Paşinyan “ölüm döşəyi”ndədir ! - “Əhalinin sosial reaksiyası qaçılmazdır” – Devirəcəklər !

“O vaxtadək isə Azərbaycan döyüş meydanında elə uğurlar qazanacaq ki, danışıqlar prosesi müzakirə mövzusu belə olmayacaq”

“Ermənistan məğlubiyyətə məhkumdur. Qərb dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatları da göz önündədir”


Ermənistan baş naziri Nikol Paşinyan mənasız ambisiyaları, məntiqsiz ritorikaları ilə çoxdan özünə “quyu qazmışdı”.   İndi isə nəfəs ala bilmir, boğulur. Uğursuz siyasətçinin ideya və iddialarına görə erməni xalqını, o cümlədən əsgərləri qurbana çevirməsi artıq daxildə narazılıq yaradıb. Paşinyan bir az obrazlı dillə desək, “ölüm döşəyindədir”. Xalq hər an onu devirə bilər.

Beləliklə, Paşinyan yenə də gəldiyi yerə-küçəyə qayıdacaq. Yaxşı, bəs sonra? Paşinyanın yerinə gələn hansısa bir “-yan” bizimlə siyasətini necə quracaq? “Şirin vədlər” taktikasına əl atmayacaq ki? Hər halda bunu yaxşı bacarırlar.

Politoloq Əhməd Əlili bu barədə “Sherg.az”a danışıb:

 “Ermənistanda vəziyyət çox pisdir. Rəsmi statistikaya görə min nəfər itki var. Hərçənd ki, bu, sadəcə döyüş meydanından çıxara bildikləri və kimliyi müəyyənləşmiş şəxslərdir. Üstəlik, nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağdakı ermənilərin çoxu rəsmi qeydiyyata alınmayıb. Hələ ağır yaralılar da var. Deməli, real ölüm sayı üç mindir. Bu isə çox ciddi rəqəmdir. Əlbəttə, yerli əhalinin sosial reaksiyası qaçılmazdır. Lakin, məncə, indiki məqamda narazı qüvvələr də siyasi hakimiyyətin stabilliyinə çalışacaq. Yalnız hərbi əməliyyatların aktiv fazası geridə qaldıqdan sonra Paşinyanı devirəcəklər. O vaxtadək isə Azərbaycan döyüş meydanında elə uğurlar qazanacaq ki, danışıqlar prosesi müzakirə mövzusu belə olmayacaq”.

Ə.Əlilinin fikrincə, Ermənistan baş naziri bu uğursuzluğu əvvəlcədən təxmin edirdi:

 “Yadınızdadırsa, o, müharibənin ilk günlərində parlamentdə belə bir ritorik sual verdi: “Siz Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına razısınızmı?”. Təbii ki, hamı bir ağızdan “yox” cavabı verdi. Əslində məqsəd uğursuzluğun məsuliyyətini bölüşmək idi. Paşinyanın son vaxtlar Ermənistanın sabiq dövlət rəhbərləri ilə tez-tez görüşməsi də buna hesablanıb. Amma Ermənistan məğlubiyyətə məhkumdur. Qərb dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatları da göz önündədir”.