"Müstəqillik" oyunu baş tutan deyil

Ordumuzun müzəffər yürüşü ermənilərin hər cür konsepsiyasını, oyunlarını tarixin arxivinə atacaq

Ordumuz uğurlu hərbi əməliyyatlarını davam etdirdiyi müddətdə bir neçə ermənipərəst Qarabağdakı qondarma xunta rejiminin “müstəqilliyinin” tanınması ilə bağlı çağırış edib. Ötən gün fransalı senator Valeri Buaye də beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağda qurulmuş qondarma rejimin “müstəqilliyini” tanımağa çağırıb.

Hətta o, parlament üzvü olaraq bu həftə senata qondarma DQR-in statusu ilə bağlı qanun layihəsini təqdim edəcəyini bildirib. Şübhəsiz, indiki məqamda bənzər addımların şahidi olacağıq və təbii olaraq hamısı nəticəsiz qalacaq. Fransalı senator “Dağlıq Qarabağda Azərbaycana qarşı çıxmaq türk İslamının Avropada yayılmasına qarşı çıxmaq deməkdir” fikrini də səsləndirib. Bundan əlavə, Ermənistan hökuməti də rəsmi Bakını separatçı rejimin “müstəqilliyini” tanıya biləcəyi ilə hədələyib. 

Qondarma rejimlə bağlı səslənən açıqlamaları “Şərq”ə təhlil edən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib ki, Ermənistanın çıxış yolu demək olar ki, yoxdur, son variant hərbi əməliyyatların başlanması idi:

“Artıq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı planlaşdırılan standart görüşlər, Madrid prinsipləri daxil olmaqla 5+2 formatı, yaxud Dağlıq Qarabağın statusunun müəyyən olunması məsələləri fiaskoya uğradı. Azərbaycan əsgəri döyüş meydanında danışıqların predmeti olan məsələləri yekunlaşdırdı.

Çıxılmaz vəziyyətdə qalan erməni tərəfi dünya parlamentlərinə müraciət edir ki, Dağlıq Qarabağın “müstəqilliyini” tanısınlar. Düşünürəm ki, hansısa ölkələrin bələdiyyə üzvlərinin, deputatların qondarma rejimlə bağlı çağırışları, sadəcə fərdi xarakter daşıyır. Bunların heç bir ciddiliyi və hüquqi əsası yoxdur.

Digər məqam isə odur ki, Ermənistan tərəfi Qarabağdakı savaşı “müsəlman-xristian” davası kimi təqdim etməyə cəhd edirdi. Əlbəttə, bu da baş tutmadı. Gəncədə “humanitar atəşkəs”dən sonra yaşanan müharibə və soyqırım cinayətləri bütün dünyaya sərgiləndi. Ermənistanın iç üzü açıldı”. 

Ə.Əlibəylinin fikrincə, əvvəlki dövrlərdən fərqli olaraq insanlar dünyada baş verən proseslərlə bağlı daha aydın fikirdədir:

“Düşmən hər zamankı kimi yenə “müstəqillik” oyununu ortaya atıb. İrəvan ən son çalışacaq ki, özləri Dağlıq Qarabağın “müstəqilliyini” tanısınlar və ya bölgəni Ermənistana birləşdirsinlər.

Qondarma sənəd hazırlayaraq KTMT-ni fakt qarşısında qoymağa çalışacaq ki, guya, Qarabağ da Ermənistanın sənəd üzərində rəsmi “ərazisidir”. Bununla yanaşı, Ermənistan tərəfi Qarabağa daşıdığı PKK-çılar sayəsində orada bir “kürd dövləti” yaratmaq kimi axmaq təşəbbüsə də cəhd göstərə bilər.

Yəni nəticəsi düşmənin özü üçün pis olacaq çoxlu sayda təxribatlara meyl edilməsi mümkündür. Lakin Ordumuzun müzəffər yürüşü ermənilərin hər cür konsepsiyasını, oyunlarını tarixin arxivinə atacaq”.