Türkiyəli tarixçi ! - “Rusiya Azərbaycanın haqlı olduğunu bilir” - Mane olmamalıdır !


“Ona görə də rəsmi Moskva vaxt uzatmamalıdır. Azərbaycanın işğal altındakı torpaqlarını azad etməlidir”

“Ermənistanın Qarabağı işğal etdiyi BMT-nin qətnamələrində də göstərilib. Bunu dünya ictimaiyyətinə eşitdirmək, başa salmaq lazımdır”

“Azərbaycan təmsilçiləri və diasporu SOS siqnalı altında işləməlidir. Ciddi bir media kampaniyası başladılmalıdır”

“Haqlı davamızı dünyaya başa düşdüyü dillə anlatmağa məcburuq”

“Türkiyə dövləti və 85 milyon əhalisi azərbaycanlı qardaşlarının yanındadır. Bundan sonrasını düşmən düşünsün”


Çanaqqala, Malazgird...savaşları bugünədək türkün zəfər bayramları kimi qeyd edilir. İndilərdə bu siyahıya növbəti uğurlu hərbi əməliyyatlar əlavə olunmaqdadır- təxminən 30 ildən sonra Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək uğrunda başlatdığı əks-hücum əməliyyatları bütün dünyada rezonans yaratdı. Türkün gücü bir daha planetə nümayiş etdirildi. Göstərildi ki, türk bir qarış torpaq uğrunda düşünmədən həm can alar, həm can verər.

 Tarixin ən müxtəlif sınaqlarından çıxmış Azərbaycan -Türkiyə dostluğu, qardaşlığı indi növbəti dəfə təsdiqləndi. Biz yenə də birlikdəyik. Yenə də bir-birimizdən güc alaraq haqq uğrunda savaşırıq.

 Türkiyənin Marmara universitetinin professoru, tarixçi Ali Satan Dağlıq Qarabağ müharibəsinə dair “Sherg.az”ın suallarını cavablandırarkən də bu tezis bir daha öz isbatını tapdı:

 - Bir tarixçi kimi fikirləriniz maraqlıdır, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsinin kökü haradan qaynaqlanır?

- Qarabağda tarixin heç bir dövründə erməni hakimiyyəti olmayıb. Orada heç vaxt ermənilər çoxluq təşkil etməyib. Əksinə, həmin ərazi ta X-XI əsrdən bu yana Qarabağ türklərinin məskunlaşdığı yerdir. Ermənilərin Qarabağı ələ keçirmək üçün XX əsrin əvvəllərindən fəaliyyətə başlamaları, Sovet inqilabından sonra belə, sovetlərin Qarabağı Azərbaycan torpağı kimi tanıdıqları hər kəsə məlumdur. Erməni Anastas Mikoyan 1920-ci il mayın 20-də Leninə məruzəsində ermənilərin Qarabağla heç bir əlaqəsinin olmadığını və buranın Azərbaycandan qopardılması lazımlılığını demişdir.  Qarabağ savaşı erməni imperializminin nümunəsidir.

Öz torpaqları ilə kifayətlənməyib Azərbaycana hücum edərək onun əlindən torpaqlarını almağa və bütün dünyada qurduğu təsirli təbliğat qruplaşmaları ilə ya mövzunu tam əks formada təqdim etməyə, ya da unutdurmağa çalışıblar. 1980-ci illərdə dünya miqyasında Türkiyə diplomatlarına sui-qəsdlər təşkil edən erməni terror təşkilarının qatilləri 1980-1990-cı illərdə Qarabağa aparıldılar və terrorlarına burada davam etdilər. Ardınca da haqsız, hüquqsuz işğallar və qətliamlar başlandı.

-Ermənistanın haqsız işğalları barədə nə deyə bilərsiniz?

- Ermənistanın Qarabağı işğal etdiyi BMT-nin qətnamələrində də göstərilib. Bunu dünya ictimaiyyətinə eşitdirmək, başa salmaq lazımdır.

- Necə?

- Məsələn dünya qəzetlərində, saytlarında bu qərarlar elan kimi dərc edilməlidir. Azərbaycan təmsilçiləri və diasporu SOS siqnalı altında işləməlidir. Ciddi bir media kampaniyası başladılmalıdır. Çünki Ermənistan yalan və səhvlərlər dolu idarəçilikdə, təbliğatda çox təcrübəlidir. Odur ki, bu məsələyə xüsusi diqqət göstərməliyik. Haqlı davamızı dünyaya başa düşdüyü dillə anlatmağa məcburuq.

-Elə isə savaş niyə məhz indi başladı?

- Otuz il ərzində Azərbaycan milyonlarca qaçqınına qucaq açdı, onları himayə etdi. Ancaq səbr və soyuqqanlılıqla hərəkət edərək macərə axtarmadı. Uzun müddət hərbi, siyasi və iqtisadi hazırlıqlar gördü. Azərbaycan liderliyi dərin bir diplomatiya qurdu. Hər zaman sülhə yer qoydu. Bütün diplomatik yolları yoxladı. Minsk qrupunun bütün işlərinə səbr və xoş niyyətlə dəstək oldu. Amma təəssüf ki, Ermənistan Azərbaycanın bu alicənab davranışını zəiflik olaraq gördü. Sərhəd təcavüzləri davam etdi və, nəhayət, Azərbaycan bu təxribatlara cavab verdi.

- Minsk qrupunun fəaliyyətini necə qiymətləndirirsiniz?

- Bu qurum 1992-ci ildən bu yana məsələni həll etmək əvəzinə, Ermənistan işğallarına göz yumdu. Azərbaycanın sülh axtarışları qarşılıqsız qalmışdı. Beləliklə, Azərbaycana torpaqlarını işğaldan azad etmək üçün hərbi yoldan savayı variant qalmadı.

- Rusiyanın məsələyə reaksiyası barədə nə deyə bilərsiniz?

- Ermənistan dövlətini Rusiya yaradıb və Ermənistanın Qarabağı işğalı məhz onun dəstəyi ilə mümkün olub. Həmçinin Kreml vasitəçi kimi də fəal olmayıb. İndi isə tərəfsiz qalmalıdır. Rəsmi Moskva Azərbaycanın haqlı olduğunu bilir. Ona görə də vaxt uzatmamalı, məsələyə mane olmamalıdır. Azərbaycanın işğal altındakı torpaqlarını azad etməlidir.

-Tarixi əsas olan qardaşlığımız üçün sizə minnətdarıq. Çox sağ olun.

  -“Bir millət, iki dövlət” şüarına uyğun olaraq Türkiyə hər zaman Azərbaycanı dəstəkləyəcək. 1918-ci ildə türk ordusu necə Gəncəni, Bakını işğalçılardan azad etdisə, yenə də Türkiyə dövləti və 85 milyon əhalisi azərbaycanlı qardaşlarının yanındadır. Bundan sonrasını düşmən düşünsün.