Son bir həftədə koronavirus hallarında rekord artım qeydə alınıb

Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir həftə ərzində 2,4 milyondan çox artıb. Bu, pandemiya başlayandan bəri ən yüksək göstəricidir. Ölənlərin sayı isə 36 mindən çox artıb, bu əvvəlki həftə ilə təxminən eynidir.
TASS-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verib.

Ən kəskin pandemiya vəziyyəti Amerika qitəsində qeydə alınıb: Regionda 12-18 oktyabr tarixlərində 798 mindən çox insan yoluxub, bununla da ümumi say 18,8 milyonu keçib. Həftə ərzində 16 mindən çox ölüm qeydə alınıb.

Avropada əvvəlki yeddi günə nisbətən yoluxma səviyyəsi 25 faiz artıb. Xəstəliyə yoluxanların sayı 927 mindən çox artaraq səkkiz milyonu keçib. Bir həftə ərzində səkkiz mindən çox insan ölüb, ümumi ölüm sayı isə 256 mini ötüb.

Cənub-Şərqi Asiyada həftə ərzində 513 mindən çox insan yoluxub, bununla da ümumi yoluxanların sayı 8,5 milyondan çox olub. Ölənlərin sayı 135 mini keçib, bu da bir həftə əvvələ nisbətən 6,8 min çoxdur.

Hindistanda yoluxmuş insanların sayı yeddi gündə 440 mindən çox, ABŞ-da - demək olar ki, 383 min, Braziliyada - 144 mindən çox artıb. Avropada son bir həftədə ən çox yoluxma İngiltərədə (114 mindən çox) aşkar edilib.

Dünyada bir həftədə ölənlərin sayı baxımından Hindistan antireytinqə rəhbərlik edir - 5,6 mindən çox. Siyahıda bundan sonra ABŞ (4,8 mindən çox), Braziliya (3,5 mindən çox), Argentina (2,4 mindən çox) və Meksika (2,1 mindən çox) gəlir.