Azərbaycan hər cəbhədə tarix yazır

Düşmənin artıq informasiya istehkamları da yarılıb

"Müzəffər Azərbaycan ordusu şərəfli missiyanı layiqincə yerinə yetirir. Artıq işğaldan azad olunan yaşayış məntəqələri üzrə əhalinin sayı da açıqlanıb". Bu sözləri “Şərq”ə açıqlamasında millət vəkili Anar Məmmədov deyib. Deputat bəyan edib ki, qısa müddət ərzində Zəngilan şəhəri və əksər kəndlərin düşmənin tapdağından azad edilməsi böyük qələbəni daha da yaxınlaşdırıb:

“Belə bir zamanda cəbhə xəttində üstünlük əldə etdiyimiz halda mənfur düşmən yenə də öz terrorçu əməllərini davam etdirərək mülki əhalini hədəf almaqla hərbi təxribat törədir. Öz siyasi ambisiyalarına görə dinc əhaliyə atəş açan Ermənistan dünyada sülhün düşməni olduğunu bir daha isbatlayır.

Bu əməllərinə görə Ermənistan rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, eyni zamanda bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Rəsmi İrəvanın faşist əməllərinə göz yuman qüvvələr isə əslində onlar ilə məsuliyyəti bölüşmüş olurlar. Lakin Azərbaycan yenə də məsuliyyətli ölkə olaraq düşmənin qısasını mülki əhalidən almır”.

Parlament üzvü vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında həm də informasiya müharibəsi gedir. İşğalçı dövlət əvvəlki dövrdə olduğu kimi, erməni lobbisinin və xarici havadarlarının köməyi ilə münaqişə haqqında dünyada informasiya vakuumu yaratmağa, öz yalan, riyakar və ikiüzlü siyasətini beynəlxalq ictimaiyyətə sırımağa uğursuz cəhdlər göstərir:

“Lakin indi ötən əsrin 90-cı illərinin əvvəlləri deyil. Azərbaycan son iki həftədə düşmənin saxta informasiya cəbhəsini də darmadağın edib. Hətta havadarları olan dövlətlərdə belə KİV-in saxta təbliğatı nəticəsiz qalır və ictimaiyyət onların yalan informasiyalarını qəbul etmir.

Ermənistana qarşı həm informasiya mübarizəsinin, həm də düşmənin saxta təbliğatının qarşısının alınması prosesinin önündə də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev gəlir. Hərb meydanında olduğu kimi, informasiya məkanında da İlham Əliyev düşmənə sarsıdıcı zərbə vurur”.

A.Məmmədov bildirib ki, Azərbaycan xalqı dövlətimizin ən parlaq səhifəsini yazır: “Azərbaycanda yaşanan həmrəylik, qarşılıqlı dəstək, birlik və ordumuzun qəhrəmanlığı bu şanlı tarixin səbəbidir.

Ali Baş Komandanımızın söylədiyi kimi, bu qələbələrlə Azərbaycan xalqının ləyaqəti bərpa olunur. Böyük qələbəyə çox az qalır. 30 ilə yaxındır gözlədiyimiz o möhtəşəm tarix yetişib artıq”.