"Gəncədə dağıntılar arasında can verən körpələri unutmayacağıq"

Həvva Məmmədova: "Ermənilər gördü ki, bu xalqın iradəsini qırmaq mümkün deyil"

"Bundan sonra onlara heç bir status düşmür"


“Gəncə terroru ermənilərin Azərbaycan xalqına qarşı soyqırım aktlarının davamıdır”. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix üzrə fəlsəfə doktoru Həvva Məmmədova “Şərq”ə açıqlamasında Gəncəyə Ermənistan tərəfindən edilən raket hücumlarının soyqırım aktı kimi dəyərləndirilməli olduğunu bildirdi: 



- Bu gün dünya ictimaiyyəti ölkə ərazisində bir nəfər də azərbaycanlı qalmayan, iqtisadiyyatı çökmüş, hərbi cinayətkar siyasi rejimin rəhbərlik etdiyi Ermənistanla təcavüzə məruz qalmış, torpaqları işğal edilmiş, Ermənistandakı əzəli torpaqlarından, həmçinin erməni separatçılarının silahlı müdaxiləsi nəticəsində doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalmış qaçqın və köçkünlərinin olmasına baxmayaraq yenə də 30 min ermənini öz vətəndaşı hesab edən tolerant, güclü iqtisadiyyata və artıq məlum olduğu kimi güclü bir orduya və Prezidentinin – Ali Baş Komandanının ətrafına birləşən, səfərbər bir xalqa malik Azərbaycan dövlətinin fərqini nəhayət görməlidir.

Amma yenə də görmək istəmirlər. 1988-ci ildən 32 il keçir. Sonuncu azərbaycanlı 1988-ci ildə Ermənistan ərazisindən deportasiya edildi və Ermənistan mono-dövlətə çevrildi. Mən ötən əsrdə ermənilər tərəfindən deportasiyaya məruz qalmağımız barədə uzun-uzadı danışmaq istəmirəm.

Bu tarixi biz yaxşı bilirik. Amma dünya da bilməlidir, bəlkə də bilirlər, amma özlərini bilməməzliyə vurur, ya da bu onları narahat etmir. 250 min soydaşımız evlərindən zorla çıxarıldı, ev-eşiklərini, bütün əmlaklarını itirdilər, ailələr məşəqqətlərə məruz qaldı, nə qədər insanımız deportasiya şəraitində həlak oldular. Erməni cəlladları köprələrimizi dəmir borulara doldurub ağzını qaynaqladılar.

Dünya bu vəhşiliyə biganə qalır hələ də. Amma biz inanırdıq. İnanırdıq ki, vaxt gələcək, torpaqlarımızı işğaldan azad edəcəyik və məhz torpaqlarımızı azad etməklə qisasımızı alacağıq. Cənab Prezident də hər çıxışında sivil əhali ilə müharibə aparmadığımızı, düşmənin cavabının döyüş meydanında verildiyini deyir. Belə Prezident hansı ölkədə var?! 

H.Məmmədova Azərbaycanın ədalətli müharibə apardığını, mübarizəmizin haqq işi olduğuna heç bir şübhə qalmadığını dedi: 

- Ermənistanın heç 2 milyon əhalisi yoxdur. Ancaq onlar həmişə olduğu kimi yenə özlərini “məzlum”, “yazıq” göstərməyə çalışır, uydurma statistik rəqəmlər səsləndirirlər. Mən Dağlıq Qarabağda yaşamışam və ermənilərin xislətinə bələdəm. 1980-ci illərin sonunda Dağlıq Qarabağda əhalinin siyahıya alınması aparılanda ermənilər rəqəmləri bilərəkdən təhrif edirdilər, erməni əhalisinin sayını çox, azərbaycanlıların sayını isə az göstərirdilər. Əvvəlcə məni də siyahıya almada iştiraka cəlb etmişdilər, sonra gördülər ki, yox, onların işinə mane oluram, həqiqi rəqəmləri  qeyd edirəm, məni kənarlaşdırdılar. Əvəzində erməniləri və ermənipərəstləri siyahıyaalmaya cəlb etdilər. Ermənilər iddia edirdi ki, guya, Dağlıq Qarabağda 120 min erməni yaşayır. Bu, yalan, şişirdilmiş rəqəmlər idi. 80-ci illərin sonunda təkcə Şuşada 60-70 min azərbaycanlı yaşayırdı. Dağlıq Qarabağın erməni əhalisi heç vaxt azərbaycanlılardan çox olmayıb. Ola da bilməzdi. Qarabağ bizim yurdumuzdu, necə ola bilər ki, ermənilər azərbaycanlılardan çox olsun?! İndi istəyirlər referendum keçirilsin, bunlara status verilsin… Bundan sonra onlara daha heç bir status düşmür. 

Açıq deyirəm, mən hazırda Azərbaycanda yaşayan və sözdə Azərbaycanı sevdiklərini deyən erməni qadınlarının səmimiliyinə də inanmıram. Çünki onların içində yaşamışam, xislətlərinə bələdəm. İndi necə deyərlər, “quyruqları qapı arasındadır”, “siz yaxşısınız, Azərbaycanda bizi heç vaxt incitməyiblər, yaxşı yaşamışıq…” danışırlar.

Bizim körpələrimiz dəmir borulara doldurulub qaynaq ediləndə, ana bətnindəki körpələrimiz süngü ilə parça-parça ediləndə, Xocalıda qoca-cavan, qadın-uşaq qətl ediləndə, meyitlərin başlarının dərisi soyulanda, gözləri oyulanda  harda idi bu erməni qadınları?

O zaman niyə səsləri çıxmırdı? Amma Azərbaycan dövləti yenə onlara rəhm edir, cənab Prezident çağırış edir ki, sivil əhali arasından kim çıxıb getmək istəyirsə getsin, yol açıqdır, biz silahlı ermənilərlə döyüşürük. Ermənilər belə humanizmə layiq deyillər, amma yenə də biz xalq olaraq, Prezidentimiz də güclü dövlət başçısı kimi onlara şans verir. 

H.Məmmədova Gəncə hadisəsinin Xocalı faciəsinin davamı olduğunu dedi və ermənilərin tarix boyu əl çəkmədikləri cəlladlıq və cinayət əməllərini təkrarladıqlarını söylədi: 

- Gəncənin ballistik raketlərlə dəfələrlə vurulması, həm də gecə saatlarında, dinc əhali yuxuda ikən vurulması erməni vəhşiliyinin növbəti sübutudur. Azərbaycan xalqı erməni cəlladlarının vəhşiliyinə ötən əsrdə dəfələrlə şahid olub. İstər 1905-ci il hadisələri, istər 1918-20-ci illər, sovet illərində azərbaycanlıların Ermənistan ərazisindən deportasiyaları zamanı, Ermənistan dövləti ərazisində yaşadıqları zamanlarda da, 1988-90-cı illərdə, Qarabağ savaşında, Meşəli, Qaradağlı, Kərkicahan və nəhayət, Xocalı faciəsində erməni vəhşiliyinin şahidi olduq. 

Amma onlar bizim iradəmizi, qürurumuzu, vüqarımızı və qələbəyə inamımızı qıra bilmədilər. Gəncə qətliamı zamanı da biz xalqımızın, qəhrəman Gəncə əhalisinin necə qətiyyətli, inamlı, sarsılmaz ruha malik olduğunu gördük. Ürək dağlayan faciənin içində Gəncə əhalisi bir addım da geri çəkilməyəcəyini, ordumuza, Ali Baş Komandana güvəndiyini və inandığını söyləyir. Bir gecədə 20 evin dağılması, 20 ailənin faciə ilə üzləşməsi deməkdi. Nə qədər ailələr məhv oldu, körpələr ata-anasız qaldılar.

Bir kişi bütün ailə üzvlərini itirib, yeganə 3 yaşlı qızı salamat qalıb. Erməni cəlladlarının raket hücumundan həyatını itirmiş 15 yaşlı Nigar balamızı biz necə unuda bilərik?!  O evlər də tikiləcək, insanlarımızın yaraları sarılacaq, lakin Gəncədə dağıntılar altında can verən körpələrimizi biz heç vaxt unutmayacağıq. Necə ki, Xocalı faciəsini unutmuruq və unutmayacağıq da.

Ermənilər bu cür çirkin, mənfur, alçaq cinayətkar əməlləri ilə xalqımızı sarsıda biləcəklərini düşünüblər. Səhv ediblər. Onlar gördü ki, bu xalqın iradəsini qırmaq mümkün deyil. Bir əsrdir bunu görürlər, amma yenə də cinayətkar əməllərindən əl çəkimirlər, çünki xislətləri belədir. Baxın, bütün cəbhəyanı şəhər və kəndlərdə yaşayan əhalidən bir nəfər də raket zərbələrinə, dağıntılara, tələfatlara baxmayaraq evlərini tərk etmir.

Kimi dindirirsən, deyir, atırlar, qoy atsınlar, biz öz evimizdəyik və heç yerə də getməyəcəyik. Qaçan ermənilərdir, çünki işğalçıdırlar. Onlar üçün Vətən deyilən müqəddəs məfhum yoxdur. 

Həvva Məmmədova hazırda xalqımızın yüksək əhval-ruhiyyəyə sahib olmasını sarsılmaz inamla əlaqələndirdi: 

- Bütün xalqımız hazırda yüksək əhval-ruhiyyədədir. Bunun səbəbi Ali Baş Komandana inamdı, ordumuza inamdı, xalqımızın döyüşkən ruhuna inamdı. Ermənistana havadarlıq edən dövlətlər qoy utansınlar, xəcalət çəksinlər.

Nəhayət anlasınlar ki, necə iyrənc xüsusiyyətlərə, iyrənc dövlət siyasətinə mallik ölkəyə və ölkə başçısına dəstək verirlər. Ermənistanın bütün siyasi rəhbərləri, zabit heyəti, o cümlədən Paşinyan da Miloşeviç kimi müttəhim kürsüsündə əyləşəcəklər. Və insanlığa qarşı cinayət əməllərinıə görə edam olunacaqlar.

Ermənistanın cinayətkar rəhbərləri həm dinc əhalini soyqırım edib, başqa bir dövlətin ərazisinə hərbi təcavüz etməklə cinayət törədib, eyni zamanda təbiətə qarşı da soyqırım ediblər. Bizim işğal edilmiş torpaqlarımızda təbiəti məhv ediblər. Bunlar bəşəri cinayətlərdir və bunun cavabını verməli olacaqlar.