“Xudafərin körpüsü YUNESKO-nun beynəlxalq irs siyahısına daxil edilsin!”

“İndi müharibənin getməsinə baxmayaraq UNESCO-nun mütəxəssislərini ölkəmizə dəvət etmək lazımdır”


Oktyabrın 18-i rəşadətli ordumuzun uğurlu döyüş əməliyyatları nəticəsində “Xudafərin” körpülərinə üçrəngli şanlı bayrağımız sancılıb. Bununla yanaşı, müstəsna universal dəyəri, təkrarolunmaz landşaftı, yüksək memarlıq-mühəndis həlli, eləcə də iki ölkə ərazisində yerləşdiyi nəzərə alınaraq “Xudafərin” körpülərinin YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə Azərbaycan İran İslam Respublikası ilə birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Qeyd edək ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bəyanat verib.

Məsələni “Sherg.az”a dəyərləndirən Vətəndaş Cəmiyyət Alyansı TŞ rəhbəri, Yeni Yazarlar və Sənətçilər İB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib ki,  Xudafərin körpüsünə bayrağımızın sancılması ikinci Qarabağ müharibəsinin ən önəmli hissəsidir:

“İnanırdıq ki, Ali baş komandanın rəhbərliyi altında  müzəffər ordumuz 30 ildən çox işğal altında inildəyən torpaqlarımızı geri qaytaracaq. Onu da qeyd edim ki,  millətin sivilzasiya tarixinə qızıl hərflərlə yazılmış faktlar var.

Onlardan biri  Füzuli rayonunda yerləşən Azıx mağarasıdır, ikincisi də Azərbaycanın ayrılıq simvoluna çevrilmiş Xudafərin körpüsüdür. Sosial şəbəkələrdə də görüntülər yayıldı. Düzdür, çox yerlərdə qalib gəldik, bayrağımızı sancdıq. Lakin Xudafərinə bayrağımızın sancıldığı anlar bir başqa gözəl idi.

Orda dövlət sərhəd qoşunları xidmətə başlayarkən cənubi azərbaycanlılar sevindiklərindən bilmirdilər nə etsinlər. Əlbəttə,  Xudafərin körpüsünün işğaldan azad olunması çox önəmli idi. Çünki Xudafərin xalqımızın “qıl körpüsü”dür.

Biz onu həmişə romantikləşdirmişik. Əslində Azərbaycanın bir çox yerində körpülər var. Məsələn Gürcüstanla sərhəddə “Qırmızı körpü” və sair. Amma Xudafərin körpüsü başqadır. Çünki şairlərimiz də yaradıcılıqlarında ona çox yer ayırıblar. Elə Araz da bizim ayrılıq çayımız, şah damarımızdır.”

Ekspert qeyd edib ki, Xudafərin körpüləri ilə yanaşı Azərbaycanın dünya əhəmiyyətli başqa abidələri də var:

“İndi müharibənin getməsinə baxmayaraq YUNESKO-nun mütəxəssislərini dəvət etmək lazımdır. Onların iştirakı ilə Xudafərin körpüləri beynəlxalq irs siyahısına daxil edilməlidir. Bilirsiz ki, Azıx mağarasında ermənilər dəfələrlə araşdırmalar adı altında barbarlıq ediblər, orda qazıntılar aparıblar. 
Mağaradakı  sümükləri və  maddi sübutları götürüblər.

Eyni zamanda ermənilərin Xudafərin körpüləri ilə bağlı başqa planları da vardı. 

Orda su anbarı tikirdilər. Su anbarının tikinti layihəsi Xudafərin körpüsü tərəfdə idi və körpü dağıdılması planlaşdırılmışdı. Amma Prezidentimizin qətiyyəti nəticəsində bunun qarşısı alındı. 

Ona görə də onlar su anbarını Xudafərin  körpüsündən yuxarıda tikməyə başladılar. 

Bu baxımdan biz ictimaiyyət nümayəndələri olaraq  Prezident cənab İlham Əliyevin və Birinci vitse- prezident Mehriban Əliyevanın Azərbaycanın milli-mənəvi, tarixi, arxeoloji və təbiət hadisələrinin dünya sivilizasıyasında bəşəriyyətin irsi siyahısına daxil edilməsi ilə bağlı apardığı mübarizəni davamı etdiririk. 

Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün kulturoloji savaşa başlamışıq.  
Beynəlxaq ictimaiyyətə müraciətimizdə yazmışıq 8 dünya əhəmiyyətli, 300-ə yaxın respublika əhəmiyyəti və minlərlə önəm kəsb edən Qarabağ və Qərbi Azərbaycan tarixi abidələrinin hər biri siyahıya alınmalıdır, seçilmişlər də irs siyahısna daxil edilməlidir”.