Türk professor: "Azərbaycan geri addım atmaz, əksi baş verərsə..." - AKTUAL 

"...Minsk qrupu yenidən yaradılmalıdır. Və bu dəfə Türkiyə vasitəçilərdən biri, hətta birincisi olmalıdır”


2020, doğrudan da, maraqlı il oldu. Koronavirus pandemiyasına görə ilk aylar gileylənirdik, birbaşa 2021-ə “keçmək” istəyirdik. Amma, sən demə, sürpriz irəlidə imiş. 2020 bizi Dağıq Qarabağa qovuşdurmaqdadır. Cənab prezident, Ali baş komandan İlham Əliyevin siyasi iradəsi, ordumuzun qüdrəti, şücaəti nəticəsində nisgilə son verməkdəyik. “Qaçqın”, “məcburi köçkün” statusları çoxları üçün artıq yoxdur. Əksərimiz sevincimizi heç cürə ifadə edə bilmirik. Əlbəttə, bu günlərdə bizim qədər türk qardaşlarımız da sevinclidirlər.

Müharibənin ilk günlərindən etibarən dəstəklərini əsirgəməyən qan qardaşlarımız kədərimizə də, sevincimizə də şərikdirlər. Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, dövlət rəsmiləri ilə yanaşı, ziyalılar, siravi şəxslər də əllərindən gəldiyi qədər dəstəklərini ifadə edirlər. Əlbəttə, politoloqlar da istisna deyil. Onlar vəziyyəti tam obyektiv təhlil edərək dünya ictimaiyyətinə çatdırırlar. Dağlıq Qarabağ mövzusu Türkiyə mediasının baş məqaləsidir, manşetidir.  

İstanbul universitetinin professoru, beynəlxalq məsələlər üzrə mütəxəssis Yaşar Onay da hadisələri yaxından izləyir. Odur ki, “Sherg.az” olaraq Yaşar bəylə əlaqə saxlayıb, suallarımızı cavablandırmasını xahiş etdik:

- Sizcə, müharibənin indiki məqamda başlanmasını zəruri edən nə idi?

- Ermənistanın Azərbaycana qarşı təcavüzünün pərdə arxasında dayanan bir neçə səbəb var. Bunlardan ən başlıcası Xəzər dənizinin statusudur. Belə ki, bu problemin həlli Dağlıq Qarabağ probleminin həllində siyasi və iqtisadi baxımdan vacib olduğuna görə, Ermənistan narahatdır. Rəsmi İrəvanın beynəlxalq hüququ saymayaraq Tovuza hücumu məhz bununla bağlıdır. Bu nöqtədə Türkiyə Azərbayacana dəstəyini göstərdi. Amma Ermənistan BMT Təhlükəsizlik Şurasının işğal edilmiş torpaqlardan  geri çəkilməsinə dair çağırışlarına məhəl qoymadı. Başda Fransa olmaqla, bəzi Qərb dövlətləri isə təzavüzkarı dayandırmaq əvəzinə, daha da şirnikləndirdilər. İkinci səbəb isə mövcud Ermənistan hakimiyyətinin ölkənin qarşı- qarşıya qaldığı iqtisadi və siyasi problemlərin həllindəki bacarıqsızlığı və xalqın gedərək artdığı narazılığı idi. Hakimiyyət müharibə yolu ilə bir növ xalqın fikrini yayındırmaq istədi. Amma nəzərə almadıqları bir məqam vardı.

-Hansı məqam?

-İqtidarın əsgərlərinə döyüşmək üçün əsaslı səbəb təqdim etməməsi. Halbuki Azərbaycan ordusunun və millətinin savaşmaqdan ötrü əsaslı səbəbi var idi-  işğal altındakı vətən torpaqlarını azad etmək. Bax, fərq yaradan əsas məsələ bu idi.

-Genişmiqyaslı hərbi əməliyyatların gedişatını necə qiymətləndirirsiniz?

 -Sentyabrın 27-də Ermənistanın təxribatlarla başlatdığı müharibə onun gözlədiyi kimi inkişaf etmədi. Azərbaycan ordusu bir çox cəbhədə düşməni geri oturdu. Terrorçular itkilər verdi və işğal altındakı torpaqların azad olunması prosesi başlandı. Qərbdən və Rusiyadan gözlədiyi, istədiyi dəstəyi almayan düşmən bu dəfə də təxribatlara əl atdı, hətta mülki yerləri hədəfə aldı.

-Əslində çox mühüm məsələyə toxunduğunuz. Düşmən mülki əhalimizi atəşə tutmaqla nəyə nail olmaq istəyir?

 -Azərbaycan müharibənin başlandığı ilk andan etibarən döyüşləri Ermənistan torpaqlarına keçirməməyə, işğal altındakı ərazi hüdudlarında davam etdirməyə xüsusi diqqət göstərir. Bu hərəkətimiz Ermənistanı daha da əsəbiləşdirir. Ona görə də belə provokasiyalarla bizi hövsələdən çıxarmağa çalışır. Fəqət Azərbaycan bu tələyə düşməyib. Ermənistan hakimiyyəti, həqiqətən, çox çarəsizdir

-Naxçıvana raket atılmasını nə ilə izah edirsiniz?

 -Bu da çarəsizliyin göstəricisidir. Məqsəd tərəflərin sayının artması və Türkiyənin də savaşa müdaxiləsidir. Beləliklə, Qərb də müharibəyə qoşulacaq və savaş qismən istədikləri kimi nəticələnəcəkdi. Ancaq Türkiyə də bu oyuna getmədi.

-Ermənistanın taleyi sual altındadır...

 Altını xətləyərək bir məqama diqqət çəkmək istəyirəm: elə lider düşünün ki, şəxsi mənafəyi hesabına xalqını və dövlətinin gələcəyini heç düşünmədən təhlükəyə atsın. Bax, bu « lider » Ermənistan prezidenti Armen Sarkisyandır. Erməni gəncliyini bilə-bilə ölümə göndərən adam odur. Artıq erməni xalqının də bu həqiqəti görərək ayağa qalxmaq zamanı çatıb.

Əks halda övladları boş yerə ölməyə davam edəcək. Görünən odur ki, Ermənistanın köməyinə gələ biləcək ən birinci qüvvə məhz erməni xalqı özüdür. Ermənistan daxili dövlətdir. Onun mövcudluğunu qoruması qonşuları ilə olan münasibətlərə bağlıdır. Bu bölgənin də ən önəmli ölkələri, şübhəsiz ki, Türkiyə, Azərbaycan, Gürcüstan və İrandır.

Lakin İranın siyasi gedişləri ilə Qərbinki arasında fərq yoxdur. Bölgədəki hərbi əməliyyatlar İranın xeyrinədir. Çünki İran və ona bənzər ölkələr xaosla “qidalanırlar”. Ermənistan isə Türkiyə və Azərbaycanla sağlam və qarşılıqlı hörmət çəçivəsində münasibət qurarsa, bundan bütün region, ən çox da rəsmi İrəvan özü qazanclı çıxacaq. Ermənistan xalqının bu həqiqəti görmək və lazım olanı etmək vaxtı çatıb.

-Sizcə, müharibə nə ilə nəticələnəcək?

- Əlbəttə, bu yaşananlardan ən çox dərs çıxarmalı olan Minsk qrupudur. İndiki məqamdan sonra Azərbaycan geri addım atmaz. Və görünür, əks-hücum əməliyyatlarını uğurla sonlandıracaq. Belə bir vəziyyətdə BMT Təhlükəsizlik Şurasının qərarlarının tətbiqi üçün heç bir əngəl qalmayacaq. Azərbaycan ordusunun döyüş meydanında qazandığı zəfər diplomatiyadakı uğurları ilə taclanacaq. Beləliklə, Minsk qrupunun missiyası yekunlaşmış olacaq.

-Bu dedikləriniz çox xoşdur. Amma bizim bir atalar misalımız var: şər deməsən, xeyir gəlməz...

-Əksi baş verərsə, arzulanan və gözlənilən olmazsa və işğal altındakı torpaqlar tarixi sahiblərinə qaytarılmazsa, Minsk qrupu yenidən yaradılmalıdır. Və bu dəfə Türkiyə vasitəçilərdən biri, hətta birincisi olmalıdır.