"Virusu ciddiyə alın"

"Məsuliyyətsizliyinizlə ölkəmizi çətinə salmayın"

"Bəziləri düşünür ki, COVİD-19 qripdən bir az ağırdı, tənəffüs çatışmazlığı verir. Lazım olsa, həkimlər həmin şəxsi süni tənəffüs aparatına qoşacaq və iltihab çəkiləndə isə aparatdan ayıracağıq. Bunu belə sadə bilməyin. Bildirim ki, koronavirus təkcə tənəffüs çatışmazlığından öldürmür. Düzdür, tənəffüs çatışmazlığı özü çox ağırdır. İnsan günlərlə üzü üstə uzanmağa və CPAP maska ilə yüksək konsentrasiyalı oksigen almağa məcbur olur. Bu dövrdə adi su içmək üçün maskanı ayıranda saturasiya birdən-birə elə aşağı düşür ki, xəstəyə su verməyə peşman olursan. Çünki ağciyərdə rezerv qalıq həcm olmur".
Bu sözləri "Şərq"ə açıqlamasında həkim Şahin Məmmədov deyib.
O bildirib ki, koronavirus çox təhlükəli virusdur: "Covid-19"-un necə təhlükəli olduğunu öz gözlərimlə görmüşəm. Çünki 37 gün o geyimdə reanimasiyada gecə-gündüz vuruşdum. Amma insanlar təhlükəsizlik qaydalarına əməl etmir.

Bu məni bir həkim olaraq çox narahat edir. Düzdür, bu gün ölkə gündəmi başqa mövzudur. Müharibə gedir və insanlar "Covid-19" hayında deyillər. Amma hamıya təcili olaraq səslənirəm. Qarşıda qış fəsli gəlir. Əgər virus belə sürətlə davam edərsə, virus tam kontroldan çıxacaq. Virusu ciddiyə alın.  Məsuliyyətsizliyinizlə ölkəmizi çətinə salmayın. Yəni bu virus adı pnevmoniyalar kimi təkcə tənəffüs çatşmazlığı vermir. Bütün dünya tibbi bu virusla mübarizədə çətinliklər çəkir.

Tam xəstənin ölümünə proqramlaşdırılıb ki, həkimlər aciz qalsın. Ona görə də hər kəs çalışmalıdır ki, bu xəstəliyə yoluxmasın. Hazırda reanimatoloq həkimlərimiz orduya cəlb edilib. Mən də cəbhə bölgəsindəyəm. Yoluxma bu sürətdə davam etsə, həkim və dərman çatışmazlığı yaranacağı gün kimi aydındır".