Havalar hələ soyumayıb

Bizi qarşıda yoluxma sayında daha böyük artım gözləyir

Cavanlar evlərindəki nənə-babanın bu xəstəliyə yoluxduğu zaman gözlənilən nəticəni düşünmürlər



"Xüsusən cavanlarımız maska taxmaqdan çəkinirlər, buna ciddi yanaşmırlar. Çünki əmindilər ki, xəstəliyi yüngül keçirəcəklər”.
Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. Y.Qarayeva bildirib ki, cavanlar evlərindəki nənə-babanın bu xəstəliyə yoluxduğu zaman gözlənilən nəticəni düşünmürlər:

“Onlar düşünmürlər ki, nənə-baba artıq bu xəstəliyi evdə yüngül müşahidə altında keçirə bilməyəcək. Bizdə evdə müalicə olan xəstələr arasında ona görə ağırlaşmalar qeydə alınmır ki, biz onların vəziyyətinə, yaşına baxırıq. Xroniki xəstəliyi olan insanı biz evdə müşahidə altında saxlamırıq. Biz onu birbaşa xəstəxanada saxlayırıq. Buna görə də gənclər bu məsələyə ciddi yanaşmalıdırlar”.

Y.Qarayeva bu məsələdə ictimai qınağın olmasını vacib bilib:

"Ordumuza dəstək olmaq istəyənlər COVİD mübarizəsinə qoşulsun. Biz bilirdik ki, payız-qış aylarında virusa yoluxma sayında artım gözlənilir. Lakin hələ havalar soyumayıb, ona görə də, bunu hazırkı artımla bağlı səbəb kimi göstərə bilmərik.

Görünür, başqa səbəblər də var. Bəlkə də insanların sentyabr ayında “COVİD”ə yoluxma sayında azalmanın olmasına görə bir qədər rahatlanması bu nəticəyə gətirib çıxardı. Lakin bilməliyik ki, havalar hələ soyumayıb, bizi qarşıda yoluxma sayında daha da artım gözləyir".

O qeyd edib ki, fevral ayının sonlarından Operativ Qərargah xüsusi planlar hazırlamışdı. Bir çox rayonlarda modul tipli xəstəxanalar tikilib. Lakin hazırkı vəziyyətlə əlaqədar bir çox şey dəyişib:

“Bizim kifayət qədər çarpayı ehtiyacımız var idi. Son hadisələrlə əlaqədar biz çarpayı fondumuzun bir hissəsini bəlli istiqamətdə istifadə edirik. Maraqlıyıq ki, tibb işçilərimiz də qüvvətli olsunlar, hazır vəziyyətdə olsunlar ki, hərbçilərimizə kömək eləsinlər.

Xəstəlik insanın peşəsinə baxmır, tibb işçilərimiz də virusa yoluxa bilir. Bir çox bölgə xəstəxanalarımızda tibb işçiləri arasında da yoluxmalar artır. Bizdə əsas problem ağır xəstələr, yaşlılar, xroniki xəstəliyi olanlarla bağlıdır.

Çünki onların adi stasionar çarpayıya yox, intensiv-terapiya çarpayısına ehtiyacı var. Bu o deməkdir ki, həmin xəstə azı 2 həftə orada müalicə olunur. Bu, ciddi problemdir”.