Lavrov “nəbz ölçür” ! – “Vaşinqton görüşünün müzakirə mövzusunu öyrənir”

“Amma narahat olmağa dəyməz. Rusiya bizi sülhə məcbur edə bilmirsə, ABŞ da təzyiq göstərməyi bacarmayacaq”

“Geniş miqyaslı hərbi əməliyyatlar sonadək davam edəcək”


Rusiya Xarici İşlər naziri Sergey Lavrov 20-21 oktyabr tarixlərində Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan ilə görüş keçirib. Danışıqlar zamanı Dağlıq Qarabağda atəşkəs razılaşmasının icrasına dair aktual məsələləri müzakirə edib. Bu barədə Rusiya Xarici İşlər nazirliyinin yaydığı məlumatda qeyd olunur.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla son zamanlar baş tutmuş telefon əlaqələrindən sonra, 20 və 21 oktyabr tarixlərində Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşlər keçirilib”, - deyə Rusiya XİN-in yaydığı məlumatda bildirilir.

“Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə dair əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı həlli üçün şərait yaradılması ilə bağlı təcili məsələlər müzakirə edilib”, - deyə mətbuat xidmətinin açıqlamasında yazılıb. Rusiya bütün imkanları ilə bizi masa arxasına dəvət edir. Yəni “tarixi ənənə”sindən əl çəkmir. Nə qədər danışmaq, müzakirələr aparmaq olar?
Daha “boğazımız qurudu”, vallah...

 “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Moskvadakı üçüncü danışıqlar barədə “Sherg.az”a fikrini bildirib: 

“Burada iki məqsəd var idi. Birincisi, Moskva bəyannaməsinin tələblərini yerinə yetirmək. Çünki məlum olduğu kimi, tərəflər arasında iki dəfə humanitar xarakterli atəş elan edilsə də, işğalçı mülki əhalini hədəf almaqla şərtləri pozdu. İkinci bir tərəfdən, həm Azərbaycan, həm də Ermənistan xarici işlər nazirləri Vaşinqtona görüşə çağırılıb. Bu danışıqlar bir növ “nəbz ölçmək” idi.

Tərəflərin Vaşinqtonda nələri müzakirə etməyə hazır olduqlarını müəyyənləşdirmək istəyirdilər. Amma narahat olmağa dəyməz. Rusiya bizi sülhə məcbur edə bilmirsə, ABŞ da təzyiq göstərməyi bacarmayacaq. Geniş miqyaslı hərbi əməliyyatlar sonadək davam edəcək”.

E. Şahinoğlunun fikrincə, danışıqlar indiki halda bizə sərf etmir:

“İki dəfə humanitar xarakterli atəşkəs elan edildi və nəticəsini gördük. Hər halda bu məsələ oyun deyil. Üçüncü dəfə atəşkəsin elan olunması da maraqlarımıza ziddir.

Ermənistan danışıqları vaxt uzatmaq, istehkamlarını gücləndirmək, qüvvə yığmaq üçün istəyir. Bu isə, əlbəttə, bizim ürəyimizcə deyil”.