“İti qovan”lar gəlir: “Bu, “Ulduz müharibələri”nin başlanğıcıdır !” 

“PUA istehsalı yaxın gələcəkdə daha da kütləviləşəcək”

“İkinci Dağlıq Qarabağ savaşı günlərində də onun əhəmiyyətini görməkdəyik. PUA-lar artıq bütün dünyanın diqqət mərkəzindədir”


 Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələri Azərbaycan Ordusunu silah və sursatla fasiləsiz iş rejimində təmin edir. Nazirliyin mütəxəssisləri hərbçilərlə birlikdə yeni tipli silah və döyüş sursatlarının real döyüş şəraitində sınaqlarını keçirirlər.

Müdafiə Sənayesi Nazirliyinin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” Pilotsuz Uçuş Aparatlarının seriyalı istehsalına başlayıblar. Ali Baş Komandan İlham Əliyevin tarixə düşən bu ifadəsi PUA-ların qanadları üzərinə yazılıb. Hazırda “İti qovan” PUA-ları Azərbaycan Ordusunun istifadəsindədir. Deməli, ermənilərin bəhanalərinə də bundan sonra yer qalmayacaq. İndi öz PUA-mız da var!



Ehtiyatda olan polkovnik Şair Ramaldanov bu təşəbbüsü “Sherg.az”a qiymətləndirib: 

“Hazırda döyüşlərin gedişatında ən məqsədyönlü istifadə edilə bilən silahlardan biri məhz PUA-dır. PUA-nın üstünlüyü çoxdur. Şəxsi heyət itirmək təhlükəsinin olmaması, təyyarəyə nisbətən xeyli ucuzluğu onu vacib silahlardan birinə çevirir. Ümumiyyətlə, indi məhz PUA dövrüdür. Düşünürəm ki, bu addımlar “Ulduz müharibələri”nin başlanğıcıdır. PUA istehsalı yaxın gələcəkdə daha da kütləviləşəcək. Biz İkinci Dağlıq Qarabağ savaşı günlərində də onun əhəmiyyətini görməkdəyik.

PUA-lar artıq bütün dünyanın diqqət mərkəzindədir”.