Cəmiyyətin xoşbəxtliyi ailələrdən başlayır

Psixoloq nişandan əvvəl tibbi-psixoloji müayinənin aparılmasını vacib sayır

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi qaydası dəyişir.
Bu Milli Məclisin oktyabrın 27-də keçiriləcək iclasının gündəliyinə daxil edilən və birinci oxunuşda müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

 Qanun layihəsinə əsasən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji, ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və ya bələdiyyə tibb müəssisələrində müvafiq olaraq dövlət, yaxud da yerli büdcənin vəsaitləri hesabına həyata keçiriləcək. 

Qanun layihəsində qeyd olunan tibbi-psixoloji müayinə dövrümüz üçün aktualdır. Mikro cəmiyyət sayılan ailədə münaqişələrin, problemlərin yaranması birbaşa uşaqlarda ciddi zədələrə səbəb olur. Gənc evli cütlüklərdə isə həmin uyuşmazlıqlar ailənin dağılmasına qədər gətirib çıxarır. Bu səbəbdən də nikahdan əvvəl evlənmək istəyən hər iki şəxsin tibbi-psixoloji müayinədən keçməsi vacibdir. Çünki ailədə yaranan bütün mənfi halların, problemlərin kökündə cütlüklərin özlərindəki nöqsanları, çatışmayan cəhətləri bilməməsi, biri-birlərinin xarakterinə bələd olmaması durur. 

Məsələni “Sherg.az”a dəyərləndirən Psixologiya üzrə dosent, elmlər namizədi Edison Quliyev nikahdan əvvəl tibbi-psixoloji müayinənin əhəmiyyətindən danışıb:

“Avropada bu məsələ qəbul olunub. Çox mühümdür. Çünki nikah pozulmalarının səbəblərinin 96 faizini psixoloji uyumun olmaması təşkil edir. Bununla yanaşı, tibbi müayinə də vacibdir. Çünki nəsil artımında gərək problem yaranmasın. Amma psixoloji müayinənin əhəmiyyəti də böyükdür. Məsələn, müayinə prosesində şəxsiyyətlərin uyuşması məsələsi ortaya qoyulur. Eyni zamanda əvvəlcədən məsləhətlər verərək nikaha gedənləri xəbərdar edirlər.

Deyirlər ki, həyat yoldaşında belə bir əlamət var. O baxımdan bu müayinə xeyirli və lazımlıdır. Ona görə psixoloji müayinəni xüsusi olaraq təbliğ etmək lazımdır. Yenə deyirəm, bu Avropada adi bir qaydadır. Nikaha daxil olmazdan əvvəl psixoloqun müayinəsindən ayrı-ayrılıqda həm qız, həm də oğlan keçir. Ölkəmizdə də həmin qaydanın nizama salınması yaxşı olardı”.

Psixoloq qeyd edib ki, ailə münaqişələri ilə bağlı ona müraciətlər çox gəlir. Xüsusilə də qadınlar məsləhət almaq istəyir: “Zamanın aktual problemləridir. Nikaha daxil olan gənclərlə psixoloqlar söhbət etməlidir. Çünki cəmiyyətin problemlərinin həllində psixoloqların mühüm rolu var. Məsələn, Tolstoy deyirdi ki, yalnız ailəsində xoşbəxt olan insan xoşbəxt sayıla bilər. Ailə cəmiyyətin bazis qurumudur. Əgər ailə xoşbəxtdirsə, cəmiyyətin işləri də yolunda gedəcək. Tərbiyə problemləri həll olacaq. Əmək məhsuldarlığı artacaq. Adamlar arasında xoş ünsiyyət yaranacaq. Psixoloji vəziyyət yaxşılaşacaq. Sağlamlıq baxımından da faydaları olacaq. Bir şeyi də əlavə edim. Sizin yaşınızda olanda sevimli müəllimlərim deyirdi ki, xəstəliklərin 75 faizi psixologiya ilə əlaqəlidir. İndi tədqiqatlar göstərir ki, xəstəliklərin 95 faizinin səbəbi psixoloji problemlərdir. Hətta onkoloji xəstəliklərin kökündə də psixoloji durum dayanır.

Məsələn, xalq arasında deyirlər ki, filankəs çərlədi-çərlədi xəstələndi”.