Dünyanın on ən varlı insanı bir gündə 14,4 milyard dollar itirib


Dünyanın on ən varlı adamının sərvəti bazar ertəsi günü 14,4 milyard dollar azalıb.

Azərtac bu barədə Bloomberg agentliyinə istinadla xəbər verir.

Agentliyin hesablamalarına əsasən, milyarderlərin ilk onluğuna daxil olan şəxslərdən yalnız ikisi həmin gün birjalarda ticarətin yekunları üzrə varidatını artıra bilib. Tesla və SpaceX kompaniyalarının banisi İlon Mask birdəfəyə 2,88 milyard dollar qazanıb. Amazon kompaniyasının sahibi Ceff Bezosun sərvəti 263 milyon dollar artıb. O, reytinqin lideri olaraq qalır, Mask isə dördüncü yerdə qərarlaşır.

Milyarderlərin varidatında bu azalma Amerikanın fond bazarlarında satışlarla izah olunur. Bazar ertəsi günü Dow Jones indeksi 2,3 faiz düşüb ki, bu, sentyabrın 3-dən bəri bir sessiyada ən güclü enişdir. S&P 500 indeksi 1,9 faiz, Nasdaq indeksi 1,6 faiz enib.