"ABŞ telekanalının qərəzli sualları hədəfə çatmamış göydəcə vuruldu" - Millət vəkili 

“Minsk qrupuna həmsədrlik edən ölkələrin jurnalistlərinin əksəriyyətinin son günlər cəbhədə baş verənlərlə bağlı Azərbaycan Prezidentinə verdikləri çarpaz, nataraz, kontr suallar “ermənicə” olur.  Xeylisi saxta xəbərlər, dezinformasiyalara dayanır. Amma Ali Baş Komandanımız beynəlxalq  hüquq və normalara istinad etməklə onları elə yerində oturdur ki,  adam ekran qarşısnda özünü az qala futbol azerkeşi kimi aparır.  Bəli, cənab İlham Əliyev Messinin stadionda edə bildiklərinin bəlkə də on qatını informasiya meydanında virtuozcasına göz önünə sərir. Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalının suallarını cavablandırarkən də belə oldu”.

Bu sözləri millət vəkili Sahib Alıyev şəxsi “Facebook” səhifəsində yazıb.
O vurğulayıb ki, Amerikalı jurnalist  qərəzliliyini ört-basdır etmək üçün müsahibəyə əvvəlcə təriflə başlayıb:



“O Bakının gözəlliyindən, bura gəlmək istəyindən danışdı. Ardınca isə açıq-aydın şəkildə ermənilərin marağından çıxış edərək çaşdırıcı, təsdiq və təsbitetdici məqsəd güdən suallar yağdırdı. Amma məqsədinə çatılmadı. Savaşı məhz Azərbaycanın başlatdığını, bunun anlamsız olduğunu, nahaq itkilərə yol açdığını təsdiqlətmə, təsbitlətmə cəhdləri eynən status-kvonun və təmas xəttinin aradan götürülməsi kimi  darmadağın edildi. Bəzi suallar vardı ki, onu hazırlayanların nəzərində ballistik raket rolunu oynayırdı. Ancaq hədəfə çatmamış göydəcə vuruldu. Onların gətirdikləri arqumentləri Ali Baş Komandanımız dronlarımızı idarə edən hərbiçilərimiz  düşmənin texinkasını hansı dəqiqliklə zərərsizləşdirirlərsə, o cür dəqiqliklə sıfırladı”.