Rey Kərimoğlu ev şəraitində müalicə alır

Müharibə başladığı ilk gündən etibarən  keçmiş döyüşçülərimiz, ehtiyatda olan hərbçilərimiz, qazilərimiz  əsgərlərimizə dəstək olmaq məqsədilə cəbhə bölgəsinə gediblər. Onlardan biri də qazi, hərbi- jurnalist Rey Kərimoğludur.

Bu günlərdə Rey Kərimoğlu cəbhə bölgəsində olarkən yaralanıb.

 Sherg.az həmkarımızla əlaqə saxlayıb, vəziyyəti barədə  ətraflı məlumat almağa çalışıb:

“Müdafiə Nazirliyinin xətti ilə N saylı hərbi hissəyə ezam olunmuşduq. Oktyabrın əvvəlindən orada əsgərlərimizə dəstək olur, müharibə zamanı bəzi məsələləri onlara izah edirdik. Növbəti günlərin biri hərbi hissəyə qayıdarkən yolda başqasının idarə etdiyi maşın aşdı. Sağ çiynimdən zədə almışam, sümüyüm qırılıb.
Hazırda vəziyyətim qaydasındadır. Qoluma gips qoyulub. Ev şəraitində müalicə alıram. “Qarabağ qaziləri” ictimai birliyinin sədri Asəf Əliyevlə birlikdə  6 nəfər qazi idik.  Mən də o qrupun tərkibində idim”.

Sücayət Mehtili