Qarabağ savaşına yaşıl işıq...

Rusiyanın Cənubi Qafqaz siyasəti 180 dərəcə dəyişir

Kreml tamamilə fərqli siyasi kurs götürüb

"Artıq proseslər fərqli istiqamətdə cərəyan edir. Rusiyanın indiki maraqları türk və islam dünyası ilə daha sıx qarşılıqlı əməkdaşlığı tələb edir"

Rusiya Prezidenti Vladimir Putin Qarabağda hərbi əməliyyatlar başlayan gündən bəri ilk dəfə proseslər barədə konseptual çıxış edib. Putinin bəyanatları Cənubi Qafqazda güc nisbətinin dəyişdiyinə, Rusiyanın yeni geosiyasi reallıqlar müstəvisində kənar oyunçu statusu ilə əsla kifayətlənməyərək Azərbaycanla Ermənistana təsir imkanlarını əldən verməməyə çalışacağını göstərdi.

Rusiya rəhbəri bildirdi ki, baş verənlər Moskva üçün xüsusi vəziyyətdir. Onun sözlərinə görə, 1992-ci ildə yaradılmış qrupun həmsədrləri kimi Rusiya, Fransa və ABŞ-ın üzərinə məsuliyyət düşür: “Mən 100 faiz əminəm ki, prosesin bütün iştirakçıları vəziyyətin tənzimlənməsinə səmimiyyətlə can atırlar, lakin Rusiya kimi heç kim bunda maraqlı deyil”. O, daha sonra bildirib ki, münaqişə sadəcə, bir dövlətlərarası münaqişə və ya ərazilər uğrunda mübarizə kimi yox, etnik zəmində qarşıdurma ilə başlayıb: “Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirildiyi şərait əbədi davam edə bilməzdi. Elə mövqe tutmuşuq ki, həm Azərbaycanın, həm Ermənistanın etimadından yararlana bilək. Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya qədər kimsə maraqlı deyil. Bizim üçün Ermənistan da, Azərbaycan da bərabər tərəfdaşlardır, hər ikisi ilə təmənnalı münasibətlər qurmaq istəyirik. Yalnız Ermənistan yox, Azərbaycanla da daim xüsusi əlaqələrimiz olub. Qarabağla bağlı kompromis həll tapmağı çox istərdik”. 

Sirr deyil ki, Rusiya lideri Vladimir Putin dünya miqyasında geosiyasi proseslərə birbaşa müdaxilə edən, bəzi proseslərin məcrasını dəyişən, bəzilərinin isə qarşısını almağı bacaran siyasətçidir.

Bəzi ekspertlərə görə, Putinin Qarabağ münaqişəsi ilə bağlı dediklərini birbaşa Azərbaycana və ya Ermənistana dəstək qismində qəbul etmək olmaz. Çünki Putin həmişəki kimi daha çox eyhamlarla danışıb və sözlərini ünvanlara çatdırıb. Lakin Kreml rəhbərinin dediklərindən konkret aydın olur ki, Azərbaycan Ordusunun Qarabağda apardığı döyüşlərə Rusiya heç bir halda aşkar müdaxilə etməyəcək. Ermənistana dəstək təbii ki, bundan sonra da olacaq. Məlumdur ki, Rusiya Azərbaycanın Ermənistanı fəlakətli şəkildə məğlub etməsini istəmir. Məsələn, son günlər Dağlıq Qarabağdakı separatçılara və Qarabağdakı Ermənistan hərbi hissələrinə hava hədəfləri ilə mübarizə aparmaq üçün zenit-raket komplekslərinin “hədiyyə” olunduğu iddia edilir. Ancaq hərbi əməliyyatların qarabağlı ermənilər üçün fəlakətli nəticələrini görən Rusiya hələlik aktivləşmək niyyətində olmadığını açıq formada bəyan edir. Putinin ardınca Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankinin açıqlaması da ermənilərdə məyusluq yaradıb. Pankin bəyan edib ki, münaqişə Ermənistan ərazisinə keçmədiyi müddətcə Rusiyanın, eləcə də KTMT-nin hər hansı müdaxiləsindən söhbət gedə bilməz: “KTMT öz üzv dövlətlərinə müəyyən vəziyyətlərdə, açıq-aşkar aqressiya olarsa, kömək edir. Münaqişənin Ermənistanda deyil, Qarabağda getdiyi vaxtda KTMT-nin köməyindən danışmaq düzgün deyil”. 

Moskvanın müharibəyə yanaşmasını “Şərq”ə dəyərləndirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, Rusiya prezidenti Vladimir Putin regionda baş verən prosesləri çox aydın şəkildə görür və düzgün qiymətləndirir. Partiya rəhbərinin sözlərinə görə, müəyyən bir dövrdə Ermənistan Rusiya üçün Kremlin maraqlarını ifadə etmək üçün əlverişli alət hesab olunurdu:

“Artıq proseslər fərqli istiqamətdə cərəyan edir. Rusiyanın indiki maraqları türk və islam dünyası ilə daha sıx qarşılıqlı əməkdaşlığı tələb edir. Bu əlaqələrin formalaşmasında ən böyük maneə işğalçı Ermənistandır. Putinin “Azərbaycan əraziləri əbədi işğalda qala bilməz” ifadələri Rusiyanın Cənubi Qafqaz siyasətində 180 dərəcəlik dönüş deməkdir.

Deməli, Kreml tamamilə fərqli siyasi kurs götürüb və məqsədlər yenilənib. Rusiya rəhbəri bütün dünyaya mesaj verdi ki, bundan sonra Türkiyə ilə strateji müttəfiqlik edəcək. Regiondakı bir çox problemin həllində Ankara ilə ortaq çalışacaq. Bu mövqe bizim üçün çox xoşagələn yanaşmadır. Ən əsası isə odur ki, artıq Rusiyadan dövlətimiz üçün ciddi təhdidlərin və təzyiqlərin şahidi olmayacağıq”.  

S.Cəlaloğlunun fikrincə, bəzi adamlar Rusiyanın neytral qaldığını desələr də, bu, doğru yanaşma deyil:

“Putinin açıqlamalarını dəqiq təhlil edəndə görürük ki, Moskva birmənalı mövqe ortaya qoyur. Putin bəyan edir ki, Rusiyanın maraqları Türkiyə ilə sıx əməkdaşlıqdan keçir. Düzdür, məsələni bütün detalları ilə açıqlamır. Amma dediklərindən çıxan ümumi nəticə budur ki, Kreml klassik qaydada agent Ermənistanla birlikdə olmayacaq və istiqamətini türk dünyasına çevirəcək. Artıq Rusiyanın strateji mövqeyi və nə fikirləşdiyi bizə bəlli oldu”.