“Sülh göyərçinləri”nə sərt təpki: "Ordumuzun zəfərlərindən narahatdırlar”

Mirmahmud Mirəlioğlu: "Vətən müharibəsinin əleyhinə danışan adamlar bizdən deyil"



Hazırda Azərbaycan vətən müharəsi aparır. Ordumuz ermənilərin işğal etdiyi Azərbaycan ərazilərini qarış-qarış azad edir. Bu günlərdə böyüklü-kiçikli, iqtidarlı-müxalifətli hər bir azərbaycanlı Prezidentin və ordumuzun ətrafında yumruq kimi birləşib. Azərbaycan xalqı dünyaya  öz həmrəlyini bir daha sübut edir. Sözün əsl mənasında əzmkarlıq nümayiş etdirir.

Fəqət, elə müharibə başlayan gündən - sentyabr ayının 27-dən etibarən  “no war”(müharibəyə yox)  şüarı bəzi “sülh göyərçinləri”nin dilindən düşmür.

Bununla kifayətlənməyib absurd fikirlərini sosial şəbəkələrdə də təbliğ edərək insanlarda təslimçi ruh yaradıb,  mübarizə əzmini sındırmağa çalışırlar.

Bu arzuolunmaz tendensiya ilə bağlı “Sherg.az”a danışan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu qeyd edib ki, vətən müharibəsinin əleyhinə danışan adamlar, “no war” şüarı səsləndirənlər bizdən deyil.

Onlar bizim dilimizdə danışsalar da,  bizdən deyillər. Vətənin azad olunması ilə bağlı Azərbaycan ordusunun bu gün apardığı müharibənin əleyhinə hər kim danışırsa, onlar düşməndirlər, düşmənə isə hansı münasibət göstərilirsə, onlara da həmin münasibət göstərilməlidir”.

M.Mirəlioğlu vurğulayıb ki, həmin “sülh göyərçinləri”nə qarşı lazımi tədbirlər görülməlidir:

“Müharibə dövründə xəyanətkarlar bağışlanmır. Əsirlərlə, girovlarla, xəyanətkarlarla necə rəftar etmək lazım olduğu müharibə qanunlarında qeyd olunub. Bunlar dünyada qəbul olunmuş qaydalardır. Azərbaycan Respublikası da beynəlxalq hüquqa əsasən həmin öhdəliklərə əməl edir. Torpaqların azad olunmasının əleyhinə çıxanlar qarşı da həmin tədbirlər görülməlidir”.

KXCP sədri onların məqsədləri barədə isə belə deyib:

“Onlar Azərbaycan ordusunun əldə etdiyi nailiyyətlərdən narahatdırlar”.

Ağarza Elçinoğlu