Ən xırda xəbərin paylaşılması da əsgərlərimizə ziyan vura bilər

İndi daha səbirli, daha təmkinli olmalıyıq



Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı - Prezident İlham Əliyevin  rəhbərliyi ilə zəfər yürüşünü davam etdirdikcə qələbə xəbərləri ard-arda gəlir. Cənab Prezidentin dediyi kimi hər gün şanlı Azərbaycan əsgəri hansısa kəndi, şəhəri, qəsəbəni, strateji yüksəkliyi düşmən tapdağından azad edir. Və bu ordumuzdan böyük rəşadət tələb edir. Torpaqlarımızın azadlığı, Azərbaycanımızın ərazi bütövlüyünün bərpa edilməsi ordumuzun gücü, əsgərlərimizin şücaəti sayəsində gerçəkləşir.  
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhərinin işğaldan azad edilməsi münasibətilə etdiyi paylaşımda məhz bu nöqtəyə vurğu edib: 
"Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".
Azərbaycan ordusu əks-hücum əməliyyatlarına başladığı vaxtdan həm cənab Prezident, həm də ölkənin birinci xanımı Mehriban Əliyeva xalqa müraciətlərində birlik və həmrəyliyin mütləq şərt olduğunu vurğulayırlar. Hamımız başa düşməli, anlamalıyıq ki, ön cəbhədəki uğurlar hər birimizin davranışına əhəmiyyətli dərəcədə bağlıdır. Anlamaqla da işi bitmiş hesab etmək olmaz. Bunu əməli şəkildə həyata keçirməliyik. Bizdən tələb olunan məsuliyyətli davranmaq, tətbiq edilən qayda və qadağalara sözsüz əməl etməkdir. Son günlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi bir neçə dəfə əhaliyə müraciət edib. Bu müraciətlər ölkədə asayişin qorunması, əhalinin ayıq-sayıqlığı və xüsusilə cəbhə bölgələrindən video-görüntülərin paylaşılmamasıyla bağlıdır. Bu müraciətlər cəbhədən kənar – arxa cəbhədəki vətəndaşlarımıza hansı dərəcədə aiddirsə,  cəbhəyanı bölgələrdə yaşayanlara, xüsusilə ordu sıralarında döyüşən əsgər və zabitlərə də aiddir. 

“Çəkmə! Paylaşma! Sakit dur!”

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi vətəndaşlara sosial şəbəkələrdə hərbi sirləri paylaşmamaqla bağlı növbəti dəfə müraciət edib.
Nazirlik “Hər sirri paylaşma!”, "Düşmən hər şeyi görür", "Çəkmə, paylaşma", "Hərbi sirri paylaşma, sakit dur" çağırışları ilə vətəndaşlardan ayıq-sayıq olmağı xahiş edib.

Nazirliyi növbəti dəfə əhaliyə müraciət etməyə vadar edən səbəb son günlər sosial şəbəkələrdə cəbhədə hərbi əməliyyatlar gedən bölgələrdən müxtəlif video görüntülərin paylaşılmasıdır. Nazirliyin müraciətində vurğulanır ki, sosial şəbəkələrdə düşmənə hərbi sirrin ötürülməsi üçün fakt ola biləcək bir sıra fotolar, videogörüntülər paylaşılır. Bəzi istifadəçilər hərbi texnikanın, cəbhəyanı ərazilərin, hərbi qulluqçuların foto və videogörüntülərini paylaşırlar. Bunlar yolverilməzdir və təhlükəlidir. Qeyd edək ki, yerli televiziya kanallarında Müdafiə Nazirliyinin çağırışları sosial reklam olaraq daim yayımlanır. Ümid edək ki, əhali bundan nəticə çıxaracaq və ordumuz üçün təhlükəli olan bu sayaq paylaşımlara son qoyacaq.  
Daxili İşlər Nazirliyi də öz növbəsində əhaliyə müraciətində ayıq-sayıq olmağı tövsiyə edib.  
“Ermənistan terror siyasəti yürüdən dövlət olaraq ayrı-ayrı vaxtlarda ölkəmizin ərazisində 30-dan çox terror aktı təşkil edib”.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib:

“Ermənistanın dövlət səviyyəsində terror siyasətini dəstəklədiyini, vaxtilə bizə qarşı çoxsaylı qanlı terror aktları törətdiyini unutmamalıyıq. Gündəlik həyat ritmini pozmadan və təşvişə qapılmadan sayıqlığımızı bir an da olsa itirməməliyik!

Odur ki, gördüyünüz, rastlaşdığınız şübhəli əşyalara toxunmayın, bu barədə dərhal “102” Xidmətini və ya yaxınlıqda xidmət aparan polis əməkdaşlarını məlumatlandırın. Düşmənin məkrli olduğunu unutmayaq. Vahid məqsəd uğrunda günbəgün sıxlaşan cərgələrimizlə Qələbə gününü daha da yaxınlaşdıraq. Qarabağ Azərbaycandır!”, – məlumatda vurğulanır.
Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin oxşar məzmunlu müraciətləri, çağırışları ordumuz əks-hücum əməliyyatlarına başladığı vaxtdan edilir. Ermənistan Silahlı Qüvvələri bu ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətdiyində və ordumuz tərəfindən layiqli cavablarını aldığı zaman da Müdafiə Nazirliyi əhaliyə müraciət etmişdi. Nazirliyin müraciəti hətta ictimai nəqliyyatda da daim səsləndirilirdi də vətəndaşlar üçün təbliğat vasitəsi kimi əhəmiyyətli idi. Nazirlik bildirirdi ki, Ermənistan-Azərbaycan sərhədində hərbi vəziyyətin kəskinləşməsi ilə əlaqədar Müdafiə Nazirliyi vətəndaşları baş verənlər barədə sosial şəbəkələrdə yazarkən diqqətli olmağa çağırır və sosial şəbəkə istifadəçilərindən bu tövsiyələrə riayət olunmasını xahiş edirdi:

1. Cəbhə bölgəsinə gətirilən hərbi texnika və silahlı qüvvələr barədə heç bir hərbi informasiya paylaşmayın.
2. Azərbaycanın hərbi sistemində olan zabitlərin hansı rayona və nə məqsədlə gəlməsini yazmayın.
3. Azərbaycanın hava qüvvələrinin hansı istiqamətdə uçuş aparmalarını yazmayın.
4. Şəhid və yaralılar barədə dəqiq olmayan informasiyanı yaymayın.
5. Döyüşlər zamanı telefon və digər texnika ilə çəkdiyiniz videoları sosial şəbəkələrdə paylaşmayın.
6. Sərhəd bölgəsində olan strateji yerlərdə, texnika və yaxud hərbi hissələrin yanında fotolar çəkib paylaşmayın.
Eyni məzmunlu çağırış indi də edilir. Lakin təəssüf ki, bəzən vətəndaşlarımızın bu çağırışlara məhəl qoymadığının şahidi oluruq. Cəbhə bölgəsindəki vəziyyət, işğaldan azad edilən kəndlər barədə məlumatlar rəsmi mənbələrə istinad edilmədən yayılır. Bu isə ordumuz, əsgərlərimiz üçün real və çox ciddi təhlükədir. 

“Cəbhədə mobil telefon olmamalıdır!”  

Hərbi ekspert və həkim Azad İsazadə “Şərq”ə açıqlamasında cəbhə bölgəsində mobil telefonların düşmən üçün məlumat mənbəyi ola biləcəyini dedi: 

- Səbirli olmalıyıq. Çox murdar bir düşmənlə üz-üzəyik. Emosiyalara uymamalıyıq. Hisslərimizi nəzarətdə saxlamalıyıq. Mübarizə davam edir. Döyüşlər davam edir. Şəhərlərin, kəndlərin azad edilməsi hələ müharibənin bitməsi demək deyil. Qarşımızda çox uzun bir yol var. Səbirli və təmkinli olmalıyıq. Mən başa düşürəm, sevinc hissini bölüşən, qələbə xəbərlərini paylaşanları da anlayıram. 28 ildir biz bu günləri gözləyirdik. Xalqımızın sevinci, yüksək əhval-ruhiyyəsi tamamilə anlaşılandır. İllərdir qələbə xəbərlərini, ordumuzun düşməni darmadağın edəcəyi günü  gözləyirdik. O gün gəlib çatdı. Şükürlər olsun. Amma indi daha diqqətli, daha səbirli, daha təmkinli olmalıyıq. Çünki qarşımızdakı hiyləgər, riyakar, alçaq bir düşməndir. Ən xırda xəbərin paylaşılması da əsgərlərimizə ziyan vura bilər, onlar üçün real təhlükə törədər. Cəbhədə mobil telefon, xüsusilə smartfon olmamalıdır. Torpağını sevən, ordumuzdan qələbə xəbərlərini gözləyən, həqiqi vətənpərvər insan bunu anlamalıdır. 

A.İsazadə qeyd etdi ki, mobil telefonları təsbit etmək üçün hazırda texniki imkanlar var: 

- Geolokasiya avadanlıqları mövcuddur. Bu avadanlıqlar telefonların yerini, sayını müəyyən edir. Cəbhə zonasında, döyüş əməliyyatları gedən ərazidə telefon işlədənləri müəyyən etmək və onlara ciddi xəbərdarlıq etmək lazımdır. Bəzən insanlar, istər əsgər olsun, istər zabit, ya da mülki əhali düşünülməmiş addımlar atırlar. Onları gözləyən təhlükədən xəbərsiz, bu təhlükəni ciddiyə almayaraq xəbər yayır, videolar çəkir, paylaşımlar edirlər. Hesab edirəm ki, bu məsələdə ciddi təbliğata və məlumatlandırmaya ehtiyac var. Baxın, bir aydan artıqdır ki, ordumuz əks-hücum əməliyyatlarına başlayıb, lakin bu məsələ yalnız indi gündəmə gəlir. Amma bu məsələ çox ciddi şəkildə əks-hücum əməliyyatları başlayanda, hətta başlamamışdan gündəmə gətirilməli və güclü təbliğat işi aparılmalıydı. Və güclü nəzarət olmalıydı. Bakıdan başlanmalıydı telefonlara qadağa. Ordu sıralarına cəlb edilən hər bir çağırışçı hərbi komissarlığa ayaq basmamış mobil telefonla vidalaşmalıydı. Cəbhə bölgəsində də o cümlədən və daha sərt qadağa tətbiq edilməlidir. Hamımız bilirik, həbsxanada mobil telefon qadağandır,  xəstəxanada, reanimasiya şəraitində mobil telefon qadağandır. Mən hansısa istisnaları kənara qoyuram. Həbsxanada kimlərsə “nüfuzlarından” istifadə edir və mobil telefon işlədirlər. Amma ümumilikdə, məhbuslara nəzərdə tutulan qaydada ailələri ilə danışmaq imkanı tanınır və verilir. Eləcə də cəbhədə əsgərlərə valideynləri ilə, ailələri ilə danışmaq üçün müəyyən vaxt təyin etmək və imkan yaratmaq lazımdır. Döyüşən uşaqlar paralel olaraq hansısa rabitə ilə təmin edilməlidir. Lakin kütləvi şəkildə əsgərin, zabitin hərəsinin əlində bir smartfon, bu, qəbuledilməzdir, çox təhlükəlidir. 

Mobil telefon əsgərə hansı təhlükəni yaradır? Azad İsazadə qeyd etdi ki, mobil telefonlar, xüsusilə smartfonlarla əsgərin yerini, hərbi hissənin yerləşdiyi ərazini, zabitlərin toplanış keçirdiyi məntəqəni müəyyən etmək mümkündür: 

- Telefonun varlığı artıq məlumatdır. Hətta danışıq aparılmırsa, çəkiliş edilmirsə də, telefon varsa, nöqtə şəklində işığı görünür, ayırd edilir və bununla telefonun olduğu yer müəyyən edilir. Telefon siqnalları ilə onun yerini müəyyən edirlər. İşıq-nöqtə bir yox, bir neçədirsə, deməli, orada ya iclas gedir, ya da bir neçə hərbçi, əsgər birlikdədir. Bu, çox təhlükəlidir, düşmən bu vəziyyətdən istifadə edə bilər. Ona görə də əsgərlərə, zabitlərə mütləq müraciət edilməlidir ki, telefonları söndürün, yığışdırın! Bu işlər yalnız təbliğat, maarifləndirmə işiylə həll edilə bilməz, bununla kəşfiyyat, əks-kəşfiyyat məşğul olmalıdır.

Düşmənin hərbi mövqelərimiz barədə məlumat əldə etməsini istəmiriksə, əsgərlərimizi qorumaq istəyiriksə, əsgərlərimizin qəfil düşmən gülləsinə tuş gəlməsini istəmiriksə, telefonları yığışdırmalıyıq.  Amma əsgərlərə evləriylə əlaqə saxlamalarını da təmin etməliyik.