"Qarabağda yaşayan 600 min azərbaycanlı öz doğma yurdlarından didərgin salınıb"

Amerika mediası yazır ki, Azərbaycan bununla heç vaxt barışmayıb


Amerikanın "New York Times" nəşrində "Azərbaycanla Ermənistan arasındakı münaqişənin əsl səbəbləri" adlı məqalə dərc olunub. Məqalədə qeyd olunub ki, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ bölgəsində olan gərginlik hələ də davam edir və bu alovlu münasibət son günlər ən kritik həddə çatıb:

"Bu bir faktdır ki, beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ  Azərbaycanın bir hissəsi kimi tanınır. Bu ərazidə vaxtilə azərbaycanlılarla birgə etnik ermənilər də yaşayıb. Lakin bütün bunlara baxmayaraq iki xalq arasında  illərlə münaqişələr davam edib. Amma analitiklər və keçmiş diplomatlar deyirlər ki, budəfəki münaqişə tam  fərqlidir. Türkiyə də Azərbaycan ərazisinin tam bütövlüyü uğrunda  açıq-aşkar şəkildə bu ölkəni dəstəkləyir". 

Məqalədə qeyd olunub ki, müharibədə hər iki tərəf də pilotsuz təyyarələrdən və güclü, uzun mənzilli raket artilleriyadan istifadə edirlər:

"Hücumlar cəbhə bölgələrindən artıq çox uzaqlara yayılıb. Hətta Azərbaycanın bir çox şəhərlərinə də gedib çıxıb. Ermənistan ölkənin ikinci böyük şəhəri Gəncəyə və  bir hidroelektrik stansiyasına güclü raket atdı və mülki infrastrukturu məhv etmək üçün bir çox səy göstərdi.

Raket nəticəsində Gəncədə mülki şəxslər həyatını itirdi.  Sovet İttifaqının sonlarında ermənilərlə azərbaycanlılar arasında başlayan müharibə bu gün döyüşlər üçün zəmin yaradıb.

Amma ermənilər iddia edirlər ki, bu gərginlik Birinci Dünya müharibəsinə, Osmanlı imperiyasının süqutu zamanı ermənilərin öldürülməsi ilə əlaqədardır.

Bir çoxları da bunu Türkiyənin onlara qarşı törətdiyi soyqırım ilə əlaqələndirirlər. Amma əslində isə bu münaqişə 1992-ci illərdə baş verən hadisələrlə bağlıdır. Çünki həmin dövrlərdə ermənilər tərəfindən Dağlıq Qarabağda yaşayan 600 mindən azərbaycanlı öz doğma yurdlarından uzaqlaşdırılıb. Azərbaycan bununla heç vaxt barışmayıb və hər zaman öz torpaqlarını ermənilərdən alacağını bildirib.

Bir çox beynəlxalq təşkilatlar həmin əraziləri Azərbaycan torpaqları kimi tanısa da, Ermənistan bunu hər zaman rədd edib. Hazırda hər iki tərəf arasında geniş bir barışıq üçün perspektivlər olacağı çox zəif görünür".