Azad edilən Zəngilan: 765 kilometri İranla və Zəngəzurla sərhəd tam bərpa olunur

Dünən Zəngilanın işğal tarixinin - 29 oktyabr 1993-cü ilin üstündən birdəfəlik xətt çəkildi. Zəngilan azadlığa qovuşdu. Ənənəyə sadiq qalaraq Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciət edərək qələbə xəbərini çatdırdı: “Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!”.

Zəngilan işğal olunan sonuncu Azərbaycan rayonu idi. Rayon strateji cəhətdən çox əlverişli yerdə yerləşir. Rayonun işğaldan azad olunması ilə Cənubi Azərbaycanla olan bütün quru sərhədlərimiz bərpa edilir. Zəngilan Naxçıvanla ən yaxın quru sərhədimiz olan rayonumuzdur. Zəngilanın azad olunması ilə həm də, Zəngəzurla tarixi sərhədimiz bərpa edilir. Rayon qızıl ehtiyatına görə, Kəlbəcərdən sonra ikinci yerdədir. Bundan başqa da Zəngilan çoxlu sərvətlərə malikdir.

Zəngilanın işğaldan azad edilməsi ilə 765 km-lik İran-Azərbaycan sərhədi tam bərpa edildi. Füzuli, Cəbrayıl, Hadrut və digər ərazilərdən sonra indi də Zəngilanın işğaldan azad edilməsi Qarabağın tam azad edilməsi istiqamətində çox mühüm addımdır. Siyasi ekspert Elxan Şahinoğnun dediyinə görə, Zəngilanın işğaldan azad edilməsi həm İranla ticarət dövriyyəsinə, həm də Naxçıvan Muxtar Respublikası ilə daha sız əlaqəyə imkan verəcək. Bundan əlavə, bölgənin təbii zənginlikləri də iqtisadiyyatımız üçün müsbət təsir edəcək. “Zəngilanın azad edilməsi Dağlıq Qarabağdakı qondarma rejimlə İranın birbaşa əlaqəsinin kəsilməsi deməkdir. Artıq bu istiqamətdən gələn bütün qeyri-leqal yardımların qarşısı rahatlıqla alınacaq. Bundan əlavə, regionda dövr edən qara pul və narkotik dövriyyəsi də birdəfəlik yekunlaşa bilər”.

“Bütün Azərbaycan xalqı kimi, mən də çox sevinirəm. Bu gün mənə elə gəlir ki, bizim hamımız cəbrayıllıyıq, zəngilanlıyıq, füzuliliyik, şuşalıyıq” .

Bunu əslən Zəngilandan olan professor Qulu Məhərrəmli deyir. Professor buna görə Ali Baş Komandanımıza, müzəffər ordumuza və xalqımıza təşəkkür edib: “Əslində son günlərin hadisələri və əvvəldən yayılan yarı doğru, yarı şaiyə xəbərlər adamı buna hazırlayırdı. Amma əlbəttə ki, Zəngilanın işğaldan azad edilməsi xəbərini Prezidentin dilindən eşitmək, onun rəsmi təsdiqini görmək başqa bir hissdir. Əlbəttə, bütün Azərbaycan xalqı kimi, mən də çox sevinirəm. Bu gün mənə elə gəlir ki, bizim hamımız cəbrayıllıyıq, zəngilanlıyıq, füzuliliyik, şuşalıyıq. Birlikdə yaranmış ruh yüksəkliyini, mənəvi gücü ifadə etmək çox böyük hadisədir. Ona görə biz bunun üçün müzəffər ordumuza, Ali Baş Komandanımıza, Azərbaycan xalqının yenilməz gücünə minnətdarıq. Bu qələbədə payı olan hər kəsə təşəkkür edirik. Mənə elə gəlir ki, bizim tariximizin yeni mərhələsi başlayır və bu mərhələdə əlbəttə ki, biz bir millət olaraq yenilməzliyimizi, sarsılmazlığımızı ortaya qoyuruq”.

Rusiyalı jurnalist, siyasi şərhçi Maksim Şevçenko da Zəngilanın işğaldan azad olunmasıyla bağlı fikirlərini bölüşüb. “Azərbaycan Ordusu Zəngilanın azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə məruzə edib. Bu o deməkdir ki, Qarabağın bütün düzənlik hissəsi özünü “Dağlıq Qarabağ Respublikası”nın qoşunları adlandıran Ermənistan ordusunun işğalından təmizlənib. Azərbaycan Ordusu rahat şəkildə Şuşa və Xankəndini işğaldan azad edə bilər. Düşünmürəm ki, erməni qoşunları onlara mane olmaq iqtidarındadır”, - M.Şevçenko bildirib.

“Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı”. Azərbaycan yığmasının şahmatçısı, qorossmeyster Şəhriyar Məmmədyarov da doğma Zəngilan şəhərinin və daha bir neçə kəndinin işğaldan azad etməsinə münasibət bildirib. Əslən Zəngilandan olan milli üzvü “feysbuk” səhifəsi vasitəsilə sevincini bölüşüb:

“Sevincimin həddi-hüdudu yoxdur. Təşəkkür edirik, Ali Baş Komandanımız, təşəkkür edirik, Azərbaycan əsgəri! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandır və həmişə Qarabağ Azərbaycanın olacaq!”.

Şəhriyarın sevincinə bacısı Türkan Məmmədyarova da şərik olub. Yığmamızın əsas simalarından sayılan xanım şahmatçı hər iki valideyninin zəngilanlı olduğunu xüsusi vurğulayıb: “Zəngilan işğaldan azad olundu, sevincimizin həddi yoxdur. Mən Zəngilanı çox az xatırladığım halda (işğal olunanda 4 yaşım var idi) sevinc göz yaşlarım sel kimi axdısa, orada həyatları keçənlərin sevincini təsəvvür edə bilmirəm. Çox heyflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin...”

Əslən Zəngilandan olan jurnalist Elnur Əşrəfoğlu da Lent.az -a öz fikirlərini bölüşüb:

“Doğma torpaqlarımız, ata-baba yurdumuz işğaldan azad olunur. Bundan gözəl nə xəbər ola bilər ki? Rəşadətli ordumuzun tezliklə Şuşada, Xankəndində də üçrəngli bayrağımızı dalğalandıracağı günü səbirsizliklə gözləyirik. Allah qoysa,hamınızı doğma Zəngilanda qonaq edəcəm. Dünən o qədər zəng gəldi ki, kimə cavab verə bilmədimsə, üzürlü hesab etsin. İnanıram ki, mən də tezliklə bütün Qarabağlıları Qubadlı, Ağdam, Xankəndi, Şuşa, Laçın, Kəlbəcər və digər ocaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik edəcəm. Var olsun Ali Baş Komandamız! Yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!”.

Əslən Zəngilandan olan, hazırda Bakıda məskunlaşmış məcburi köçkün Vidadi Səmədov isə fikirlərini qısaca bölüşdü: “Cənab Ali Baş komandan, qəhrəman Azərbaycan əsgəri. Sizlərə bir ömür borcumuz var. Bizləri o çinarlar yurduna qaytardığınıza görə, var olun”.