Prezidentə məktublar: "85 yaşlı nənəm çıxışlarınızı görəndə sevinci yerə-göyə sığmır"

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə vətəndaşlarımızdan məktublar gəlməkdə davam edir.

"Sherg.az" məktublardan bir neçəsini təqdim edir.

Sərfinaz Bayramovadan, Astara, Azərbaycan
Əziz və hörmətli Prezidentimiz.
Mən bu məktubla nənəmin xahişi ilə həm onun adından, həm də öz adımdan Sizə minnətdarlığımı bildirirəm. 85 yaşlı nənəm Sizin televiziyadakı çıxışlarınızı görəndə sevinci yerə-göyə sığmır və israrla, Sizi bağrına basıb, təşəkkürünü bildirmək üçün görmək istədiyini deyir. Nənəm öz təqaüdündən torpaqlarımız tam azad olandan sonra qurban kəsdirmək üçün pul toplayır.
Bizim üçün çox əzizsiniz, dəyərlisiniz. Biz Sizinlə fəxr edirik, hər şeyə görə çox sağ olun, cənab Prezident.
Allah Sizi qorusun və bizə çox görməsin. Amin.

Eynullah Abbasovdan, Mingəçevir, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Sizi Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərinin, həmçinin digər yaşayış məntəqələrimizin mənfur düşmənlərdən azad olunması münasibətilə Mingəçevir şəhər “Tekstil” MMC-nin kollektivinin üzvləri adından təbrik edirəm.
Hər gün aldığımız xoş xəbərlər bizi sevindirir, kollektivimizdə yüksək əhval-ruhiyəyə səbəb olur. Biz daim Sizinləyik və xalqın sədaqətli ogulları kimi arxanızdayıq.

Əlizamin Sədiyarovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Tarix boyu ölkəmizin azadlığı və qorunması uğrunda yüzlərlə, minlərlə cəsur Azərbaycan övladları şücaət göstərmişlər. Bu gün göstərilən qəhrəmanlıq salnaməsi məhz Sizin - Ali Baş Komandanımızın adı ilə bağlıdır.
İşğal altında olan torpaqlarımızın azad olunması missiyasının bizim nəslin üzərinə düşməsi böyük xoşbəxtlikdir. Mən də bu torpağın oğluyam. Hazırda məhkum həyatı yaşasam da hər gün xəyalən müqəddəs torpaqlarımızın erməni daşnaklarından təmizlənməsi uğrunda gedən döyüşlərdə iştirak edirəm.
Mənim dayım 1992-ci ildə Ağdərə döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olmuşdur. Bu gün mən həmin yerlərdə dayımın qəhrəmanlığını təkrar etmək arzusundayam.
Bu arzum həyata keçsə canla, başla Vətənə oğul olar, torpaqlarımızın azad olunmasında iştirak edərəm.
Qarabağ Azərbaycandır!