Bayramov - Pompeo görüşünün pərdəarxası: “...Mane olmağa çalışacaq”

“ Əlbəttə, ən çox nəzərdə tutduğu Türkiyədir. Danışıqların məqsədi Ermənistana vaxt qazandırmaqdır”

“Rusiyanın məsələyə reaksiyası başqa mövzudur. Özünün arxa bağçasında ABŞ-ın prestij qazanması onun ürəyincə deyil”

“Odur ki, Kreml məsələni daha diqqətlə izləyəcək”


 ABŞ Dövlət katibi Mayk Pompeo bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə ayrı-ayrılıqda görüşəcək. 
“RİA Novosti” xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamenti məlumat yayıb. 
Pompeonun Ceyhun Bayramovla görüşü Vaşinqton vaxtı ilə 09:30-da (Bakı vaxtı ilə 17:30-da), Zöhrab Mnatsakanyanla isə bir saat sonra başlayacaq. Müzakirə predmeti aydındır: Dağlıq Qarabağ müharibəsi. Amma bir sualımız var ki, indiyədək Ermənistanın hər cür “şıltaqlıqlığına” dözən, “ağızlarına su alan” həmsədr ölkələr niyə bu gün əl-ayağa düşüblər?! Özləri bilər. Onsuz da həqiqət, reallıq ortadadır.

İstanbul universitetinin professoru, beynəlxalq məsələlər üzrə mütəxəssis Yaşar Onay “Sherg.az”a açıqlamasında görüşlərin pərdəarxasında dayanan məqamı izah edib: 

“Əslində nə deyəcəkləri məlumdur. ABŞ dövlət katibi tərəfləri daimi atəşkəsə çağıracaq, digər dövlətlərin müdaxiləsinə mane olmağa çalışacaq. Əlbəttə, ən çox nəzərdə tutduğu Türkiyədir. Danışıqların məqsədi Ermənistana vaxt qazandırmaqdır. Rəsmi İrəvan daha böyük məğlubiyyətə uğramadan müharibəni dayandırmaq istəyir. Amma Rusiyanın məsələyə reaksiyası başqa mövzudur. Özünün arxa bağçasında ABŞ-ın prestij qazanması onun ürəyincə deyil.  Odur ki, Kreml məsələni daha diqqətlə izləyəcək”.