Tələbə-gənclər qurumları mötəbər beynəlxalq təşkilatlara ermənilərdən şikayət ünvanladı

Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Tələbələr və Məzunlar Platforması Ermənistan silahlı qüvvələrinin cəbhəyanı yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində dinc əhalinin, xüsusilə də gənclərin və uşaqların qətlə yetirilməsi ilə bağlı ATƏT, BMT, UNICEF kimi təşkilatlara müraciətlər ünvanlayıb.

Müraciətlərdə Ermənistanın siyasi və hərbi rəhbərliyinin birbaşa göstərişi ilə Azərbaycanın döyüş bölgəsindən yüzlərlə kilometrlər uzaqlıqda yerləşən yaşayış məntəqələrinin ağır artilleriya və taktiki-ballistik raket sistemləri vasitəsilə atəşə tutulması barədə məlumat verilir və bildirilir ki, daha iki nəfər gənc erməni tərəfinin hərbi cinayətlərinin qurbanı olub.

Qeyd olunub ki, Tərtər rayonunun Kəbirli kənd sakini, 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu “Smerç” raketləri ilə həyata keçirilən atəş zamanı yaşadığı evin həyətində öldürülüb. 13 yaşlı Rusiya Federasiyası vətəndaşı, Gəncə şəhərində qonaq olan Mayakov Artur Vladimiroviç isə 17 oktyabr tarixində Gəncə şəhərinin “Skad” raketləri ilə atəşə tutulması nəticəsində aldığı yaralardan müalicə olunduğu xəstəxanada bu gün vəfat edib.

Vurğulanıb ki, müharibəyə və hərbi əməliyyatların gedişinə heç bir aidiyyəti olmayan dinc mülki insanların, o cümlədən uşaq və gənclərin hədəf alınması Ermənistan rəhbərliyinin çirkin və insanlıq qanunlarından uzaq siyasətinin mahiyyətini ortaya qoyur. Ermənistan dinc vətəndaşlarımızı qətlə yetirməklə və mülki obyektləri dağıtmaqla döyüş meydanındakı məğlubiyyətlərinin əvəzini çıxmağa çalışır.

Müraciətlərin sonunda dünya ictimaiyyəti Ermənistanı bu qeyri-insani hərəkətlərinə görə qəti şəkildə pisləməyə, törətdiyi müharibə cinayətlərinə görə bu ölkəni məsuliyyətə cəlb etməyə, eləcə də bölgədə sülhün bərqərar edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməyə çağırılır.