Paşinyan saman çöpündən yapışmaq istəyir

Ermənistan danışıqlardan qaçmaqla bundan da ağır duruma düşəcək

Dağlıq Qarabağ məsələsində diplomatik həll yolu yoxdur. Bunu Ermənistan baş naziri Nikol Paşinyan "Facebook" hesabında etdiyi canlı yayım zamanı bildirib. Paşinyan qeyd edib ki, Qarabağ məsələsinin indi və bundan sonrakı üzun müddət ərzində sülh yolu ilə həlli mümkün deyil: "Diplomatik həll yolu haqqında danışmaq artıq mənasızdır".

Paşinyan həmçinin dinc əhalini də silahlanaraq döyüşlərə qatılmağa çağırıb. Görünən odur ki, mövcud reallığı dərk edib qəbul edə bilməyən Ermənistan baş naziri danışıqlar prosesini növbəti dəfə əngəlləmək və dinc erməni əhalisini döyüşlərə qatmaq istəyir.

 Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistan baş nazirinin münaqişənin diplomatik həlli yoxdur deyə açıqlaması növbəti dəfə onu göstərir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində tamamilə maraqlı deyillər. Onun sözlərinə görə, ermənilər artıq Azərbaycan Ordusunun qarşısında tab gətirə bilmirlər: 

"Onlara hər zaman Azərbaycan torpaqlarını işğal altında saxlamaq sərf edirdi. Düşünürdülər ki, heç zaman onlardan bu torpaqlar geri alınmayacaq.

Amma Azərbaycan Ordusu günbəgün uğurlar əldə etdikdən, yəni öz ərazilərimizi işğal altında azad etdikdən sonra onlar yaxşı başa düşdülər ki, sülh yolu ilə heç bir şey əldə edə bilməyəcəklər. Ona görə də, artıq müharibə çağırışları edirlər.

Əhalini silaha sarılmağa çağırırlar. Bu da onların tam uduzduğunun bariz göstəricisidir. Demək ki, ermənilər hər şeyi itiriblər və daha acınacaqlı durumdadırlar".