Ayrıca tədbirlər planı nəzərdə tutulur

Tezliklə Qarabağda yeni həyatın qayıtmasını müşahidə edəcəyik

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu torpaqlarımızı uğurlu əməliyyatlarla işğaldan azad edir. Artıq belə yaşayış məntəqələrində dərhal infrastruktur layihələrinə də start verilib. Məlumata görə, ilk növbədə, yol çəkilişi, ardınca digər kommunal məsələlər nəzərdən keçirilir. İlk olaraq, infrastrukturun ana xətti olan yol tikintisinin həyata keçirilməsi üçün tapşırıq verilib.

Prezident  İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır. O cümlədən qaz təchizatı üzrə layihələndirmə də gündəmdədir. 



İqtisadçı-ekspert Vüqar Bayramov "Şərq"ə açıqlamasında bildirib ki, işğaldan azad olunmuş ərazilərimizin qısa zamanda bərpa olunması, həmin ərazilərə sərmayələrin cəlb olunması prioritet olaraq qalmaqdadır. Ekspert vurğulayıb ki,  işğaldan olunan ərazilərimizdə kommunal xidmətlərin yenidən qurulması ilə bağlı yeni gücləndirilmiş işlər aparılır:

"Bu yollar bizim üçün tarixi yollardır və onların çəkilməsinin tarixi, strateji əhəmiyyəti çox böyükdür. 30 ilə yaxındır o ərazilər işğal altındadır və o ərazilərdə infrastruktur demək olar ki, tamamilə sıradan çıxarılıb. Orada hər hansı infrastruktur layihələrinin həyata keçirilməsi üçün yolun çəkilməsi birinci növbədə vacibdir.

Bununla bağlı ölkə başçısının xüsusi tapşırığı var. Bir sıra kəndlərdə yollar bərpa edilir. Hazırda işğaldan azad olunan ərazilərimizdə aqrar sektorun inkişafı ilə bağlı müzakirələr gedir, planlar hazırlanır. Bütövlükdə işğaldan azad olunan ərazilərimizin iqtisadi baxımdan bərpası ilə bağlı ayrıca tədbirlər planının olacağı gözlənilir.

Bütün bunlar ondan xəbər verir ki, artıq bir aylıq savaş müddətində əldə etdiyimiz uğurlar bizim üçün yeni bərpa mərhələsi deməkdir. Bu da imkan verəcək ki, Azərbaycan iqtisadiyyatı yeni dövrə qədəm qoysun. Qarabağ Azərbaycan üçün vacib iqtisadi rayondur. Həmin ərazilər iqtisadiyyatımızın daha qısa zamanda qurulmasına imkan verəcək".

Ekspert vurğulayıb ki, bütün bunlar bir daha Azərbaycanın güclü dövlət olduğunu, onun strukturlarının yüksək  şəkildə öz vəzifəsini həyata keçirməyə sadiq olduğunu göstərir:

"İşğaldan azad olunmuş rayonlarımızın elektrik enerjisinin bərpası istiqamətində də işlər gedir. Artıq planlama işləri üzərində ciddi araşdırmalar ortaya qoyulub.

Bu onun göstəricisidir ki, Azərbaycan həmin torpaqları əbədi olaraq işğaldan azad edir. Ermənistanın ən müxtəlif təxribatlarına, əks-hücumlarına baxmayaraq, bizim qəhrəman silahlı qüvvələrimiz torpaqlarımızı işğaldan azad etməkdədir.

Bu, Azərbaycan dövlətçiliyinin gücünü nümayiş etdirir və hər bir Azərbaycan vətəndaşında ciddi əminlik yaradır ki, həmin torpaqlar bundan sonra heç bir halda erməni tapdağında qalmayacaq. Tezliklə Qarabağda yeni həyatın qayıtmasını müşahidə edəcəyik".