Azərbaycan da Ərdoğanın çağırışına səs verəcək

Hamı türk malı alacaq, xeyri qardaşlarımıza qalacaq


Son bir neçə gündür amerikalı rəsmilər, o cümlədən Fransa Prezidenti Emmanuel Makron Türkiyəyə qarşı sanksiyaları gündəmə gətirir, qardaş ölkəni təhdid edirlər. Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələyə toxunub. Qardaş ölkənin dövlət başçısı bəzi Qərb ölkələrini, o cümlədən Fransanı bu problemdə göstərdiyi qeyri-obyektivliyə görə tənqid edib. Türkiyə prezidenti fransız həmkarının psixikasının pozulduğunu deyib. Həmçinin, xalqı fransız mallarını boykot etməyə çağırıb.
Bundan sonra Fransa Türkiyədən səfirini geri çağırıb. Türkiyəyə qarşı bu kimi təhdidlər ilk dəfə deyil və bunun əsas səbəbi Ankaranın artan nüfuzu ilə bağlıdır. Əvvəl S-400-lərlə, daha sonra Türkiyənin Aralıq dənizindəki fəaliyyəti ilə bağlı təhdidlərin şahidi olduq. İndi də Azərbaycanı haqq savaşında dəstəklədiyinə görə qardaş ölkə bu kimi təhdidlərə məruz qalır. O səbəbdən haqq işimizə dəstək verən Türkiyənin yanında olmağımız, əlimizdən gəldiyi qədər dəstək çıxmağımız vacibdir. Ekspertlərin fikrincə, indiki şəraitdə Azərbaycan istehlakçıları alış-veriş zamanı Türkiyə mallarına üstünlük verməklə sanksiyaların qardaş ölkənin iqtisadiyyatına təsirinin azalmasına töhfə vermiş olarlar. Təkcə Azərbaycan vətəndaşları deyil, dünyanın bir çox ölkəsində yaşayan azərbaycanlılar da fransız mallarını boykot edərək, türk məhsullarına üstünlük verməlidir. Digər tərəfdən Türkiyəyə olan xarici investisiyanın 4.2 faizi Azərbaycanın payına düşür ki, bu rəqəmi artırmaq mümkündür. Bunun üçün xaricə sərmayə yönəldən sahibkarlarımızın daha çox Türkiyəyə investisiya yönəltməsi lazımdır. Hər birimiz sanksiyalara məruz qalmış Türkiyə iqtisadiyyatına töhfə verməliyik. 

Türkiyənin üzləşdiyi təzyiqlərlə bağlı “Şərq”ə danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, Qərb ölkələrinin qardaş dövlətə qarşı yanaşmaları utancvericidir. Ekspertin sözlərinə görə, əgər Türkiyə Suriyadan və digər ölkələrdən olan qaçqınların Avropaya axınını dayandırmasaydı, indi AB ölkələrində 4 milyona yaxın əlavə qaçqın ordusu yaranırdı:

“Siyasi, iqtisadi və hərbi cəhətdən Qərb ölkələrinin partnyoru sayılan Türkiyənin bəzi məsələlərdə haqsız yerə ittiham olunması, təhdidlərə məruz qalması qəbuledilməzdir və heç də bütün Avropa ölkələri tərəfindən dəstəklənmir. Almaniya, Macarıstan və s. dövlətlər Türkiyəyə qarşı sanksiya tətbiq olunacağı halda veto hüquqlarından istifadə edəcəklərini açıqlayıblar.

Yəni qardaş ölkəni Avropa daxilində dəstəkləyən qüvvələr az deyil. Amma sırf Fransanın, xüsusən E.Makronun siyasəti daha çox daxili auditoriya üçün nəzərdə tutulub. Onun Dağlıq Qarabağda gedən savaşla bağlı açıqlaması da gələn il baş tutacaq seçkilərə hesablanıb. Fransada sosial məsələlər kifayət qədər ciddidir, pandemiya iqtisadi problemlər yaradıb, işsizlik artıb. Reytinqi 30 faizdən aşağı düşən Makron Türkiyə əleyhinə fikirlər səsləndirərək sosial bazasını artırmağa çalışır”. 

N.Cəfərli hesab edir ki, Türkiyə şirkətlərinə, investisiyalarına Azərbaycanda daha böyük və geniş imkanlar yaradılmalıdır:

“Bununla həm Türkiyə iqtisadiyyatına, həm də öz iş adamlarımıza dəstək vermiş olarıq. Türk şirkətlərinin ölkəmizdə daha çox olması həm keyfiyyətli məhsul, həm də yeni iş yerləri deməkdir. Düşünürəm ki, qardaş ölkə iqtisadiyyatına bu yöndə dəstəyimiz daha faydalıdır”.
Millət vəkili, iqtisadçı Vüqar Bayramov da bildirib ki, aparıcı dövlətlərin qardaş ölkəyə siyasi basqıları Türkiyə iqtisadiyyatına təsirsiz ötüşməyib: “Yaxşı olar ki, bazarlıq edən zaman yerli məhsullarla yanaşı, Türkiyə malları da almaqla qardaş ölkə iqtisadiyyatına dəstək çıxaq. Hamımız türk malı alsaq, xeyir qardaşımıza qalar”. 

Politoloq İlqar Vəlizadə də mövzu ilə əlaqədar fikirlərini bölüşüb. Siyasi şərhçinin sözlərinə görə, hər kəs ilk olaraq özündən başlamalıdır:

“Çalışıram ki, ailəvi olaraq türk mallarını alaq, istifadə edək. Həm də ona görə ki, türk malları çox keyfiyyətli, sınaqdan keçmiş mallardır. Burada geyim malları və texniki avadanlıqların çox davamlı olması xüsusi qeyd edilməlidir.

Türkiyə mallarını almaqla özümüzə yalnız xeyir edə bilərik. Amma məsələyə konseptual yanaşsaq, müxtəlif ölkələrin Türkiyəyə qarşı mövqeyi, səsləndirilən şüarların heç bir əsası yoxdur. Çünki alıcılar əsasən keyfiyyətə üstünlük verirlər, nəinki şüarlara. Türkiyə malları kifayət qədər rəqabətə dözümlüdür.

Pandemiya dövrü olsa da, Azərbaycanla Türkiyədən Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə daşınan malların həcmi artıb. Hazırda Çindən gətirilən mallar Azərbaycan və Türkiyədən daşınır. Bu, nəqliyyat infrastrukturuna da aiddir. Bu ilin sonuna qədər ”Cənubi Qaz Dəhlizi" layihəsi reallaşacaq və Azərbaycanla Türkiyə vasitəsilə Avropaya qaz ötürüləcək. Kim bunun qarşısını ala bilər?!
Bu layihələrə milyardlarla investisiya qoyulub, müxtəlif ölkələrin maraqları var”.