“Şagirdlərin dərsə adaptasiyası zaman alacaq”

 “İstər müəllimlərdə, istərsə də şagirdlərdə problem yaranacaq. Bütün hallarda valideynlər diqqətli olsalar, yaxşıdır”



“Təhsil müəssisələri yenidən fəaliyyətini dayandırıb. Şübhəsiz, həm şagirdlərdə, həm də müəllimlərdə təkrar tədrisə başladıqları zaman dərsə uyğunlaşmaq çətin olacaq”.
Bu sözləri “Sherg.az”a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib. O bildirib ki, mövcud şəraitlə bağlı onlayn tədrisə də fasilə verilib. Bu səbəbdən şagirdlərin dərsə adaptasiyası zaman alacaq: 

“Eyni zamanda bütün bu məsələlərə digər hadisələr də əlavə olundu. Gəncədə terror hadisələri törədildi. Bu da həm Gəncədəki, həm də cəbhə bölgələrindəki şagirdlərin məktəbə uyğunlaşmasında müəyyən problemlər yaradacaq.

Çünki o uşaqlar böyük travma aldılar. Amma düşünürəm ki, qabaqlayıcı tədbirlərin görülməsi işləri asanlaşdıracaq. Məktəblər normal şəkildə öz fəaliyyətinə başlayarsa, xüsusi bir problem olmayacaq. Əsas keçilməmiş dərsləri bərpa etməkdir. Burda müəyyən qədər çətinliklər ola bilər.

Dərslərin hansı şəkildə tənzimlənməsinə isə Təhsil Nazirliyi qərar verəcək. Ümumi olaraq qeyd edim ki, uzun müddət evdə qalmaq uşaqların təhsili mənimsəməsindən təsirsiz ötüşməyəcək. İstər müəllimlərdə, istər şagirdlərdə problem yaranacaq.

Bütün hallarda valideynlər diqqətli olsalar yaxşıdır. Bir qədər nəzarət etsələr, uşaqların evdə qaldıqları müddətdə müəyyən materialları öyrənmələrinə kömək olarlar”.