HƏR ANIMIZ – VƏTƏN!

Bu gün gərək  
Hər anımız Vətən!-desin
Qılıncımız, qalxanımız
Vətən!- desin
Ölənlərin əvəzinə
Qalanımız – Vətən!- desin
Zərrə qədər imanımız 
İmanımız- Vətən!- desin.

Bu sözlər «Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı» deyən görkəmli şairimiz Məmməd Arazın sözləridir.
 İndi hər birimiz Vətən üçün əlimizdən gələni etməli, ordumuzun şanlı qələbəsinə öz töhfəmizi verməliyik. Mən, ölkəmizin başçısı, Ali Baş Komandan İlham Əliyevin müxtəlif xəbər agentliklərinə, çoxtirajlı jurnal və qəzetlərə, xarici televiziya kanallarına verdiyi müsahibələrin hər birini oxuyur, özüm çün əxz edir, belə bir Prezidenti olan ölkənin vətəndaşı kimi qürur hissi keçirirəm. 

Və jurnalistlərə verdiyi məntiqli cavablarla, daşdankeçən faktlarla, düşmənin iç üzünü açan dəlillərlə, hətta ona rəğbət bəsləməyən, əslində ermənilərin yanında olan yazarların da qəlbində rəğbət qazanmağı bacarır. Heç bir qərəzli sual, həqiqətə söykənməyən fikir onu çaşdırmır. Əksinə, gətirdiyi arqumentlər qarşısındakını susmağa, əsl həqiqəti öyrənməyə vadar edir. Paşinyan isə daim ona verilmiş suallardan yayınmağa çalışır, necə deyərlər, gah nala, gah mıxa vurur. Ha çabalayırsa, işğalçı olduğunu, nasizmə rəgbətini, azərbaycanlı mülki əhalinin qətlə yetirilməsində günahkar olduğunu dana bilmir. Ermənistanın baş naziri mahiyyəti üzrə cavab verə bilmədiyinə görə daim gülünc vəziyyətinə düşür, riyakarlığı, siyasi səbatsızlığı özünü göstərir. Bu günlərdə Prezident İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə müsahibəsi də bir Azərbaycan vətəndaşı, bir jurnalist kimi məni heyran etdi. 

Prezident müsahibədə haqlı olaraq bildirdi ki, vəziyyətin hələ də qaynar fazada olması Azərbaycanın təqsiri deyil. Azərbaycan nizamlama prinsiplərinə sadiqdir. Bu prinsiplər çoxillik danışıqlar prosesində işlənib hazırlanıb. Əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, Azərbaycan günü sabah hərbi əməliyyatları dayandırmağa hazırdır. 

Birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Azərbaycan tərəfindən bu iradə var. Azərbaycan öz mövqeyini bir daha təsdiq edir. Özü də bunu elə bir vaxtda təsdiq edir ki, işğal altında olan ərazilərdə daha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Elə bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə Azərbaycan, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırdır. 

Müxbirin Qarabağın qəti statusu müəyyən edilənə qədər Laçın dəhlizinin Ermənistanın nəzarəti altında saxlanması şərti ilə nizamlamaya başlamağa razısınızmı, - sualına ölkə başçısı çox aydın cavab verdi.

Azərbaycanın mövqeyi həmişə çox konstruktiv olub. Bununla bərabər, axı baza prinsiplərində yazılıb ki, təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyalar açılır. Erməni tərəfi bu dəhlizin təhlükəsizliyinə zəmanət təqdim etməli idi; 

Ermənistanla Azərbaycan arasında sərhəddə kommunikasiyalar açılır. Həmçinin nəzərdə tutulurdu ki, Ermənistan Rusiya Federasiyasının ərazisinə maneəsiz yerüstü keçmək imkanına malik olacaq; 

Bütün bunlar Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, azərbaycanlı məcburi köçkünlərin qovulduğu bütün torpaqlara, təkcə yeddi rayona deyil, həm də Dağlıq Qarabağın ərazisinə qaytarılmasını nəzərdə tutan kompromis paketinin bir hissəsidir. Əlbəttə, Dağlıq Qarabağ ilə Ermənistan arasında Laçın dəhlizi vasitəsilə maneəsiz gediş-gəliş də nəzərdə tutulurdu. Azərbaycan bu mövqeyini bir daha təsdiq edir.

TASS müxbirinin çox sualları ətraflı izah edildi. Onun Prezidentimizə ünvanladığı:- Siz Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistandan həm- söhbətinizlə görüşmək üçün Moskvaya gəlməyə hazırsınızmı, - sualı da öz məntiqi cavabını tapdı. 

Rusiya münaqişənin nizamlanmasında həmişə mühüm rol oynayıb və bunun həm tarixi, həm də coğrafi xarakterli obyektiv səbəbləri var. Səbəblərdən biri də budur ki, Rusiya onilliklər boyu regionda aktiv fəaliyyət göstərir və qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Buna görə də Azərbaycan hər cür əlaqəyə hazırdır, yeri gəlmişkən, Xarici İşlər nazirlərinin görüşünün təşkil olunması barədə təklif gələn kimi Azərbaycan dərhal razılaşdı. Bu da Azərbaycanın mövqeyinin göstəricisidir. 

Sonda onu demək istəyirəm ki, cənab ali Baş Komandanımıza müxtəlif beynəlxalq jurnalistlər tərəfindən verilən sualların cavabına da mən bir qələbə kimi baxıram. Torpaqlarımız işğaldan tam azad olana qədər söz meydanında İlham Heydər oğlu Əliyev çox belə qələbələr qazanacaq, bu dəfə sözü, fikri ilə döyüşəcəkdir. Və bütün bu fikirlər döyüşündən hər zaman olduğu kimi qalib ayrılacaqdır. 

Əminə YUSİFQIZI,
Yevlaxda çıxan «Kür» qəzetinin baş redaktoru,
Respublikanın əməkdar jurnalisti