Qarabağda çoxdan terror yuvası salıblar

Hələ 1990-cı illərin kadrlarında erməni tərəfdə vuruşan çoxsaylı muzdlular aydın görünürdü

"PKK-nın hansı dövlətlər tərəfindən maliyyələşdirildiyi məlumdur. Həmin ölkələr eyni formada ermənilərə arxa çıxır, düşməni müdafiə edirlər"


Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə PKK terrorçularının gətirilməsi üçün dəhliz yaradıb. Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev “Daily Sabah” nəşrinə müsahibəsində deyib. O bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində terror düşərgələri var. Ermənistanın istifadə etdiyi taktika qoşunların tərkibində PKK terrorçularının olduğunu göstərir: “Bölgədə tunellərin qazılması, atəş sistemləri, bütün bunlar həmin terror təşkilatına xasdır.

Azərbaycan hərəkət, taktik və xarakterik xarici görünüş baxımından Ermənistan qoşunlarının ilk sıralarında terrorçuların mövcudluğunu müəyyən edib”. H.Hacıyev əlavə edib ki, PKK-nı terror təşkilatı hesab etməyən bütün ölkələr bəşəriyyətə qarşı cinayətlərə öz töhfəsini verir. Terrorçuların Dağlıq Qarabağda Ermənistanla birlikdə döyüşməsi ilə bağlı ciddi sübutlar var. Bu barədə artıq yerli və xarici mətbuatda kifayət qədər faktlar işıqlandırılıb. Ermənistanın istifadə etdiyi terrorçular bir neçə qruplara mənsubdur. Dağlıq Qarabağda döyüşmək üçün Yaxın Şərqdən Ermənistana göndərilən PKK terrorçularına rəhbərliyi Nubar Ozanyan briqadası edir. Bu briqada təşkilatın Suriya qanadı YPG-nin rəhbərliyi altında yaradılıb. Məlumatlara görə, Ozanyan briqadasının üzvləri Azərbaycana qarşı döyüşmək üçün işğal altındakı Dağlıq Qarabağ ərazisinə gedib. Ermənistan yalnız PKK deyil, digər terror qruplaşmalarının köməyindən də istifadə edir. YPG, ASALA silahlı erməni qruplaşması, TİKKO kimi təşkilatlar bu sırada dayananlardandır. Türkiyənin təhlükəsizlik mənbələrinin verdiyi xəbərlərə görə, yüzlərlə terrorçu Azərbaycan qüvvələri ilə döyüşmək üçün işğal altındakı Qarabağ bölgəsinə göndərildiyinin digər nişanələri də mövcuddur. Ekspertlər PKK-nın uzun müddətdir bu ölkənin hərbi əməliyyatlarını dəstəkləmək üçün Ermənistana göndərildiklərini düşünürlər. “Heritage Foundation” təşkilatının rəhbəri Lyuk Koffi tvitində paylaşıb ki, etibarlı mənbədən aldığı məlumata görə, 100-ə qədər PKK üzvü Dağlıq Qarabağda Azərbaycana qarşı Ermənistan tərəfdən döyüşür. Bəs, PKK və YPG terror qruplarının üzvləri Ermənistana niyə gedir? İlk növbədə buna səbəb adlarını qeyd etdiyimiz terror qruplarının liderləri arasında ermənilərin olması ilə bağlıdır. İkinci səbəb isə bu terror qrupları hərbi ehtiyaclarını Ermənistan dövləti vasitəsi ilə təmin etmək istəyir. Ermənistan dövləti də bu yardımı onlara göstərir. Bu terror qruplarının ümumilikdə türk millətlərinə düşmənçilik bəsləmələri də burada rol oynayan faktorlardandır. Ermənistan üçün isə Azərbaycana qarşı terror qruplarından istifadə kifayət qədər əlverişlidir, çünki hazırda Ermənistan ordusunda ciddi çatışmazlıqlar var. Digər tərəfdən terror qruplarının dağlıq şəraitdə daha yaxşı döyüşdüyü məlumdur, Ermənistan da Dağlıq Qarabağın coğrafi şəraitini nəzərə alaraq onlardan istifadə edir. 

Mövzu barədə fikirlərini “Şərq”ə bölüşən politoloq Turan Rzayev vurğulayıb ki, münaqişənin ilk günlərindən Ermənistan Dağlıq Qarabağa başda kürd terrorçu qruplaşmaları olmaqla, ASALA kimi terror təşkilatlarını da cəlb edib. Siyasi şərhçinin sözlərinə görə, hələ 1990-cı illərin kadrlarında erməni tərəfdə vuruşan çoxsaylı muzdlular aydın görünürdü:

“Hətta 90-cı illərin əvvəllərində erməni işğalçıları zəbt etdikləri Laçın ətrafında “Qızıl Kürdüstan” “dövləti” yaratmaq niyyətində idilər. Ermənistan ənənəvi siyasətindən heç vaxt əl çəkməyib, indi də regiona əlavə gücləri çəkməyə çalışır. Əlimizdə olan kifayət qədər dəlil-sübut gösərir ki, Dağlıq Qarabağ ərazisində PKK, PYD və YPG təmsilçiləri özlərinə düşərgə salıblar. Terrorçular işğal altındakı ərazilərimizə boş yerə gətirilməyib. Ermənilər bizə qarşı müharibədə məğlub olacaqlarını əvvəlcədən bilirdilər. Sadəcə, bacardıqları qədər savaşı uzatmağa çalışırlar. Bunun da ən yaxşı yolu bölgəyə terrorçu qruplaşmaları cəlb etmək, Azərbaycan Ordusuna qarşı vuruşan silahlıların sayını mümkün qədər artırmaqdır. Əldən çıxardıqları torpaqlarımızda sonradan bizə qarşı problemlərin yaranmasını, Türkiyə kimi Azərbaycanın da terror aktlarına məruz qalmasını təmin etməyə səy göstərirlər”. 

T.Rzayev vurğulayıb ki, Qarabağdakı PKK-nı maddi cəhətdən Ermənistan təmin etmir. Düşmən ölkə özü iqtisadi cəhətdən bərbad durumdadır:

“PKK-nın hansı dövlətlər tərəfindən maliyyələşdirildiyi məlumdur. Həmin ölkələr eyni formada ermənilərə arxa çıxır, düşməni müdafiə edirlər. Regionda marağı olan kənar qüvvələr bölgədə sabitliyin olmasını istəmir. Biz istənilən anda Türkiyənin prosesə müdaxiləsini təmin etmək üçün PKK faktorundan istifadə edə bilərik. Terror təhlükəsi qardaş ölkənin münaqişəyə qoşulmasını şərtləndirən ən mühüm və leqal amildir. Bu həm də kənar güclərin bölgədəki təhlükəli planlarını alt-üst etmək üçün vacibdir”.