Qarabağ savaşı Paşinyana baha başa gəldi

Baş nazirin hakimiyyətdən devrilməsi an məsələsidir

Ermənistan baş naziri Nikol Paşinyan danışıqlar prosesini növbəti dəfə əngəlləmək üçün əlindən gələni edir. Erməni baş nazir “Facebook” hesabında etdiyi canlı yayım zamanı bildirib ki, Dağlıq Qarabağ məsələsində diplomatik həll yolu yoxdur. O qeyd edib ki, Qarabağ məsələsinin indi və bundan sonrakı uzun müddət ərzində sülh yolu ilə həlli mümkün deyil: “Diplomatik həll yolu haqqında danışmaq artıq mənasızdır”. Paşinyan digər bir çağrışı ilə dinc əhalini silahlanaraq döyüşlərə qatılmağa çağırıb. 

Paşinyanın açıqlamasını şərh edən Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində tamamilə maraqlı olmadığını bir daha nümayiş etdirdi. H.Hacıyev bildirib ki, bu açıqlama ilə Ermənistan rəhbərliyi özü etiraf edir ki, Yerevanın məqsədi Azərbaycanın işğal olunmuş ərazilərini işğal altında saxlamaqdır:

"Bununla, rəsmi Yerevanın münaqişənin danışıqlar yolu ilə həlli barədə açıqlamalarının riyakarlıqdan başqa bir şey olmadığı bir daha öz təsdiqini tapmış olur. Ermənistanın baş naziri məsuliyyətsiz şəkildə və öz siyasi ambisiyaları naminə bütün mülki hakimiyyət orqanlarını, mülki insanları total silahlanmaya çağıraraq hərbi əməliyyatlara sövq edir. Ermənistanın bu rəsmi mövqeyi humanitar atəşkəs rejiminin kimin tərəfindən pozulmasını sübut edir və regionda vəziyyətin daha da gərginləşməsinə xidmət edir.

Azərbaycanın Gəncə şəhərini SCUD tipli ballistik raketlərlə, digər şəhər və rayonlarının sakinlərini raket və artilleriya ilə daim atəşə tutmaq barədə əmr verən şəxs tərəfindən bu kimi açıqlamanın verilməsi əslində təəccüb doğurmamalıdır.

Ermənistan baş nazirinin bu açıqlaması iki ölkənin xarici işlər nazirlərinin Rusiyanın təşəbbüsü ilə Moskvaya işgüzar səfərindən dərhal sonraya və ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdən öncəyə təsadüf edir”.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanın münaqişənin həlli ilə bağlı konstruktiv mövqeyinin fonunda beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistan rəhbərliyinin bu açıqlamasından nəticə çıxarmalıdır:

“Ermənistan rəhbərliyinin bu açıqlaması eyni zamanda münaqişənin diplomatik yolla həlli istiqamətində beynəlxalq ictimaiyyət tərəfindən atılan addımlara hörmətsizlikdir”. 

Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığı ilk günlərdən dünyanın aparıcı ölkələrinin liderlərinə ardıcıl zənglər edən və atəşkəsə nail olmaq istəyən Nikol Paşinyanın ötən gün verdiyi açıqlama gözlənilməz olsa da, təəccüblü deyildi. Çünki Nikol Paşinyan əslində müharibənin alovlanması üçün nə mümkündürsə, onu da etmişdi. O, müharibənin ilk günlərində Qarabağ danışıqları ilə bağlı aldığı mirasdan bəhs etmiş və sülh danışıqlarının əslində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aparıldığını təsdiqləmişdi. Prezident İlham Əliyev də TASS-a müsahibəsində əvvəlki hökumətlə aparılan danışıqların məntiqi nəticəyə çox yaxın olduğunu bildirmişdi. Lakin Ermənistan rəhbərinin son anda iki rayonun (Laçın və Kəlbəcər - red) qaytarılmasından imtina etdiyi üçün proses uzanmışdı. 

Ermənistanın “Rus NATO-su”ndan və Aİİ-dən çıxması gərəkdiyini uzun illər siyasi fəaliyyətinin əsas tərkib hissəsinə çevirən Paşinyanın hakimiyyətinin ilk günlərində rusmeyilli siyasilərə və maqnatlara qarşı başlatdığı böyük repressiya Rusiya ilə münasibətləri son dərəcə gərginləşdirdi. Əvəzində daha artıq imtiyaz istəyən və Rusiyanın bölgədəki maraqlarını Qərbə satmaqla hədələyən yeni hökumətin avantürist siyasəti iflasa uğradı. Bunun ardınca isə Paşinyan israrla danışıqlardan çıxmağa, Qarabağda növbəti eskalasiyanın yaranması üçün çalışmağa başladı.

Rəsmi Bakı təsadüfən demirdi ki, Ermənistan ciddi şəkildə müharibəyə hazırlaşır. Çünki 20 ildən artıq sürən və müəyyən məsafə qət edilən danışıqları sıfırlamağa çalışan Paşinyan “DQR”i danışıqlar masasına oturda bilməyəcəyini anlayandan sonra Bakını fakt qarşısında qoymaq istəyirdi: “Qarabağ Ermənistandır və nöqtə”, “Yeni ərazilər üçün yeni müharibə”, Şuşanın “paytaxt”a çevrilməsi yönündə çalışmalar Azərbaycanı birmənalı olaraq müharibəyə çəkmək idi. Bütün vasitələrlə növbəti müharibə və növbəti işğalla Azərbaycanı ərazi bütövlüyü hüququndan məhrum etməyə cəhd siyasəti aparılırdı. Tovuz təxribatı Paşinyanın müharibənin istiqamətini tamamilə fərqli səmtə çevirməklə bağlı çox hiyləgər bir oyunu idi. Azərbaycan KTMT-yə görə Ermənistana girməyəcəkdi, Ermənistan isə tamamilə fərqli məkandan “yeni ərazi” işğalına cəhd edirdi.

Beləliklə, Azərbaycanı danışıqları sıfırdan başlamağa razı salmaq üçün hiyləgər və təhlükəli bir plan hazırlanmışdı. Tovuz təxribatının qarşısı dərhal alındı, ancaq Azərbaycan Qarabağda müharibəni başlatmadı, çünki zamanlama tamamlanmamışdı. Nəhayət, 27 sentyabrda Ermənistan hökuməti növbəti genişmiqyaslı təxribata cəhd göstərdi. Ancaq heç nə gözlənildiyi kimi olmadı. Azərbaycan Ordusunun əks-hücum əməliyyatını sonadək davam etdirməsi ilə bağlı Prezident İlham Əliyev əmr verdi və Vətən müharibəsi başladı. İlk gündəcə Ermənistan ordusunun ağır zərbələr alması və ciddi mövqe itkiləri qarşılığında Paşinyan yeni provokasiyalara başladı.

Azərbaycanın mülki əhalisini Ermənistan ərazisindən vurmaqla Rusiyanı müharibəyə daxil etməyə çalışdı. Bir müddət öncə Ermənistan ərazisində (Vardanes) start mövqeyə çıxarılan zenit-raket komplekslərini Azərbaycan Ordusu məhv etdi. Ermənistan bunu dərhal KTMT-yə müraciət üçün əsas kimi götürərək, Kremlə “faktlar təqdim etməyə” çalışdı. Ancaq məlum oldu ki, Azərbaycan mülki şəhərlərini nişan alan legitim hərbi hədəfi məhv etdiyinə dair olduqca səhih dəlillərə, hətta videogörüntülərə sahibdir.

Kreml də məsələnin araşdırıldığını deməklə, Ermənistana inanmadığını ilk gündəcə elan etdi. Nəticə odur ki, artıq bu məsələ heç müzakirə predmeti deyil. Prosesin indiki mərhələsində diplomatiyaya daha çox yer verməli olan Ermənistan baş naziri danışıqlar masasına oturmayacağını elan etməsi və bütün xalqı savaşa çağırması, özünümüdafiə dəstələrinin yaradılması istəyi ən son mərhələ sayıla bilər. Paşinyan bir daha bu müharibəni aylarla yürütdüyü məqsədyönlü siyasət nəticəsində qazandığını etiraf etməklə, savaşı dayandırmaq niyyətində olmadığını göstərdi. 

Millət vəkili, politoloq Rasim Musabəyov deyib ki, uduzan tərəf müharibədən dəm vurmaqla “ziyanın yarısından qayıtmaq” şansını da itirir. Deputatın fikrincə, ermənilər hələ də Rusiyanın müdaxiləsinə ümid edirlər:

“Müharibə Azərbaycan ərazisində gedir. Düşmən öz ərazisindən Azərbaycana soxulacaqsa, öz ərazisi zərbə altında qalacaq. Bu halda heç kəsin Azərbaycanı qınamaq haqqı olmayacaq.

Paşinyan göstərmək istəyir ki, guya o vuruşur, mübarizə aparır. Rəqibləri isə onun məğlub olacağını bilirlər. Baş nazir fərqindədir ki, hansısa mərhələdə rəqibləri ona deyəcəklər ki, “məğlub oluruq, güzəştlərə get və məsələ həll olunsun”. Bu halda Paşinyan öz günahını rəqiblərinin boynuna atmağa çalışa bilər.

Paşinyanın ucuz və cılız manevrləri əslində özünü xilasa yönəlib. Anlayır ki, müharibəyə son qoyulduğu halda bununla haqq-hesab çəkəcəklər. Bu haqq-hesab heç də hakimiyyətinin itirilməsi deyil, fiziki məhvinə gətirib çıxara bilər. Ermənistana cəsədlər gələndə ona deyəcəklər ki, “cavab ver, anlat görək Ermənistan niyə uduzub biabır oldu”. Əvvəl özlərini çox yuxarıdan aparırdılar, deyirdilər elə edəcəyik, belə edəcəyik, erməni ruhu var və s. İndi hanı erməni ruhu? Batdı!”.

Politoloq hesab edir ki, əslində Paşinyan bu addımı ilə Azərbaycana imkan yaradır ki, onları öz torpaqlarımızdan silib ataq: “Diplomatik baxımdan bu, bizə üstünlük yaradır. Heç kəs gedib ağılsız dövlət başçısına qoşulmayacaq. Onun davranışlarında məntiqsizlik hiss edilirdi. İndi isə stres vəziyyətindədir. Daha neqativ hərəkətlərə gedəcəyini istisna etmirəm”.

Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov “Şərq”ə bildirib ki, bir-birindən sərsəm son açıqlamaları və paylaşımları sübut edir ki, düşmən ölkənin baş naziri Nikol Paşinyanın həqiqətən də çox ciddi pisixolojik problemləri var. Partiya sədrinin sözlərinə görə, ordusu hər gün məğlubiyyətə uğrayan Ermənistan rəhbəri əslində indiki kritik vəziyyətdə ağıllı qərarlar verib mənasız müharibəni dayandırmaq və işğalçılığa son qoymaq əvəzinə, əksinə, daha da inadkarlıq göstərir, bir-birindən isterik qərarlar verir:

“O, Ermənistan ordusunun onsuz da ağır olan vəziyyətini bir qədər də ağırlaşdırır. Paşinyan komromislər üçün, sülh üçün heç bir əl yeri qoymur, bütün “körpü”ləri yandırır, danışıqlardan imtina edir, “ancaq müharibə!” ritorikasından çıxış edir. Bütün erməniləri könüllü döyüş dəstələri yaratmağa çağırır. Lakin Paşinyanın planları ermənilər tərəfindən heç də birmənalı qarşılanmır.

Belə ki, onun sözügedən statusunun altında şərh yazan bir çox ermənilər Paşinyanın əli silah tuta bilməyən insanları ölümə göndərdiyini bildiriblər. Ancaq məlum məsələdir ki, onların rəyləri, etirazları narsizm xəstəliyinə tutulmuş Paşinyanın vecinə deyil.

Paşinyan hazırda öz xalqını eşitmək, dinləmək istəmir. Onsuz da müharibənin hələ ilk günlərindən Ermənistanın uduzduğunu dərk edən Nikol Paşinyan indi erməni xalqını yox, yalnız özünü və öz hakimiyyətini xilas etməyi düşünür. Haqqında bəhs etdiyimiz yeni “fəaliyyət planı” da məhz onun hakimiyyət maraqlarına xidmət edir.

Hətta Qarabağ da Paşinyan üçün maraqlı deyil. Çünki o, Qarabağı Ermənistan üçün artıq itirilmiş hesab edir. Ancaq kapitulyasiya etməyi də bacarmır. Çünki bu halda ermənilər onu linç edərlər. Odur ki, indi Paşinyan öz canının hayındadır. O, çıxılmaz situasiyanın əsirinə çevrilib və onun ətrafında çevrə gün-gündən daralır”.

Ə.Hüseynovun sözlərinə görə, artıq Paşinyanın hakimiyyətdən devrilməsi an məsələsidir:

“Rusiyadan, Fransadan dəstək alan siyasi rəqibləri onu devirmək üçün hər an fürsət gözləyirlər. Lakin Paşinyan əgər hələ də öz xalqına heç olmasa son anda hansısa bir yaxşılıq etmək istəyirsə, o zaman Azərbaycan Prezidentinin irəli sürdüyü şərtləri qəbul etməli, müharibəni dayandırmalı və torpaqlarımızı dərhal işğaldan azad etməlidir.

Son çıxış yolu budur. Paşinyanın başqa seçim yolu yoxdur”.