İlham Əliyev: “İşğal olunmuş torpaqlardakı məscidlərimiz dağıdılıb”

“Xeyr, bizim Konstitusiyamıza əsasən din dövlətdən ayrıdır”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsində jurnalistin “Layihələri icra edərkən Siz dini nəzərə almırsınız?” sualına cavabında deyib.

Azərbaycan Prezidenti qeyd edib ki, Azərbaycan dünyəvi ölkədir: “Biz öz dinimizə hörmət edirik. Biz Azərbaycanda yaşayan bütün digər millətlərin dinlərinə hörmət edirik. Düşünürəm ki, Azərbaycanda dini harmoniyanın ən yaxşı göstəricisi Roma Katolik Kilsəsinin başçısı, Zati-müqəddəsləri Papa Fransiskin sözləri ola bilər. Bir neçə il bundan əvvəl Bakıda olanda o, ictimaiyyətə bəyanatla çıxış edərək Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqdakı rolunu yüksək qiymətləndirdi. Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülh və harmoniya şəraitində yaşayırlar. Bakının mərkəzində bizim tərəfimizdən bərpa olunmuş və hökumətimiz tərəfindən qorunan erməni kilsəsi var. Bizim işğal olunmuş torpaqlardakı məscidlərimiz isə dağıdılıb. Ermənilər bizim məscidlərimizdə donuz saxlayırlar. Bu yaxınlarda internetdə videolar var idi. İnternetdə Zəngilan rayonunda bir kəndin azad edilməsindən sonra donuzların məscidimizdə necə gəzdiyini göstərən görüntülər var idi. Azərbaycan tolerant, dünyəvi ölkədir və gələcəkdə də belə olmağa davam edəcək.