Beynəlxalq hüquqa ikili yanaşma Ermənistanın təcavüzkar fəaliyyətinə geniş imkanlar yaradır

Amma BMT Təhlükəsizlik Şurası, nədənsə, Ermənistanı qanunsuz hərəkətlərindən çəkindirmək üçün lazımi qərarlar qəbul etmir


"BMT-nin Təhlükəsizlik Şurası  Azərbaycanın müraciətinə müvafiq olaraq 1993-cü il noyabrın 12-də 884 saylı qətnamə qəbul edib. Həmin qətnamə Azərbaycanın Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğal edilməsi faktından narahatlıq ifadə edirdi. Həmçinin həmin sənəddə işğalçı qüvvələrin bu ərazilərdən çıxarılması tələb olunurdu.

Qeyd edək ki, sözügedən sənəd BMT TŞ-nin 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrini təsdiq edərək eyni məzmun daşıyırdı. Lakin təəssüflər olsun ki, beynəlxalq güclərin beynəlxalq hüquqa ikili yanaşması və beynəlxalq təşkilatların qəbul etdikləri qərar, qətnamələrin icra mexanizminə fərqli münasibət sərgiləmələri Ermənistan kimi işğalçı və terrorçu dövlətin təcavüzkar və separatçı fəaliyyətinin genişlənməsinə geniş imkanlar yaratmış olur".

Bu sözləri "Şərq"ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov deyib. O bildirib ki, beynəlxalq güclər özlərinin geosiyasi maraqlarına uyğun BMT-nin qətnamələrinin qəbuluna və icra mexanizminin müəyyənləşməsinə asanlıqla nail olurlar:

"Nəzərə alsaq ki, dünyanın müxtəlif regionlarında baş vermiş silahlı münaqişələrin, terrorizmin həlli istiqamətində addımlar onlar tərəfindən tez bir şəkildə həll olunur. Amma Azərbaycanla bağlı problemin həllinə gəldikdə bu təşkilatın qəbul etdiyi sənədlərdə beynəlxalq hüququn çox vacib prinsipləri nədənsə unuduldu.

Təcavüzkarın cəzalandırılması üçün heç bir konkret mexanizm müəyyənləşdirilmədi. Halbuki, münaqişələrin həlli sahəsində müəyyən təcrübəsi olan bu təşkilat Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə son qoymaq və regionda həqiqi, davamlı sülhə nail olmaq üçün kifayət qədər geniş imkanlara malikdir".

Politoloq vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası təcavüzkarı cəzalandırmaqda heç vaxt maraqlı olmayıb:

" 27 sentyabr 2020-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini, dinc əhaliyə qarşı həyata keçirdiyi terror aktlarını sübut edən təkzibedilməz faktlar olsa da, BMT Təhlükəsizlik Şurası, nədənsə, Ermənistanı qanunsuz hərəkətlərindən çəkindirmək üçün lazımi qərarlar qəbul etməkdə maraqlı görünmür.

Düşünürəm ki, dövlətin suverenliyi ən üstün qüvvəyə malikdir. Buna görə də Azərbaycan bu hüququndan istifadə etməklə işğal altında olan torpaqlarını tam olaraq işğalçılardan azad etməyə qadirdir. İstər hərbi yolla, istərsə də diplomatik yolla Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək gücünə malikdir.

Çünki Azərbaycanın ilk növbədə güclü xalqa, orduya və liderə sahib olması ona parlaq qələbə qazandıracaq".