Cəbhədə internet olmasın ! – "Düşmən “VPN” vasitəsilə hərəkətləri izləyə bilər" - Təhlükəlidir ! 

“Əsgərlər, yəqin ki,  “VPN” proqramları ilə Ermənistanın dalğalarını tuturlar. Bu da çox təhlükəlidir”

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, o cümlədən Müdafiə nazirliyi məsələ ilə bağlı tədbirlər görməlidir”

“Çünki bu vəziyyət itkilərə səbəb ola bilər”

Sentyabrın 27-dən bu günə cəbhəboyu ərazilərdə gərgin döyüşlər gedir. Ön xətdəki savaşla yanaşı arxa cəbhədə də informasiya müharibəsi aparılır. Lakin vuruşan əsgərlərimiz bəzən bilmədən də olsa informasiya mübarizəsinə təsir göstərəcək səhvlərə yol verirlər. Məsələn döyüş bölgəsindən videoları, şəkilləri öz yaxınlarına, dostlarına göndərirlər.  Sonra həmin görüntülər bütün sosial şəbəkə platformalarında yayılır. Nəticədə bilməyərəkdən atılan səhv addımla hərbi sirrlər, mövqelərimizin koordinatları düşmənin əlinə keçir.

Bəs bu kimi halların qarşısını almaq üçün hansı preventiv tədbirlər görülə bilər?

“Sherg.az”ın sualını cavablandıran Qarabağ qazisi, hərbi jurnalist  Rey Kərimoğlu dəfələrlə həm ordu rəhbərliyinin, həm də hərbi ekspertlərin bununla bağlı xalqa xəbərdarlıq etdiyini söyləyib:

“Amma deyilənlərə riayət olunmur. Düşünürəm ki, ordu rəhbərliyi  ciddi nəzarət etməlidir. Xüsusilə android telefonlarla bağlı yoxlanış olmalıdır. Həmin telefonlar ön cəbhəyə buraxılmamalıdır.

Ümumiyyətlə cəbhə bölgəsində internet olmamalıdır. Çünki əsgərlər müxtəlif  proqramlarla internetə daxil olurlar. Yəqin ki,  “VPN” proqramları ilə Ermənistanın dalğalarını tuturlar. Bu da çox təhlükəlidir. Çünki belə olduğu halda ermənilər aydın şəkildə  hərəkətləri izləyə bilərlər. Yolverilməzdir!

Düşünürəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, o cümlədən Müdafiə nazirliyi məsələ ilə bağlı tədbirlər görməlidir. Çünki bu vəziyyət itkilərə səbəb ola bilər.

Həmin mövzu ətrafında insanları maarifləndiririk, dəfələrlə deyirik.  Mən özüm də sosial şəbəkələrdə, mətbuata açıqlamamda vurğulamışam ki,  belə şeylər etməyin. Eyni zamanda şəhidlərimizin fotolarını paylaşırlar, adlarını çəkirlər. Olmaz! Müharibə davam edən zaman belə  halların baş verməsi Azərbaycan ordusu  üçün xoşa gələn deyil.”