Yoluxanların sayı artır

"İşğal altında olan torpaqlarımızın tezliklə geri qaytarılmasına əngəl yarana bilər"

"Son zamanlar koronavirus pandemiyasının artmasının əsas səbəblərdən biri də havaların soyuması ilə əlaqədardır. Koronavirusa yoluxmanın artmasının əsas səbəblərindən biri də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə lazımınca əməl olunmamasıdır.

Cəbhəyanı bölgələrdə müharibənin başlaması isə sanki koronavirus pandemiyasının törətdiyi fəsadları insanların yadından çıxardı və bu təhlükəni arxa plana keçirdi. Lakin bu düzgün yanaşma deyil. Yaddan çıxarmamalıyıq ki, düşmənlə ön cəbhədə necə mübarizə aparıb, vuruşuruqsa, arxa cəbhədə də koronavirus infeksiyası ilə o cür mübarizə aparmaq lazımdır".

Bu sözləri "Şərq"ə açıqlamasında həkim Murad Məmmədli deyib. Həkim bildirib ki, arxa cəbhədə yoluxmaların sayının artması ön cəbhəyə də sirayət edə bilər:

"Onda bizim müzəffər ordumuz ön cəbhədə bir deyil, iki düşmənlə mübarizə aparmaq məcburiyyətində qalacaq. Bu halda işğal altında olan torpaqlarımızın tezliklə geri qaytarılmasına əngəl yarana bilər.

Nəticədə biz hamımız bunun istər-istəməz təqsirkarına çevrilə bilərik. Buna görə də, hər kəsi "COVİD-19" virusu ilə mübarizədə həkimlərimizə dəstək olmağa, özünüzün və doğmalarınızın, cəbhədə qəhrəmancasına döyüşən əsgərlərimizin sağlamlığı üçün məsafə saxlamağa, gigiyena qaydalarına əməl etməyə çağırıram.

Unutmamalıyıq ki, zəfər müjdəsiylə dönən övladlarımıza, əsgərlərimizə sərhədsiz və məsafəsiz sarıla bilməyimiz üçün indi əsl həmrəylik zamanıdır".