Fransa “suyu bulandırır”: “Onun həmsədr kimi mövcudluğu sual altındadır”

“Rəsmi Paris işğalçı Ermənistanı dəstəkləyir, Türkiyə isə Azərbaycanın haqq səsini eşidir”

“Xüsusilə son vaxtlar Türkiyə ilə Fransa arasındakı münasibətlər gərginləşir. Bu, daha çox subyektiv səbəblərlə bağlıdır”

 “Fransa hələ 1990-cı illərdə də, ondan sonrakı dövrdə də uzun illər Türkiyənin Avropa Birliyinə üzv olmasına əngəl yaradıb”


 Məlum olduğu kimi, bir neçə gün əvvəl Fransa Türkiyədəki  Fövqəladə və Səlahiyyətli səfiri Herve Magronu ölkəsinə geri çağırıb. Açıqlamada səfirin məsləhətləşmələr məqsədilə geri çağırıldığı bildirilib.
Lakin Fransanın bu addımından saatlar əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseridəki çıxışında Fransa prezidenti Emanuel Makronun islam dininə və ölkəsinə qarşı qərəzinin anlaşılmadığını bildirmişdi. O, həmçinin əlavə etmişdi ki, Fransa prezidentinin psixoloji müalicəyə ehtiyacı var.  Görünür, bu, Makronun “xətrinə dəyib”. 

BDU-nun müəllimi, beynəlxalq məsələlər üzrə mütəxəssis Sultan Zahidov bu barədə “Sherg.az”a münasibət bildirib. Onun fikrincə, Fransa prezidentinin kimdənsə “inciməyə” haqqı yoxdur: 

“Ərdoğanın son çıxışı əsassız deyildi. Fransanın daxili qərarları, xarici siyasəti gün kimi aydındır. O, fərqli dəyərlərə malik insanların azadlığını məhdudlaşdırır, islamafobiyanı təbliğ edir. Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik funksiyasını yerinə yetirmir. İşğalçını açıq-aşkar dəstəkləyir, yəni “saman altından su yeridir”.

Əlbəttə, özünü vasitəçi kimi təqdim edən ölkənin bu ritorikasını da Azərbaycan və Türkiyə haqlı olaraq müsbət qarşılamır. Fikrimcə, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi mövcudluğu sual altındadır”.

 S.Zahidov, həmçinin tərəflər arasındakı münasibətlərin heç vaxt yaxşı olmadığını vurğulayıb:

“Xüsusilə son vaxtlar Türkiyə ilə Fransa arasındakı münasibətlər gərginləşir. Bu, daha çox subyektiv səbəblərlə bağlıdır. Fransa hələ 1990-cı illərdə də, ondan sonrakı dövrdə də uzun illər Türkiyənin Avropa Birliyinə üzv olmasına əngəl yaradıb.  Türkiyə Avropa Birliyinin astasındaykən dəfələrlə ona mane olub. Tərəflərin maraqları xüsusilə, Yaxın və Orta Şərq regionunda, Aralıq dənizində kəsişir. 

Amma ölkələr arasında hansısa ərazidəki ziddiyət adətən başqa regionlara da siraət edir. Bu, Türkiyə və Fransa üçün də istisna deyil. İndi onların qarşı-qarşıya gəldikləri əsas regionlardan biri məhz Cənubi Qafqazdır. Fransa işğalçı Ermənistanı dəstəkləyir, Türkiyə isə Azərbaycanın haqq səsini eşidir.

Onu da deyim ki, qardaş ölkə ilə Yunanıstan arasındakı ziddiyətli münasibətlərdə Fransanın qarşı tərəfi dəstəkləməsi “suyu bulandıran” növbəti məqamdır”.