərində o adamların nəzarəti güclüdür. Ona görə də onlar vəziyyətdən istifadə edərək anti-Azərbaycan təbliğatına rəvac verirlər. İkinci bir tərəfdən Rusiya- Azərbaycan münasibətləri baxımından yanaşanda da müəyyən məsələlər var ki, o məsələlərə görə Rusiya mediasının ölkəmizə münasibəti yetərincə, ürəkaçan deyil.

Ancaq əvvəlki illərlə müqayisədə Rusiya mediası hazırda Azərbaycanın sülhəməcbur etmə əməliyyatları ilə bağlı məlumatları daha balanslı şəkildə təqdim edir. Əlbəttə ki, bu, tam balanslı deyil. Lakin mümkün qədər onlar çalışırlar ki, balanslı yanaşma sərgiləsinlər. Yəni birmənalı, birtərəfli, kəskin və eybəcər anti-Azərbaycan təbliğatına meyillənmirlər. Bu da ondan xəbər verir ki, Azərbaycan dövləti yetərincə güclənib. Ali Baş Komandan İlham Əliyev sanballı, dövlət və siyası lider kimi qəbul edilir. Təbiidir ki, belə olan halda Rusiya mətbuatı da bu güclə, bu imkanlarla hesablaşmaq məcburiyyətindədir.

O baxımdan hazırda izlədiyimiz Rusiya media qurumları yanaşmasında bunu müşahidə edirik".
Media eksperti vurğulayıb ki, konkret, ənənəvi media orqanları, yaxud konkret jurnalistlər də var ki, onlar anti-Azərbaycan təbliğatında həmişə rupor rolunu oynayıblar və indi də davam edirlər: "Bütün bunlarla bərabər Azərbaycan dövlətinin hazırda apardığı müharibə ilə bağlı danılmaz, təkzibedilməz faktlarla, görüntülərlə çıxış etməsi bizə qarşı olanların əl-qolunu bağlayıb. Bilirsiniz ki, Ermənistan kimi işğalçı dövlət indi bizi kimi dəlilləri dünyaya təqdim edə bilmir. Biz harda tankı vurduq, harda canlı qüvvəni məhv etdik kimi görüntüləri dünyaya təqdim edirik. Bu təqdimat həm də Rusiyadakı anti-Azərbaycan qüvvələrinin əl-qolunu bağlayır.

Bu baxımdan düşünürəm ki, indiki şəraitdə biz Rusiya mətbuatında  anti-Azərbaycan təbliğatının aparılmasında o qədər də narahat olmamalıyıq. Çünki Azərbaycanın həqiqətlərinin işıqlandırılmasında  bir çox xarici media orqanlarının fəaliyyətini müşahidə edirik".